Yağışdan enerji alan 15 yaşlı ixtiraçı Reyhan

Date:

Paylaş:

Reyhan Camalova: “Dünyanı lərzəyə gətirəcək kəşflər etmək istəyirəm”

Hər bir yaradılışın məqsədi, vəzifəsi olduğuna inanır. Deyir ki, nə külək boşuna əsmir, nə yağış, nə də ildırım məqsədsiz çaxır. Ona görə, ətrafımızda nə görürüksə, hər birindən yeni kəşflər, insanlığa yararlı ixtiralar düzəltmək olar. Sadəcə, məqsədli olmaq, istəmək, araşdırmaq və düşünmək lazımdır.

Müsahibimiz15 yaşlı ixtiraçı Reyhan Camalovadır. Reyhan 9-cu sinifdə oxuyur. Yaşıdları oyuncaqla oynayarkən, 5 yaşından o, kiçik “ixtira”lar etməyə başlayıb. “Robotlar”, kağızlardan xüsusi qurğular düzəldib. Qeyri-adi istedada malik bu gənc gələcəkdə dünyada dönüş yaradacaq layihələrə imza atmağı, “Nobel” mükafatını qazanmağı qarşısına məqsəd qoyub.

Yağış suyunu enerjiyə çevirən qurğu- Rainergy

Reyhan “Rainergy” layihəsi ilə gündəmə gəlib. Rainergy yağışdan elektrik enerjisi alan cihazdır. Deyir ki, yağış suyu xüsusi filtrlərdən keçdikdən sonra içməli su kimi də istifadə oluna bilər: “Hazırda dünyada alternativ enerji mənbələrindən istifadə geniş yayılıb. Elə sözügedən ”Rainergy”cihazı da alternativ enerji mənbəyi olaraq yağışdan elektrik enerjisi alır, yağışlı bölgələrdə yaşayan insanların enerji tələbatlarını ödəyir. Bu cihazın işləmə prinsipi hidroelektrik stansiyaların işləmə prinsipinə bənzərdir və buradan alınan enerji akkumlyatorda toplanır ki, daha sonra insanlar bu enerjidən ehtiyacları olduqları zaman istifadə etsin. Cihaz küçə lampalarının və reklamların gecələr işıqlandırılmasında da istifadə oluna bilər”.

Müsahibimizin sözlərinə görə, ixtira daha çox yağışlı bölgələr üçün nəzərdə tutulub: “Filipin, İndoneziya həmçinin Hindistanın bəzi bölgələri üçün çox əlverişlidir. Əsas prinsipi yağışdan enerji alınır. Hətta yağış suyu da xüsusi filtirlərlə təmizləndikdən sonra içməli su kimi də istifadə oluna bilər. Hindistanın bəzi bölgələri quraqlıq, bəzi bölgələri isə çox yağışlıdır. Toplanan su daha sonra quraq ərazilərə göndərilə bilər ki, orada insanlar istifadə edə bilsin. “Rainergy” yağış suyunu həm enerjiyə çevirir, həm də təmizləyib içməli su halına gətirə bilir”.

Yağışdan niyə enerji almayaq?!

Reyhan deyir ki, ixtirasını atası ilə birlikdə düşünüb ərsəyə gətirib: “Ailəm mənə çox dəstək olub. Adi kağız parçasından maket düzəltdikdə belə, məni tərfiləyib, özgüvən yaradıblar. Atam həkimdir və elmi araşdırmalarda çox maraqlıdır. Hər dəfə onunla nələrisə müzakirə edir, elmi araşdırmaları izləyir, bununla bağlı filmlərə baxırdıq. Bütün ideyalarımı birinci atama danışır, məsləhətləşirdim. “Rainergy” də belə meydana gəldi. Hazırda dünyada alternativ enerji mənbələrinə ehtiyac çoxalıb. Avropanın bir çox ölkələrində günəş panellərindən, külək enerjisindən çox istifadə edirlər. Günəş, külək, hətta çaylardan da enerji almaq mümkündür. Yağışdan niyə almayaq? Layihəni hazırladıq və müsabiqələrə qatıldıq”.

“Uğur qazanmasan belə, təcrübə qazanacaqsan”

Həmsöhbətimizin sözlərinə görə, startap yarışmalarına baş vurmazdan əvvəl, 10 layihə ətrafında düşünür, birini seçib müraciət edirmiş. Lakin özünün inandığı “Rainergy”ni məsləhətləşdiyi heç bir dostu, müəllimi dəstəkləməyib: “Sinif yoldaşlarım, məsləhətləşdiyim insanlar bu layihəyə inanmırdı. Müzakirə edərkən 10 layihədən elə birinci “Rainergy”ni çıxdaş edirdilər. Amma mən məhz ona inanırdım. Hər dəfə pessimistliyə qapılanda anama zəng vururdum. Anam deyir ki, qızım, əgər inanırsansa, hisslərinin arxasınca get. Ətrafın sənə təsir etməsinə imkan vermə. Öz fikrin, ideyanla hərəkət et. Uğur qazanmasan belə, təcrübə qazanacaqsan. Anamı dinlədim və bu layihə həqiqətən sevildi, uğur qazandı”.

“Tamaşaçıların ən sevimli startapı”

Reyhan həmçinin Climatelaunchpad yarışmasının ən gənc iştirakçısıdır. Deyir ki, bu yarışmaya baş vurduqda qalib olacağına inanmırdı: “Bu layihə dünyanın ən böyük yaşıl biznes ideya müsabiqəsidir. İlk dəfə Azərbaycan bu il müsabiqəyə qatıldı. Bu layihədə iştirak etdim. İki günlük kamp oldu. Burada yeni biliklər, ilkin biznes anlayışlarını öyrəndik. Daha sonra 10 həftəlik təlimlər oldu bu təlimlərdə cihazımızı genişləndirdik. Finalda ingilis dilində gözəl təqdimatımız oldu. “Rainergy” layihəsi Climatelaunchpad-in Azərbaycan finalında “Tamaşaçıların ən sevimli startap” adına layiq görüldü. Orada qazandığım ən böyük nailiyyət təcrübə idi”.

Gənc ixtiraçı deyir ki, “Rainergy”nin prototipi hazırda 22 led lampanı işıqlandırır: “Bu da təqribi 22 watt enerji deməkdir. Biz hazırda bu enerjini çoxaltmağın üzərində işləyirik. Bəzi ölkələrdə enerji həddindən artıq bahadır. Bunun üzərində işləyib enerjini çoxaltdıqdan sonra çox az pul xərcləməklə enerji ala biləcəyik”.

“İstedad bütün uşaqlarda var”

Reyhanın anası Ulduz xanım deyir ki, qızı uşaqlıqdan fərqli olub və ailə olaraq da hər zaman ona dəstək olublar: “O, hələ körpəlikdən yaşıdlarından seçilirdi. Hər dəfə mənə deyirlər ki, siz necə tərbiyə edirsiniz ki, uşaq kəşf etməyə, ixtiraya maraqlı olur? İnanın fərqli heç nə etmirik. Hər dəfə cəmiyyətə xeyirli övladlar yetişdirməyi arzulamışam. Övladlarımın cəmiyyətə, insanlığa xeyirli olmasını istəmişəm. Bu, mənim həyat devizim olub. Övladlarımızı da o ruhda tərbiyə etmişik. Valideynlər uşaqda özgüvən yaratmalı və hər zaman onların yanında olduqlarını bildirməlidirlər. Biz Reyhanın özünə inanması üçün hər dəfə onunla söhbətlər aparmışıq. Atasıyla münasibətlərinin dost kimi olması Reyhana bu gün uğur qazandırır. Elmə marağının olmasında da atasının çox böyük dəstəyi olub. Daha sonra özünün çalışqanlığı və şansı ona yol açıb. Bütün uşaqlarda müəyyən istedad var. Sadəcə, valideynlər onu aşkara çıxarmağa dəstək olmalı və övladlarında özgüvən hissini yaratmalıdırlar”.

“Dünyada iz qoymaq istəyirəm”

Gələcək planlarlından danışan gənc ixtiraçı deyir ki, dünyada özündən sonra Lütfizadə kimi iz qoymaq istəyir: “Ən böyük arzum bütün dünyanı lərzəyə gətirəcək kəşflərə imza atmaqdır. İnanıram ki, kiçik ixtiralarım məni bu yola aparır. İnsanlığa xeyri olan biri olmaq istəyirəm”.

Reyhan bu il Qlobal Sahibkarlıq Sammitinə öz ixtirası ilə qatılacaq: “Hazırda layihə Qlobal Sahibkarlıq Sammitinin tərkibində keçiriləcək “GİST catalyst pitch” müsabiqəsində iştirak edir. İctimai səsvermə noyabrın 24-ə qədər keçiriləcək. Qeydiyyatdan keçmiş 66 layihədən 32-si yarımfinala çıxmaq hüququ qazanacaq”

Qeyd edək ki, sammit noyabrın 28-30 tarixlərində Donald Trampın qızı İvanka Trampın iştirakı ilə Hindistanda Heydərabad şəhərində baş tutacaq. “İlk növbədə qadınlar, tərəqqi hamı üçün” şüarı altında keçiriləcək sammitdə qadın sahibkarların dəstəklənməsi və iqtisadi artımın dünya səviyyəsində saxlanması müzakirə ediləcək.


 

©kaspi qəzeti

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...