Cari ildə Azərbaycanda xurma istehsalının ən azı 15 faiz artacağı proqnozlaşdırılır.
Bunu Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qədir Yusifov deyib.
O, Azərbaycanda kənd təsərrüfatının intensiv artımını vurğulayıb: “Bu sahə ilə məşğul olan regionların 95 faizində ağacların düzgün budanmasına diqqət ayrılıb, kənd təsərrüfatı ziyanvericiləri ilə kompleks mübarizə aparılır”.
Q.Yusifov bildirib ki, payızda meyvə ağaclarına vaxtında əlavə gübrə verilməsi yaxşı məhsul almaq baxımından çox vacibdir.
Xurmanın ixrac edildiyi ölkələrə gəlincə, Assosiasiya sədri Moldova, Belarus, Ukrayna, Rusiya, Qazaxıstan, həmçinin ərəb ölkələrinin adını çəkib.
O deyib ki, ölkə daxilində xurmaya tələbat ildə ən azı 20 min ton təşkil edir: “Gələcəkdə istehsalın yaxşılaşdırılması və inkişafı üçün istehsalatın, qablaşdırmanın modernləşdirilməsi də daxildir”.
Qeyd edək ki, 2018-ci ilin yekunları üzrə Azərbaycanda xurma istehsalı təqribən 200 min ton təşkil edib. Ötən il xurma ixracının ümumi dəyəri 114 milyon dollar olub ki, bu da 2017-ci ildəki göstəricidən 17 faiz çoxdur. Cari ilin ixrac dəyəri təqribən 26 milyon dollar təşkil edib.