Bakı Konres Mərkəzində Dövlət Turizm Agentliyinin (DTA) və Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə ilk Milli Turizm Sammiti keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, tədbirinin birinci hissəsində Azərbaycanın yeni milli turizm brendinin təqdimatı ilə yanaşı, yeni marketing strategiyası, qarşıya qoyulmuş məqsədlər, hədəflər və planlar haqqında məlumat verilib.
Tədbirdə çıxış edən DTA-nın sədri Fuad Nağıyev qurumun 6 aydır fəaliyyət göstərdiyini, bu qısa müddət ərzində turizm sahəsinin əsas istiqamətləri üzrə görülən işlər, həmçinin turizm təhsili, ixtisaslı kadr hazırlığı, statistikanın yaxşılaşdırılması, xidmət sahəsinin təkmilləşdirilməsi, turizmdə müasir informasiya texnologiyalarının tətbiqi, hədəf bazarlarda nümayəndəliklərin açılması kimi məsələlərlə bağlı gələcək planlar haqqında məlumat verib.
Daha sonra Azərbaycanın qlobal bazarda tanıdılması üçün ilkin addım olaraq hazırlanan yeni turizm brendi təqdim olunub. Yeni brendin əsas simvolları bir-birilə əlaqəli şəkildə təqdim olunan yeni loqo və şüar olacaq.
Azərbaycanın yeni turizm loqosu olan “a” hərfi “Azərbaycan” sözünün ilk hərfi olmaqla yanaşı, öz formasına görə də brendin mahiyyətini çatdırır. Loqo daim yenilənəcək və təqdim olunacağı platformaya uyğunlaşdırıla biləcək. Azərbaycanın yeni turizm brendinin “Yenidən fərqli baxışla bax” (“Take another look” – ing.) olan əsas şüarına uyğun olaraq diqqətlə və yenidən baxdıqda loqo barədə daha dəqiq təsəvvürə malik olmaq mümkündür.