Bakı Ali Neft Məktəbinin (BANM) dosenti və tələbələrinin yaratdığı “ThermoNorth” startapı ABŞ-ın “GIST” (“Global Innovation through Science and Technology”) biznes inkubasiya proqramına qəbul olunub.
İnkubasiya proqramının əsəs məqsədi dünya üzrə ən güclü elm və texnologiya startaplarını Amerikaya cəlb etmək və biznes tərəfini inkişaf etdirmək üçün onlara kömək etməkdir.
“ThermoNorth” layihəsi Hyustonda yerləşən “The Station Houston” və Vaşinqtondakı “WeWork” dünyaca məhşur startap mərkəzlərində inkişaf etdiriləcək.
“ThermoNorth” startap ideyası əsasən BANM-in dosenti Əmir Reza Vaxşurinin vaxtilə müdafiə etdiyi dissertasiya işindən yaranıb. Startap layihəsinin formalaşması və inkişafında BANM-in Kimya mühəndisliyi ixtisasının məzunları Elmar Əsgərzadə, Hüseyn Əliyev, Murad Rəhimov, Aleksandr Oborovskiy və Yadigar Nəzərov iştirak edir.
Layihənin əsas məqsədi elmi araşdırma ilə əldə olunmuş yeni enerji depolayıcı maddənin köməyilə maşın mühərrikini uzun müddət optimal temperaturda saxlamaqdan ibarətdir. Hər bir maddə mikro ölçüdədir və bu enerji depolayıcı maddələr mikro ölçüdə kapsullaşdırılıb. Bu hissəciklər kiçik “enerji akkumulyatoru” rolunu oynayır.
Mühərriki optimal temperaturda saxlamaq isə hazırda soyuq iqlim şəraiti olan ölkələrdə mühərriklə bağlı mövcud olan bir sıra problemləri həll edir. Məsələn, artıq yanacaq sərfiyatı, mühərrik detallarının sıradan çıxması və enerji batareyasının ömrünün azalması və s.