Əsas səhifə Məqalələr “Xoşbəxt olmaq öhdəliyi”: işdə pozitivlik niyə zərərlidir?

“Xoşbəxt olmaq öhdəliyi”: işdə pozitivlik niyə zərərlidir?

83
Paylaş

Həyatsevər əməkdaşlar – bu yaxşıdır, amma düzgün deyil.

İstənilən vəziyyətdə xoşbəxtliyi qoruya bilmək – müasir işçilərin öhdəliklərindən biri kimidir. “İşdə necə olmaq lazımdır” kitabının həmmüəllifləri, araşdırmaçılar Andre Spayser və Karl Sederstrem belə hesab edirlər ki, bu təhlükəlidir. Kitabın başlıqlarından birində xoşbəxtliyin faydası barədə məlumatlar var.

Bu yaxınlarda işlədiymiz hər iki şirkətdə motivasiyaya həsr olunmuş seminar keçirildi. Hər iki tədbirdə məruzəçilər demək olar ki, şən əhvalın tərəfdarı kimi çıxış etdilər. Onlardan biri belə izah etdi ki,  xoşbəxt olmaq işdə insanı daha gümrah, məhsuldar edir və hətta  xidmətdə yüksəlişə də səbəb ola bilir.

Firmalar xoşbəxtlik təlimi keçənlərə, komanda və ya oyunların təşkili ilə məşğul olanlara, şənlik məsləhətçilərinə və “xoşbəxtlik direktorları”na pullar xərcləyirlər. Bu məşğuliyyət və vəzifələr gülməli, hətta çox qəribə də gələ bilər, amma şirkətlər buna çox ciddi yanaşırlar. Bəs belə də olmalıdırmı?

Bəli, elm də sübut edib ki, şən insanlar çox istisna hallarda qovulma ilə üzləşirlər, müştəriləri məmnun edə bilirlər, daha sağlam olurlar və daha çox işin öhdəsindən gələ bilirlər. Amma məlum olub ki, bir çox hallarda iş yerlərində xoşbəxt olmaq sanki bir öhdəlik və ya vəzifə kimi qəbul edilir.

Xoşbəxtlik arxasınca qaçmaq uğurlu nəticə verməyə bilər. Bu əziyyətli və dəhşətlidir. XVII əsrdən bəri insanlar bildirirlər ki, xoşbəxt olmaq istəyi onlar üçün icrası mümkünsüz olan ağır yükə çevrilib. Xoşbəxt görünməyə çalışmaq bizi daha da bədbəxt edir. Bu yaxınlarda aparılan psixoloji eksperiment də bunu təsdiqləyib. Araşdırmaçılar iştirakçılardan xoşbəxtlik hissi oyadan bir filmə baxmağı istəyiblər: film yarışmalarda medal qazanan idmançıdan bəhs edirdi. Amma filmə baxmazdan qabaq onlar həyatda xoşbəxtliyin vacibliyi barədə olan açıqlamanı ucadan oxumalı idilər. Məlum oldu ki, filmə baxan həmin adamlar film bitəndən sonra özlərini daha az xoşbəxt hiss ediblər. Belə ki, xoşbəxt olmaq öhdəliyə çevriləndə və insanlar bunu bacarmayanda özlərini daha pis hiss edirlər.

Bu müasir dünyaya xas problemdir, axı indiki zamanda xoşbəxtlik mənəvi borc kimi təqdim olunur. Fransalı filosof Paskal Brunker belə deyib: “bədbəxtlik – sadəcə bədbəxtlik deyil, daha pisidir: xoşbəxt olmaq uğrunda uğursuz cəhd”.

Əgər müştərilərə xidmətlə bağlı işlərdə, məsələn, çağrı mərkəzlərində və ya kassada işləmisinizsə, iş başında həyatsevər olmağın öhdəliklərinizdən biri olduğunu yəqin ki, bilirsiniz. Bu nə qədər sıxıcı olsa da birbaşa müştərilərlə işlədiyiniz halda lazımlıdır. Amma bugünümüzdə birbaşa müştərilərlə işləməyən əməkdaşlar da xoşbəxt görünməyə vadar edilirlər. Bu gözlənilməz nəticələrə gətirib çıxara bilər. Araşdırmalardan birinin nəticəsi onu göstərib ki, şən əhval-ruhiyyədə olanlar eksperimentin narazı iştirakçıları ilə müqayisədə yalanı üzə çıxarmaqda çətinlik çəkirlər. Başqa bir araşdırmada isə məlum olub ki, danışıqlar zamanı gərgin olanlar şən olanlara baxanda daha yaxşı nəticələr əldə ediblər. Bu, onu təsdiqləyir ki, xoşbəxtlik işimizin bütün aspektlərində və ya müəyyən bacarıqlar tələb olunan istənilən fəaliyyət növündə  heç də həmişə yaxşı nəticə vermir. Bəzi hallarda isə bu, hətta nəticələri daha da pisləşdirə bilər.

Şənlik rəhbərinizlə münasibətlərinizi korlaya bilər. Belə olmaqla işdə bəzi məqamlarda biz artıq gözlənilmədən rəhbərimizə sanki həyat yoldaşımız və ya valideynimiz kimi rəftar etməyə başlayacağıq.Özünün KİV araşdırmasında Susanna Ekmann müəyyən edib ki, işin onları xoşbəxt etdiyinə inanan əməkdaşlar çox vaxt “emosional aclıq” yaşayırlar. Onlar menecerin daim onları tərifləməsini və dəstəkləməsini istəyirlər. Bu olmadıqda isə onlar qəzəblənirlər. Yəni belə gözləntilərin (rəhbərin sizi sevindirməsi) özü belə sizi emosional olaraq zəiflədir.

Xoşbəxtlik dostlarınız və ailə üzvlərinizlə münasibətlərə də zərər gətir bilər. Özünün “Cold Intimacies” kitabında professor sosioloq Eva İlluz işdə daha emosional olmaq istəyinin yan təsirlərindən danışır. Belə olanda əməkdaşlar öz şəxsi həyatlarına da iş tapşırığı kimi yanaşırlar. İlluzun söhbət apardığı insanlar şəxsi münasibətləri korporativ alətlər və texnikaların köməyi ilə diqqətlə idarə edilməli olan layihə kimi qəbul ediblər. Nəticədə onların şəxsi həyatları daha da soyuq olub. Onların çoxu vaxtlarını evdə deyil işdə keçirməyi üstün tutublar.

Xoşbəxtlik, işi itirmək kimi bir hadisəni əsl faciəyə çevirə bilər. İşə xoşbəxtlik mənbəyi  və həyat mənası kimi yanaşanda ondan asılı olmağa başlayırıq. Sosioloq profesor Riçard Sennett öz araşdırmasında qeyd edib ki, işlərini özlərinin əsas sərvət mənbəyi kimi qəbul edən insanlar qovulandan sonra daha çox şok yaşayırlar. Onlar təkcə işlərini və gəlirlərini deyil xoşbəxtlik vədlərini də itirirlər. Beləliklə də işə xoşbəxt olmaq vasitəsi kimi baxanda da biz dəyişikliklərə qarşı emosional cəhətdən zəif oluruq.

Xoşbəxtlik bizi həm də eqoist edə bilər. Maraqlı bir araşdırmanın nəticəsi onu göstərib ki, bəzi hallarda sevincli olmaq insanı heç də səxavətli etmir: lotoreya biletləri təqdim olunan araşdırma iştirakçılarından biletlərin nə qədərini özlərinə saxlayıb, nə qədərini isə başqalarına verərdilər deyə soruşulduqda məlum olub ki, onlardan xoş əhval-ruhiyyədə olanlar daha çox bileti özlərinə götürüblər.

Bundan başqa, sevinc hissi bizi tənha edə bilər. Araşdırmalardan birində psixoloqlar insanlardan iki həftə ərzində ətraflı gündəlik tutmağı istəyiblər. Araşdırmanın sonunda alimlər müəyyən ediblər ki, şən olmağı üstün tutanlar özlərini ona az əhəmiyyət verənlərdən daha çox tənha hiss edirlər. Demək, xoşbəxtliyə can atmaq bizi təcrid olunmuş kimi hiss etməyə vadar edir.

Bununla belə, biz hələ də inanırıq ki, şənlik iş mühitinə müsbət təsir göstərir. Bəs bunun səbəbi nədir?  Ona görə ki, bu həm kənardan xoş görünür, həm də onun sayəsində münaqişələrdən, daha ciddi problemlərdən qaçmaq mümkündür. Xoşbəxt əməkdaşların daha yaxşı işlədiyini düşünəndə bəzi sualları kənara atmış oluruq. Belə olmaq mənfi münasibətləri qaydasına qoymağın, korporativ mühitin xoşagəlməz insanları ilə yola getməyin ən rahat yoludur. Bundan başqa, məsələn, qovulma kimi çətin qərarlardan qurtulmaq üçün əla bir üsuldur. Barbara Erenreyx də özünün “Bright-Sided kitabında  təsdiqləyir ki, xoşbəxtlik böhran və kütləvi ixtisarlar zamanı müsbət nəticələr verir.

İşimizin bizi həmişə xoşbəxt etdiyinə əmin olmalıyıq. Əslində iş də həyatımızın digər aspektləri kimi bizdə çoxlu hisslər yaradır. Sevinc hissi də təbii ki, əla hissdir, amma olmadığı halda onu sehirli çubuğun köməyilə əldə etmək mümkün deyil. İşimizdə nə qədər az xoşbəxtlik axtarışında olsaq onu əldə etmək imkanımız da bir o qədər çox olar – yəni, “işgəncəli” və süni deyil, təbii və xoş olan. Ən əsası isə belə olan halda biz ciddi işə daha yaxşı hazır olmuş olacağıq və onu  özümüzün görmək istədiyimiz kimi deyil, olduğu kimi görəcəyik.