Tütündən 17 min manat gəlir götürən ailə

0
1096

Balakən yayonun Kortala kəndindən olan fermer, ikinci qrup Qarabağ müharibəsi əlili Ramazan Xənmədov uzun illərdir ki, heyvandarlıq və əkinçiliklə məşğul olur. Dövlətin tütünçülüyə dəstəyindən ruhlanan fermer keçən il ilk dəfə 12 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkib.

Tütünçülüyün çox gəlirli sahə olduğunu bildirən Ramazan Xənmədov deyib: “Keçən il sahələrdən 180 ton yaşıl tütün kütləsi tədarük etdik. Bütün xərcləri çıxdıqdan sonra ailəmiz ötən il tütün istehsalından 17 min manat gəlir əldə edib. Bu, ailəmiz üçün çox yaxşı nəticədir. Tütünün alış qiyməti biz fermerləri tam qane edir. Ötən il təsərrüfatımızda 35 nəfər mövsümi işlərə cəlb olunub. Bu il tütün əkini sahələrini daha da artıraraq 20 hektara çatdırmağı düşünürük. Ümid edirik ki, bu il məhsulumuz daha da bol olacaq, ailəmizin gəlirləri artacaq”.

İstehsalçı bildirib ki, ötən il balakənli fermerlər yetişdirdikləri yaşıl tütün kütləsini qurutmaq üçün Zaqatala rayonunda yerləşən emal məntəqəsinə təhvil veriblər. Bu isə əlavə vaxt itkisinə, məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olurdu. “Eşitdik ki, bu il Balakən rayonunda da tütünqurutma kameraları quraşdırılacaq. Bu, biz fermerlərin ürəyincədir. Artıq yetişdirdiyimiz yaşıl tütünü qurutmaq üçün qonşu rayonlara aparmaq məcburiyyətində qalmayacağıq. Tütün istehsalçılarına göstərilən bu qayğıya görə dövlətimizin başçısına minnətdarıq”,- deyə Ramazan Xənmədov bildirib.

© Azərtac