İnvestisiya dəyəri 2 mlrd. manatdan çox olan layihələr üzrə 236 investisiya təşviqi sənədi verilib

1
820

“İndiyədək sahibkarlara investisiya dəyəri 2 mlrd. manatdan çox olan layihələr üzrə 236 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 1162 təsdiqedici sənəd verilib”.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu sözləri  bu gün İqtisadiyyat Nazirliyində Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı keçirilən geniş kollegiya iclasında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə,  8 iqtisadi rayonu əhatə edən investisiya layihələrinin 0,4%-i Bakı şəhərinin, 38,1%-i Bakıətrafı qəsəbələrin və Abşeron rayonunun, 61,5%-i isə digər şəhər və rayonların payına düşür. Layihələrin 38,1%-i kənd təsərrüfatı, 61,9%-i isə sənaye sahələrini əhatə edir. Bu layihələrin reallaşması nəticəsində 16 minə yaxın yeni iş yerinin açılacağı gözlənilir.

O bildirib ki, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 38-i 2017-ci ildə olmaqla, indiyədək 338 sahibkar və menecer Almaniyada 1 ay müddətində “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kursu keçib. Kollegiya iclasında qeyd edilib ki, Proqram çərçivəsində gənc sahibkar və menecerlər 2018-ci ildə də Almaniyada ixtisasartırma kurslarına göndəriləcək: “Aqrar sahədə fəaliyyət göstərən gənc sahibkar və menecerlərdən növbəti qrupu bu ilin fevralında Almaniyaya göndəriləcək”.

1 COMMENT