“Facebook”un rəhbəri Mark Zukerberq və həyat yoldaşı Pristsilla Çan “Microsoft”un təsisçilərindən olan Bill Qeytsin xeyriyyə fondu ilə birlikdə koronavirusun müalicəsi üçün dərmanların tapılmasına 25 milyon dollar ayıracaqlar.
Bu barədə Zukerberq və Çan CBS telekanalına müsahibələrində bildiriblər.
“Bunu mümkün qədər tez başlamaq üçün biz Qeyts və başqaları ilə birlikdə 25 milyon dollar ayıracağıq”, – deyə Çan qeyd edib.
Zukerberq isə əlavə edib ki, tapılan dərman bir neçə xəstəliyin müalicəsində istifadə oluna bilər.
“Əslində təhlükəsiz hesab olunan mövcud preparatları götürərək, onların koronavirusa yoluxmanın qarşısını alıb-almadığını və ya simptomları nə dərəcədə yüngülləşdirdiyini yoxlamaq olar”, – deyə “Facebook”un rəhbəri bildirib.