Əsas səhifə Xəbərlər Digər xəbərlər Yapon ekspert Azərbaycanın investisiya imkanlarından danışıb

Yapon ekspert Azərbaycanın investisiya imkanlarından danışıb

21
Paylaş

Fevralın 8-də Tokionun Otemaçi rayonunda yerləşən “Fuji Sankei Hall” biznes mərkəzində təşkil edilən XI Dünya Aktivlərin İdarə Olunması Yarmarkası keçirilir.

Tanınmış iş adamı Şinobu Naito tərəfindən təşkil olunan yarmarkada əsasən yapon sərmayəçilər üçün maraqlı ola biləcək xarici ölkələr barədə məlumat verilir. Təqribən minə yaxın iş adamının iştirak etdiyi bu yarmarkada Azərbaycanın da investisiya imkanları müzakirə edilib.

Bu barədə Yaponiyadakı bürosuna investisiyalar üzrə tanınmış ekspert, “Yaponların tanımadığı, sürətlə inkişaf edən ölkə – Azərbaycan” bələdçi kitabının müəllifi Kazuyasu İşida məlumat verib.

Tədbir zamanı ölkələrin iqtisadiyyatı, yerli qanunvericilik və bu ölkələrə investisiya qoyuluşu ilə bağlı seminarlar keçirilir.

Builki yarmarkada dörd seminar təşkil olunub və onlardan birincisi K.İşidanın təqdimatı ilə baş tutub. Həmin seminarda Azərbaycanın iqtisadi potensialı, həyata keçirilən nəhəng beynəlxalq layihələr, bu ölkəyə investisiya qoyuluşu ilə bağlı mövcud şərait, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlar barədə ətraflı məlumat verilib. Eyni zamanda, Azərbaycanın turizm obyektləri, mədəni-tarixi abidələri, əsrarəngiz təbiəti və əvəzedilməz mətbəxi barədə danışılıb.

Seminar çərçivəsində K.İşidaya məxsus “YouTube” kanalı barədə də məlumat verilib. Qeyd edilib ki, həmin kanalda Azərbaycan barədə yerləşdirilmiş videomateriallar ölkəmiz haqqında daha çox informasiya əldə etmək istəyənlər üçün maraqlı ola bilər.

Seminardan sonra K.İşidanın müəllifi olduğu “Yaponların tanımadığı, sürətlə inkişaf edən ölkə – Azərbaycan” bələdçi nəşrinin və “Dəyişmək üçün əla yol – bunu bacarmıram” kitabının müəllif tərəfindən imzalanması mərasimi keçirilib.