Sarımsaqdan yaxşı mənfəət götürən fermer əkini 8 hektar artırıb

0
850

Üçüncü ildir ki, Salyanda sarımsaq bitkisi becərilir.

Rayon kənd təsərrüfatı idarəsindən bildirilib ki, bu mövsüm rayonda ümumilikdə 29 hektar sahədə sarımsaq əkilib. Bunun da 25 hektarını Yenikənd kənd sakini, fermer Ələddin Fərəcov becərir. Əsasən yerli toxumdan istifadə edən fermer ötən il becərdiyi 17 hektar sarımsaq sahəsinin hər hektardan 10 ton məhsul götürməklə 170 ton məhsul istehsal edib. Məhsuldan yaxşı mənfəət götürən fermer bu il əkin sahəsini genişləndirərək 25 hektara çatdırıb.

Hazırda sarımsaq sahəsində becərilmə işləri aparılır. Bitkiyə nümunəvi qulluq göstərildiyindən sahələrdə bol məhsul yetişir. Torpaq sahibinin dediyinə görə 20-25 gündən sonra məhsul yığımına başlayacaq. İstehsalçısı ötən il olduğu kimi bu il də məhsulu Rusiya bazarlarına göndərəcək. O, bunun üçün sifariş aldığını deyir.

Qeyd edək ki, Ə.Fərəcov növbəti ildə əkin sahəsini 30 hektara çatdırmaq fikrindədir.

© Azərtac