Əsas səhifə Biznes Müsahibə Xırdavat satışından başlayıb 27 yaşında öz şirkətini quran gənc

Xırdavat satışından başlayıb 27 yaşında öz şirkətini quran gənc

4238

Emin Quluzadə deyir ki, indiki gənclərin əsas problemi real rəqabət olmayan dövrdə işə başlamaları, “köpüklü” maaşlar almalarıdır.

Sevdiyi işlə məşğuldur. Düşünür ki, sevdiyi işlə məşğul olub maliyyə cəhətdən özünü təmin etmək böyük bir xoşbəxtlikdir. Elə uğurunun da əsas səbəbini bunda görür. Müsahibimiz PeopleBrand və Digitalbr@nd şirkətlərinin rəhbəri Emin Quluzadədir.

– Emin bəy, bir az keçmişə qayıdaq. İlk işə nə vaxt başlamısınız?

– Tələbəlik vaxtında metro stansiyalarının birində yer götürüb xırdavat satırdım. Bunu ilk işim saymaq olar. Universiteti qurtarandan sonra da müxtəlif şirkətlərdə çalışmışam. 24 yaşımda ilk dəfə öz işimi qurdum: çox sayda xarici korporativ müştərisi olan informasiya agentliyinin brendi altında tərcüməçiliklə məşğul olan xidmət açdım.

– Beynəlxalq münasibətlər, maliyyə, kreativ liderlik üzrə ayrı-ayrılıqda üç təhsil almısınız. Hər üçü də bir-birindən fərqli…

– Universitetə daxil olanda 16 yaşım var idi. Fikrimdə bir neçə istiqamət var idi. Onlardan biri diplomatiya idi. Uşaqlıqdan xarici xəbərlərlə maraqlanır, atamın aldığı “İzvestiya” qəzetindən həmişə xarici xəbərləri və valyuta kurslarını oxuyurdum. İkinci istiqamət isə beynəlxalq iqtisadi münasibətlər idi. Sənədlərimi indiki Dövlət İqtisadiyyat Universitetinə vermək istəyirdim. Öyrəndim ki, beynəlxalq iqtisadi münasibətlər fakültəsində birinci və ikinci kurslarda ali riyaziyyat dərsi keçilir. Riyaziyyatı sevmədiyimdən ixtisas seçimində birinci yerdə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini yazdım və ora qəbul olundum.

Ailəmizin maddi vəziyyəti yaxşı olmadığından universiteti bitirəndə pul qazanmaq arzum karyera qurmaq arzumdan önə keçdi. Bir il valyutadəyişmə məntəqəsində işləyəndən sonra bezdim və öz-özümə sual verdim ki, “40 yaşında da valyuta dəyişmə məntəqəsində işləmək istəyirsən?”. Maaşımın yaxşı olmasına baxmayaraq, işdən çıxdım. Yenidən kompyuter və ingilis dilimin üzərində çalışmağa başladım. Bir müddət işsiz qaldım. İkinci təhsil almaq üçün İqtisadiyyat Universitetinin maliyyə və iqtisadiyyat fakültəsinə qəbul oldum. O vaxt məni bank sektorunda marketinq maraqlandırırdı. Buna görə sənədlərimi sözügedən fakültəyə verdim. Təhsil çox aşağı səviyyədə idi. Kağız parçasından başqa çox cüzi bir şeylər əldə etdim. Sonra qısa müddətdə bank sektorunda çalışdım və bankda işləmək mənim dünyagörüşümə uyğun olmadığından bu sektordan da uzaqlaşdım. Sonra qısa müddətə bir neçə şirkətdə çalışdım.

– Deyəsən, xeyli yerdə çalışmısınız. İşinizi tez-tez dəyişməyiniz nədən irəli gəlirdi?

– İşlədiyim şirkətlər məni qane etmirdi. Çünki inkişaf edə bilmirdim. Xüsusilə yerli şirkətlərin çoxu ətalətlidir. Rəqabət olmadığına görə hansısa inkişafa investisiya qoymaq istəmirdilər. Konteynerlərlə malı gətirib topdansatışa verməklə pullarını alıb ciblərinə qoyur, bununla işlərini bitmiş hesab edirdilər. Bəlkə də bu, iş adamını qane edirdi, amma mən bir gənc mütəxəssis kimi inkişaf etmək istəyirdim. İşlədiyim şirkətlərdə isə bu, çox çətin idi. İşləmək, inkişaf etmək, karyeramda irəliləmək istəyirdim. Sonra təxminən bir il konsaltinqlə məşğul oldum. Tanış sahibkarlara marketinq üzrə müəyyən məsləhətlər verirdim.

– İş həyatınız boyunca tez-tez iş dəyişmisiniz. Tez-tez iş dəyişməyin müsbət və mənfi cəhətləri hansılardır?

– Bu, səbəblərdən asılıdır. Ümumiyyətlə, tez-tez iş dəyişməyə yaxşı baxmıram və yəqin sahibkarların çoxu buna yaxşı baxmır. Düşünürlər ki, belə adamı işə götürsələr, onların da şirkətini tez tərk edəcək. Amma məsələyə daha dərindən baxmaq lazımdır. Azərbaycan reallığında mən buna normal yanaşıram. Öz təcrübəmdən çıxış edib deyə bilərəm ki, mən heç vaxt işlədiyim şirkətlərdən, daha yüksək maaşlı iş təklifi aldığıma görə getməmişəm. Karyera nöqteyi-nəzərindən səhv olsa belə, hansısa işdən çıxandan sonra bir neçə ay işsiz qalmışam, yəni, hardasa iş tapıb köhnə iş yerimi tərk etməmişəm. Həmişə işdən bezib çıxmışam və çıxdığıma görə indi də peşman deyiləm. Bilirəm ki, həmin iş yerlərinin hansındasa qalsaydım, “paslanacaqdım”.

Şəxsən mənim tez-tez iş dəyişməyimin müsbət tərəfinə gəlincə, fərqli sahələrdə işlədim. Avtomobil, gül, hədiyyə sektorundan tutmuş FMSG sektorunda distribyutorluğa qədər müxtəlif şirkətlərdə çalışmışam. Hazırda müştərilərimiz arasında sözügedən sahələri təmsil edən şirkətlər var. Bu sahələrdən məlumatlı olmağım işimizə müsbət təsir göstərir.

Mənfi tərəfi odur ki, tez-tez iş dəyişəndə insan özündə bir az yarımçıqlıq hiss edir. Normalda insanlar nə isə qurub yaratdıqlarına görə işlərindən zövq almalıdırlar. Adam iş yerini dəyişəndə isə öz fəaliyyətini, bacarığını göstərə bilmir və bu, onun ürəyində görə bilmədiyi bir iş kimi qalır.

– Bəs necə oldu ki, öz işinizi qurmaq qərarına gəldiniz?

– Özümə sual verdim ki, nə qədər iş dəyişmək olar və 27 yaşımda öz işimi qurmağa qərar verdim. Öz işimi qurmaq istəyimin bir səbəbi də sərbəstlik əldə etmək idi. Düzdür, elə bilirdim ki, sahibkar olanda çox sərbəstlik əldə edəcəm. Amma təbii ki, elə deyil. Sahibkar olanda məsuliyyətin daha da artır, daha ağır işin altına girirsən. Bir də ki, sərbəstlik nisbi anlayışdır; bu dəfə də müştərilərin qoyduğu məhdudiyyətlərlə razılaşmalı olursan.

Beləliklə, marketinq xidmətləri göstərən PeopleBrand şirkətini qurduq. Müştərilərimizə bazar araşdırmasından tutmuş media monitorinqə qədər bir çox xidmətlər təklif edirdik.



– 27 yaşda şirkət yaratmaq sizcə, tez deyil?

– Şəxsən mənim üçün tez idi. Buna görə çox səhvlərə yol verdim. Şirkət olaraq ilk 3 ilimiz çox çətin keçdi, çox silkələndik. Bu illər sırf təcrübə yığmalı olduq. Baxmayaraq ki, kiçik biznes sahəsində müəyyən qədər təcrübəm var idi, amma sözügedən işi qurmaq mənə görə tez idi. Amma bəzi insanlar üçün, sahələr üçün 27 yaş tez deyil. Məsələn, Bill Qeys “Microsoft”u yaradanda 23 yaşı olub. Əslində bu sahə yeni olduğuna görə, Bill Qeyts üçün sözügedən startapı yaratmaq tez deyildi. Ümumiyyətlə, iş qurmağın tez olması sahədən, insandan, onun təcrübəsindən və iqtisadi mühitdən asılıdır.

– Almaniyada Berlin Kreativ Liderlik MəktəbindəEMBA (biznesin idarə edilməsi üzrə magistr) təhsili almısınız. Necə oldu kreativ liderlik ixtisası üzrə təhsil almağa qərar verdiniz?

– Əslində, 2000-ci illərdə də xaricdə oxumaq istəyim olmuşdu, amma maddi imkansızlıq səbəbindən gedə bilməmişdim. Arzum ürəyimdə qalmışdı. 2007-ci ildə Kolumbiya Universitetinin Dubayda təşkil etdiyi üç günlük intensiv Üstün Marketinq Menecment kursuna getdim. Orada gördüm ki, biz Azərbaycanda “öz şirəmizdə qaynayırıq”, elə bilirik, dəhşətli işlər görürük… Düzdür, həmişə internet vasitəsilə oxuyub maariflənməyə çalışırdım. Amma orada gördüm ki, biz tamam başqa, dünya tamam başqadır. Həmin kursda iştirak edəndən sonra qərara gəldim ki, xaricdə təhsil almağın vaxtı çatıb. 2008-ci ildə Almaniyada Steynbeys Universitetinin nəzdindəki Berlin Məktəbində sözügedən proqramda təhsil almağa başladım. Onu da deyim ki, proqramın şərtlərindən biri budur ki, heç olmasa, orta səviyyədə rəhbər vəzifəsində çalışmalısan.

– Almaniyada təhsil almağınız sizə və şirkətinizə nə verdi?

– İlk növbədə dünyagörüşümü artırdı. Əslində buna alman təhsili demək olmaz. Təhsil proqramı qlobal olduğundan, modullar Berlin, Tokio, Nyu York və Los Ancelesdə keçirilirdi, “Siemens”dən tutmuş, “Google”, “Sony”, “Mandalay Entertainment” kimi şirkətlərin, dünyanın ən iri marketinq holdinqlərinin rəhbərləri ilə görüşürdük. Qrupumuzda dünyanın 13 ölkəsindən 20 nəfər idik. Mən təkcə nəzəriyyədən deyil, qrup yoldaşlarımla ünsiyyətdən də çox şey öyrəndim. Onların hər biri şirkətlərdə müəyyən vəzifələr tutan adamlar, sahibkarlar idilər. Orada gördüm ki, biz Azərbaycanda sanki ləngidilmiş kino lentində yaşayırıq. Bizim bir işi tez görməyimiz onlarınkından 3-4 dəfə ləngdir.

EMBA təhsili almağım mənə də, şirkətimizə də çox şey verdi və bu ərəfədən tamam başqa bir şirkətə çevrildik. 2007-2008, hətta, 2009-cu illərdə gördüyümüz işlərə və mən təhsil alandan sonrakı işlərimizə baxıram, fərq çoxdur.

– Neftin ucuzlaşması ilə bağlı yaranan vəziyyətdən sonra gənclərimizin bir çoxu sanki ruhdan düşmüş kimidir. Onlara nə tövsiyə edərdiniz?

– Gənclərin (söhbət 30 yaşa qədər olanlardan gedir – E.Q.) indiki problemi ondadır ki, onlar iş fəaliyyətinə neft gəlirlərinin pik vaxtında başlayıblar. Real rəqabətin olmayan vaxtına düşüblər, “köpüklü” maaşlar alıblar. Universiteti bitirən kimi işəgötürəndən min manatdan aşağı maaş istəməyiblər. Hansı ki, bir il belə təcrübələri olmayıb. Orta vəzifədə işləyənlər arasında 2000-3000manat maaş alanlar var idi. Buna görə belə adamlara indi bir az çətindir. Amma bu, onlar üçün yaxşıdır. İndiki vəziyyətlə gənc yaşlarında üzləşmələri daha yaxşıdır, nəinki 50-55 yaşlarında. İnanın 27-30 yaş olanda hər şey hələ qabaqdadır. Bu baxımdan düşünürəm ki, gənclərimiz nikbin olmalı, depressiyaya düşməməlidirlər. İndiki vəziyyət bir tərəfdən ona görə yaxşıdır ki, ruslar demiş, “soyuq duş”kimi insanları reallığa qaytarır. Bu, hamımıza aiddir. Beyinlər işləyəcək, daha real sektorlar üzə çıxacaq…

– Emin bəy, Azərbaycanda belə bir tendensiya var ki, çox bacarıqlı, savadlı gənclər bir çox hallarda karyera pillələrində irəliləyə, qabağa gedə bilmirlər… İş görmək üçün bacarığı olmayan, amma özünü yaxşı reklam etməyi, özünü “satmağı” bacaran adamlar isə rəhbər vəzifələrə qədər yüksələ bilirlər. Sizcə, insan özünü “satmağı” bacarmalıdırmı?

– Əslində mən problemi tərsinə görürəm: indi gənclərimiz arasında öz üzərində işləmək əvəzinə, özünü satmaq üzərində işləmək məsələsi geniş yayılıb. Artıq bu, trend halını alıb. Yəni hansısa peşəni öyrənmək, real biliklər əldə etmək əvəzinə, dərdləri daha çox özlərini reklam edib satmaqdan ibarətdir. 24-25 yaşındakı gənclər elə sahələr üzrə treninq keçirlər ki, digərlərini öyrətmək üçün həmin sahədə böyük təcrübənin olması mütləqdir. Biznes riyaziyyat deyil ki, nəzəriyyəni öyrənib, sonra biliyini bölüşəsən. Biznes mühəndislikdir, təcrübə istəyir. İki il təcrübəsi olmayan insanlar treninq keçir, özlərini satır, PR edirlər. İnanın ki, həmin adamları işə götürsən, şirkətə fayda verə bilməyəcəklər. İndi hamı internet vasitəsilə özünü reklama keçib, nəticədə ortada süni bir köpük yaranıb. Yəni ortada dəyər yoxdur, amma dəyər satanlar var… Yaxşı, bu dəyəri yarat, sonra sat da… Bu treninq keçir, o treninq keçir. Axırda işləyən qalmayacaq, bir birlərinə treninq keçəcəklər (gülür – L.M.). Əgər belələri rəqabət olan yerə getsələr, batacaqlar. Çünki orada onlardan real iş görmək tələb ediləcək. Əlbəttə, mən bunu hamıya şamil etmirəm. Amma belə insanlar həddindən artıq çoxdur.

Gənclərə məsləhət görərdim ki, özlərini reklam etməkdənsə, öz üzrlərində işləsinlər, real bilik, təcrübə toplasınlar. Baxın, Tural Bədirxanlı (Namo Media, Twitter), Samir Sadıxov (dizayner), Teymur Sadıxov (NASA) kimi gənclərimizi öz sahələrində uğur qazananadək kim tanıyırdı? Heç kəs. Çünki, illər boyu boş PR əvəzinə hər gün öz təhsilləri, peşələri üzərində zəhmət çəkirdilər. Özünü “satmaq” heç vaxt gec deyil. Əsas odur ki, qızıl satasan, qızıl suyu yox.

– Özlərini kifayət qədər yetişdirib “sata bilməyən” gənclərimizə nə məsləhət verərdiniz?

– Vakuum var, yəni, biliyi, təcrübəsi olanlar həmin bu vakuumu doldurmayanda, nə iləsə dolmalıdır və “parıldayan mütəxəssislərlə” dolur. Təəssüflər olsun ki, bir çox işəgötürənlərin seçə bilmək, namizədləri yoxlamaq üçün kvalifikasiyası o qədər yüksək deyil. Onlar mahiyyətinə baxmadan “parıldayanı” seçirlər.

Bacarığı olub özünü “sata bilməyənlərə” gəlincə, onlara yalnız məsləhət verməklə iş düzəlmir. Çünki bu,xasiyyətdən, xarakterdən irəli gəlir. Məsələn, ünsiyyətcil olsam da, mənim də xasiyyətimdə özümü reklam etmək istəyi azdır. Əslində belə bir kompleksin olması düzgün deyil. Xasiyyətini dəyişə bilməsən də, bəzən özünü sındırmalısan, ən azından kompleksini əzməlisən. Təbii ki, şəxsiyyətini dəyişməmək şərti ilə… Hansısa sahədə nəyəsə nail olmaq istəyirsənsə, sənə xoş gəlməsə belə, bunu etməlisən.

– Ənənəvi sualımıza gələk. Uğur sirriniz nədədir?

– Mən sevdiyim işlə məşğulam. Sevdiyin işlə məşğul olmaq böyük bir xoşbəxtlikdir. Marketinq, biznes, sahibkarlıq çox stressli olsa da, sevdiyim işdir. Sevdiyin işlə məşğul olub maliyyə cəhətdən özünü təmin etmək çox gözəldir. Məncə, uğurumun əsas səbəbi budur.

Bizim işimiz həm də yaradıcılıqla bağlıdır. Müştərilərimiz üçün hər dəfə yeni ideyalar düşünürük, konveyr işi edə bilmirik, bunu istəmirik də. Bizim üçün keyfiyyət ön plandadır. Böyük pul qazanmaq üçün keyfiyyətsiz işlər görməklə biznesimdən zövq almayacağamsa, bu iş mənə lazım deyil. Düşünürəm ki, bu qədər stresin qarşısında işimdən zövq ala bilmək haqqımdır. Stresin qabağında robot kimi işləmək istəmirəm. Ondansa, gedib hardasa vəzifədə çalışaram. Bir sözlə, işimdən zövq almasaydım, yəqin uğurlu ola bilməzdim.

24 yaşında 4 şirkət yaradan Azərbaycanlı gənc

©kaspi.az