Azərbaycan və Türkiyə iş adamları Ukraynada birgə investisiya qoyuluşunda maraqlıdır

0
713

Azərbaycan və Türkiyə iş adamları Ukraynada birgə investisiya qoyuluşunda maraqlıdır. AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yangının başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyevlə görüşdə səsləndirilib.

C.Yangın bildirib ki, ümummilli lider Heydər Əliyev öz çıxışlarında Azərbaycan və Türkiyə iş adamlarının üçüncü bir dövlətdə birgə güclü fəaliyyətinin vacibliyini vurğulayırdı.

“Bizim qurum da Azərbaycan və Türkiyə iş adamlarının üçüncü dövlətlərdə layihələri gerçəkləşdirmək istiqamətində fəaliyyətini davam etdirir. Bu ölkələr arasında Ukrayna da prioritet hesab edilir”, – deyə Cemal Yangın əlavə edib.

Öz növbəsində səfir A.Xudiyev Azərbaycan və Türkiyə iş adamlarının Ukraynada iri layihələrdə iştirakı üçün hər cür dəstək verməyə hazır olduğunu bildirib. Səfir qeyd edib ki, Ukraynada biznes mühiti var, etibarlı tərəfdaşlarla birgə investisiya qoyuluşunu həyata keçirmək olar.

“Azərbaycan və Türkiyə arasında əlaqələr bütün sahələrdə yüksək səviyyədə inkişaf edir. Hər iki dövlətin iş adamlarının üçüncü ölkələrdə investisiya qoyuluşu olduqca önəmli və stratejidir. Bu layihələr Azərbaycan və Türkiyə iqtisadiyyatına əlavə dividentlər gətirər”, – deyə A.Xudiyev əlavə edib.

Görüşdə iş adamları üçün maraqlı olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.