Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən, Vergi ödəyicisi vergi tutulan əməliyyatlar və Vergi Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.
Bu maddənin tətbiqinin əsas məqsədi vergi ödəyicisi həm ƏDV tutulan əməliyyatlar, həm də ƏDV-dən azad edilmiş əməliyyatlar apardıqda, ƏDV üzrə əvəzləşdirmənin hansı qaydada hesablandığını müəyyənləşdirməkdir. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparıldıqda və bu əməliyyatlar üçün ayrı-ayrılıqda uçot aparılmadığı halda ƏDV üzrə əvəzləşdirilən məbləğ vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilir.
Amma, ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların ayrı-ayrılıqda uçotu aparıldıqda isə ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara görə ödənilmiş ƏDV-nin məbləği tam məbləğdə əvəzləşdirilir.
Misal 1. ƏDV qeydiyyatında olan vergi ödəyicisinin hesabat ayında ƏDV tutulan əməliyyatlar üzrə dövriyyəsi 150.000 manat, ƏDV-dən azad olan əməliyyatlar üzrə dövriyyə 50.000 manat, ƏDV-yə “0” dərəcəsi ilə cəlb olunan əməliyyatlar üzrə dövriyyə 20.000 manat olmuşdur. Həmin ayda 130.000 manat dəyərində mallar alınmış və EVHF-ləri üzrə ödənilmiş ƏDV məbləği 23.400 manatdır. Hesabat ayında 70 min manatlıq mal istifadə edilmişdir. Sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparılmamışdır. Büdcə ilə əvəzləşdirilməsinə yol verilən və verilməyən ƏDV məbləğini müəyyən edək.
Misalımızdan göründüyü kimi, Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən, vergi ödəyicisinin vergi tutulan əməliyyatları və Vergi Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar olmuş və bu əməliyyatların uçotunu ayrı-ayrılıqda aparmamışdır, Buna görə də ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləğini hesablayırıq.
Qeyd olunan rəqəmlərə əsasən, hesabat ayında ümumi dövriyyə 220.000 manat (150.000 + 50.000 + 20.000 = 220.000), o cümlədən vergi tutulan əməliyyatlar üzrə 170.000 manat (150.000 + 20.000 = 170.000), bu dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisi isə 77,3 faiz ((170.000 : 220.000) x 100% = 77,3%) təşkil edir.
Belə olan halda, mallar əldə edilərkən ödənilmiş 23.400 manat ƏDV-nin vergi tutulan əməliyyatlar üzrə dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyənləşdirilən 18.088 manatı (23.400 x 77,3% = 18.088) büdcədən əvəzləşdirilir və əvəzləşdirilməyən 5.312 manat (23.400 – 18.088 = 5312) ƏDV isə malların dəyərinə aid edilir.
Misal 2. ƏDV qeydiyyatında olan vergi ödəyicisinin hesabat dövrü ərzində ümumi dövriyyəsi 130.000 manat (ƏDV-siz) olmuşdur. Bunun 30.000 manatı ƏDV-dən azad olunan əməliyyat, 10.000 manatı ƏDV-yə sıfır dərəcə ilə cəlb olunan əməliyyat, 90.000 manatı isə ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatdır. ƏDV-dən azad olunan əməliyyatların və ƏDV-yə cəlb olunan əməliyyatların ayrı-ayrılıqda uçotu aparılmışdır. Bu əməliyyatların aparılması üçün həmin hesabat dövründə vergiyə cəlb olunan əməliyyatlar çərçivəsində digər şəxslərdən elektron vergi hesab-fakturaları əsasında alınan mallara (işlərə, xidmətlərə) görə nağdsız qaydada ödəmələr üzrə ƏDV-nin depozit hesabına köçürülən ƏDV-nin məbləği 14.400 manat olmuşdur. 25.000 manat dəyərində isə ƏDV-dən azad edilən əməliyyat çərçivəsində mal idxal etmişdir. Büdcə ilə əvəzləşdirilməyə qəbul edilən ƏDV məbləğini və büdcəyə ödəniləcək vergi məbləğini müəyyən edək.
Misalımızdan göründüyü kimi, Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən, vergi ödəyicisinin vergi tutulan əməliyyatları və Vergi Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar olmuş və bu əməliyyatların uçotunu ayrı-ayrılıqda aparmışdır. Buna görə də mallar əldə edilərkən ödənilmiş 14.400 manat ƏDV tam məbləğdə əvəzləşdirildiyindən hesablanmış 16.200 manat (90.000 x 18% = 16.200) ƏDV məbləğindən əvəzləşdirilən 14.400 manat ƏDV məbləğini çıxdıqdan sonra büdcəyə ödənilməli olan vergi məbləği 1800 manat ( 16.200 – 14.400 = 1800) təşkil edəcəkdir.