Xarici ölkədə ödənilən verginin Azərbaycanda vergi ödənilərkən nəzərə alınması

Date:

Paylaş:

Vergi Məcəlləsinin 127-ci maddəsi xarici ölkədə ödənilən verginin Azərbaycanda vergi ödənilərkən nəzərə alınmalı olan qaydalarını müəyyənləşdirir. Məcəllənin 127.1-ci maddəsinə əsasən, rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır və 127.2-ci maddəyə əsasən, Vergi Məcəlləsinin 127.1-ci maddəsinə uyğun olaraq nəzərə alınan məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən və ya mənfəətdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Vergi Məcəlləsinin bu maddələrinin tətbiqinin əsas məqsədi rezidentlərin Azərbaycanda vergi ödəyərkən xarici ölkədə ödədikləri verginin nəzərə alınması qaydalarını müəyyən etməkdən ibarətdir, yəni ikiqat vergitutmanı aradan qaldırmaqdır. Belə ki, Vergi Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, rezident vergi ödəyicilərinin gəlirləri Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirlərdən ibarətdir. Azərbaycan Respublikasının rezidenti digər ölkələrdə Azərbaycan mənbəyindən olmayan gəlirlərindən həmin ölkələrin qanunvericiliyinə əsasən vergi ödəyir.
Vergi Məcəlləsinin 127.1 və 127.2-ci maddələrinin müddəalarına uyğun olaraq, rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır, lakin nəzərə alınan məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən və ya mənfəətdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır. Nəzərə alınan məbləğ fiziki şəxslərin gəlir vergisi bəyannaməsinin 1247-ci sətrində (“Xarici ölkələrdə ödənilmiş və nəzərə alınan gəlir vergisinin məbləği”) və hüquqi şəxslərin mənfəət vergisi bəyannaməsinin 245-ci sətrində (“Xarici ölkə¬lərdə ödənilmiş və nəzərə alınan mənfəət (gəlir) vergisinin məbləği”) göstərilir.

Misal 1. Azərbaycan rezidenti olan fiziki şəxs gəlir vergisi dərəcəsinin 15 faiz olduğu ölkədə kommersiya fəaliyyəti ilə məşğul olur. Bu fiziki şəxs həmin ölkədəki fəaliyyətindən cari ildə 10.000 manat ekvivalentində gəlir əldə edib. Onun kommersiya fəaliyyəti ilə məşğul olduğu ölkədə ödədiyi gəlir vergisinin məbləği 1.500 manat (10.000 x 15% = 1.500) təşkil edib. Bu halda Azərbaycanda vergi ödənilərkən nəzərə alınacaq vergi məbləğini müəyyən edək.

Azərbaycan qanunvericiliyinə əsasən, bu məbləğdən ödənilməli olan gəlir vergisinin məbləği 2.000 manat (10.000 x 20% = 2.000) olduğundan, həmin fiziki şəxs xarici ölkədə verginin tutulduğunu təsdiq edən sənəd təqdim etməklə ödəməli olduğu verginin məbləğini xaricdə ödənilmiş 1.500 manat (10.000 x 15% = 1.500) məbləğində azalda bilər. Bu halda ödənilməli olan verginin məbləği 500 manat (2.000 – 1.500 = 500) təşkil edəcək.

Misal 2. Azərbaycan rezidenti olan müəssisə öz daimi nümayəndəliyi vasitəsilə mənfəət vergisi dərəcəsinin 22 faiz olduğu ölkədə kommersiya fəaliyyəti ilə məşğul olur. Bu müəssisə həmin ölkədəki fəaliyyətindən cari ildə 30.000 manat ekvivalentində mənfəət əldə edib. Onun daimi nümayəndəliyinin yerləşdiyi ölkədə ödədiyi mənfəət vergisinin məbləği 6.600 manat (30.000 x 22% = 6.600) təşkil edib. Bu halda Azərbaycanda vergi ödənilərkən nəzərə alınacaq vergi məbləğini müəyyən edək.

Azərbaycan qanunvericiliyinə əsasən, bu məbləğdən ödənilməli olan mənfəət vergisinin məbləği 6.000 manat (30.000 x 20% = 6.000) olduğundan, həmin fiziki şəxs xarici ölkədə verginin tutulduğunu təsdiq edən sənəd təqdim etdikdə xaricdə ödənilmiş 6.600 manat (30.000 x 22% = 6.600) mənfəət vergisinin 6.000 manatı (30.000 x 20% = 6.000) Azərbaycanda vergi ödənilərkən nəzərə alınacaq, 600 manatı (6.600 – 6.000 = 600) isə nəzərə alınmayacaqdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...