Bu ilin I rübündə Azərbaycanda elektron qaydada yolla dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,1%, fiziki şəxslərin sayı 28,5%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) sayı isə 11,3% çox olub.
Bunu İqtisadi İslahatları Təhlili və kommunikasiya Mərkəzində (İİTKM) keçirilən mətbuat konfransında Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib.
Onun sözlərinə görə, təkcə mart ayında yaradılmış yerli investisiyalı MMC-lərdə elektron qeydiyyatın xüsusi çəkisi 87,8% təşkil edib.
“Bu ilin əvvəlindən başlayaraq dövlət qeydiyyatının (əlavə dəyər vergisi üzrə qeydiyyat və bank hesabının açılması da daxil olmaqla) bir prosedurla tamamlanması mümkündür. Qeydiyyatın həyata keçirilməsi üçün elektron ərizənin elektron imza ilə təsdiq edilməsi zərurəti aradan qaldırılıb, eləcə də qeydiyyatla bağlı əvvəllər mövcud olan bütün prosedurlar ləğv olunub. Nəticədə hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyə azaldılıb, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib”, – Ə.Məmmədov qeyd edib.