Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Əkrəm Həsənov: “Yeni vergilər sahibkarlara ağır yük olacaq”

Əkrəm Həsənov: “Yeni vergilər sahibkarlara ağır yük olacaq”

335
Paylaş

Vergi Məcəlləsinə edilən dəyişikliklər birmənalı olaraq sahibkarların vergi yükünü xeyli artıracaq. Bu əsnada mikro, kiçik və orta sahibkarlıq subyektlərini qorumaq üçün dəyişikliklər layihəsində onlar üçün müəyyən güzəştlər nəzərdə tutulur. Lakin onların kimliyi hələ də məlum deyil.

Virtualaz.org bildirir ki, bunu iqtisadiyyat sahəsində məşhur ekspert Əkrəm Həsənov deyib.

“Belə ki, hələ 1 il əvvəl, 29 dekabr 2017-ci il tarixdə “Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna 4-1-ci maddə (“Sahibkarlıq subyektlərinin meyarlara görə bölgüsü”) əlavə edilərək nəzərdə tutulub ki, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları Nazirlər Kabineti tərəfindən təsdiq edilməlidir. Lakin sonuncu hələ də bunu etməyib və hələ də 5 iyun 2015-ci il tarixli “İri, orta və kiçik sahibkar meyarları”nın təsdiq edilməsi haqqında” qərarı qüvvədədir, halbuki, orada ən azı mikro sahibkarın meyarları müəyyən edilməyib”, – deyə ekspert bildirib.

Ə.Həsənov qeyd edib ki, sahibkarlığa belə yanaşma ilə onu inkişaf etdirmək mümkün deyil: “İlin sonuna 2 həftə qalıb, amma Vergi Məcəlləsinə yeni ildən qüvvəyə minməli olan mühüm əhəmiyyətli dəyişikliklər hələ də rəsmi dərc olunmayıb. Həmin dəyişikliklərin icra mexanizmləri (bir sıra qaydalar qəbul edilməlidir) haqda ümumiyyətlə xəbər yoxdur. Dəyişiklilərin aid olacağı sahibkarlıq subyektlərinin meyarları hələ də məlum deyil…

Belə vəziyyətdə sahibkar işini necə planlaşdırsın? Yeni fəaliyyət ilinə necə hazırlaşsın? Onsuz da qanunvericiliyə, o cümlədən Vergi Məcəlləsinə tez-tez edilən dəyişikliklər sahibkarlara işlərinini uzunmüddətli planlaşdırmağa imkan vermir. Amma heç olmasa bu dəyişikliklərin qəbulu və qüvvəyə minməsi arasında azı 6 ay olmalıdır ki, sahibkar işini yenidən qura bilsin. Bu baxımdan hesab edirəm ki, ediləcək dəyişikliklər ən tezi iyulun 1-dən qüvvəyə minməlidir. Əks halda, sahibkarlar üçün xeyli problem yaranacaq. Bu da nəticədə ölkə iqtisadiyyatının inkişafına xidmət etmir”.