İllərdir xarici ölkələrə səyahət edirəm və bu səfərlərin əksəriyyətini özüm planlaşdıram. Bura həm təyyarə biletinin alınması, otelin bron edilməsi, viza (Şengen, ABŞ vizası), hansısa xidmətlərin alınması və s. daxildir.
Səfərlərə sərf olunan vəsaiti öz cibimdən xərclədiyimdən (və hələlik multi-milyoner olmadığımdan) çalışıram qənaətcil və sərfəli səyahət planlayım. Və mövcud olan saysız-hesabsız vebsaytlar və mobil tətbilərlə bu işləri rahatlıqla həyata keçirmək olur. Son 5 ildə səfər etdiyim 22 ölkə, 60a yaxın şəhər təcrübəsinə dayanaraq faydalı ola biləcək məlumatları bölüşürəm:
Təyyarə, avtobus biletlərinin alınması
1. Kiwi.com
Çox maraqlı platformadır. Bunun vasitəsilə siz dünyanın istənilən yerinə təyyarə bileti ala bilərsiniz. Platformanın özəlliyi ondadır ki, siz səyahət üçün konkret tarix və şəhər seçməyə də bilirsiniz. Məsələn, iyul ayında Barselonaya getmək istəyirsiniz, sizə maraqlı olan həmin ayda ən ucuz biletlərin hansı tarixlərlə olmasıdır. Siz Kiwi.com-da istədiyiniz vaxt aralığını seçirsiniz və platformsa sizə ən ucuz tarixləri və qiymətləri göstərir. Məsələn, İyulun 28-i üçün Bakı-Barselona reysinə qiyməti $320 göstərir. Amma siz 25-31 iyul tarixlərini axtarsanız görəcəksiniz ki, 30 iyulda Bakı-Barselona reysi $180 qiymətinə mövcuddur.
Və ya siz konkret Barselonaya deyil də, o ətrafda olan istənilən şəhərə gedə bilərsiniz. Bu zaman da platforma sizə ən ucuz reyslə hansı şəhərə gedə biləcəyinizi göstərir. Digər bir özəllliyi isə “Nomad” funksiyasıdır. Siz Avropanın 4 şəhərinə getmək istəyirsiniz, amma hansının birinci və ya ikinci olmasının sizə önəmi yoxdur. O zaman “Nomad” funksiyasını seçib, getmək istədiyiniz şəhərləri qeyd edirsiniz, platforma sizə ən ideal marşrutu təqdim edir. P.s. Online təyyarə bileti alarkən diqqət olunmalı əsas məqamlar tranzit keçəcəyiniz şəhərdə qalma müddəti və icazə verilən baqajın həcmidir. Bəzən daha ucuz olan reyslərdə tranzit olaraq 5-10 saat, hətta 24 saatadək gözləmə vaxtı olur ki, bu da insanı xeyli yorur. Həmçinin, daha ucuz tapdığınız reyslər adətən low-cost aviaşirkətlərin xidməti olur ki, orada da baqaj ya daxil edilmir, ya da kiçik çantaya icazə verilir. Nəzərə alın ki, low-cost aviaşirkətlərdə belə, siz böyük baqajlar apara bilərsiniz, sadəcə olaraq əlavə ödəyəcəyiniz məbləği öncədən hesablayın ki, sonra “üzü astarından baha başa gəlməsin”.
2. Omio
Avropaya səyahət edənlər üçün faydalı platformadır. A və B şəhərlərini və tarixi seçirsiniz, platforma sizə təyyarə, avtobus və qatarla nə vaxt və neçəyə səyahət edə biləciyinizi göstərir.
3. Rome2Rio
Rome2Rio da sizə A məntəqəsindən B məntəqəsinə necə gedə biləciyiniz göstərən platformadır, özəlliyi ondadır ki, lap kiçik detallara qədər sizə yol göstərir. Məsələn, mən qeyd edə bilərəm ki, Yeni Günəşlidə “Qartalın yanından” çıxmaq istəyirəm və Parisə Eyfel Qülləsini görməyə gedirəm. Platforma sizə addım-addım taksi, təyyarə, avtobus və s. istifadə etməli olduğunuz nəqliyyat növlərini göstərəcək. Digər bir üstünlüyü, təklif etdiyi nəqliyyat vasitələrinə təxminən nə qədər xərciniz çıxacaq, ayrı-ayrılıqda onu da göstərir.
Əlavə olaraq təyyarə bileti almaq üçün Momondo, Skyscanner və s. kimi bir neçə populyar platformalar da mövcuddur ki, istifadə rahatlığına, dizaynına və s. özəlliklərinə görə kimlərə istifadə etmək daha rahat gələ bilər.
Avropada və ABŞ-ın bəzi şəhərlərində avtobusla səyahət üçün Flixbus-dan istifadə edə bilərsiniz. Rahat avtobus və Free wifi səyahəti daha maraqlı edir.
Otel born edilməsi
4. Booking.com
Booking.com otel bron edilməsi üçün illərdir istifadə etdiyim platformadır. Siz dünyanın demək olar istənilən nöqtəsi üçün otel və ya hostel bron edə bilirsiniz, əksər otellər bron-u pulsuz ləğv etmə imkanı verir. Məsələn, iki ay sonra Praqaya gedəcəksiniz, Praqada gedəcəyiniz tarixlər üçün bəyəndiyiniz 2-3 oteli bron edə bilirsiniz (öncədən bron edəndə adətən qiymət daha ucuz olur), səfərə çıxmağa 1 həftə qalmış son seçiminizi edin, bir oteli saxlayın və digərlərini ləğv edin. P.s. Otelləri born edərkən pulsuz ləğv etmə imkanı verib-vermədiyinə və əgər imkan verirsə hansı tarixədək buna icazə verdiyinə diqqət edin. Booking.com-da bir neçə otel born edib, istifadə etdikdən sonra siz loyallıq proqramı “Genius”a qoşulursunuz. Üstünlüyü olaraq, sizə seçilən otellərdə endirimlər, pulsuz səhər yeməyi və s. təklif edir.
Viza almaq
Şengen və ABŞ vizası almaq əksər azərbaycanlının arzusudur, amma viza alarkən, xüsusən ABŞ vizası alarkən bir çox dostlarımın problemlə üzləşdiyini, vizadan imtina almasını görürəm.
İndiyədək 2 dəfə ABŞ vizasına müraciət etmişəm. Hər ikisində tələb olunan sənədləri özüm toplayıb, səfirliyə müraciət etmişəm və hər ikisində müsbət cavab alaraq 1 illik viza almışam. Səfərin məqsədi olaraq marketinq tədbirində, startap tədbirində iştirak etmək olduğunu bildirmişəm və rahatlıqla viza əldə etmişəm. Doğrudur, 5 rəqəmli əməkhaqqı alan, ölkənin böyük holdiqlərində yaxşı vəzifələrdə çalışan dostların heç bir səbəb göstərilmədən imtina almasının şahidi olmuşam. Ona görə konkret olaraq bunu edin və viza alacaqsınız deyə bilməyəcəm. Deyə bilərəm ki, ABŞ səfirliyinin diqqət etdiyi əsas məqamlardan biri ABŞ-a həqiqətən turist olaraq və ya işlə bağlı getməyiniz və ölkəyə qayıdacağınıza inanmaqdır. Bunu inandıra bilsəniz adətən viza verilir. Vizadan imtina alanların ddiyi əsasən o olur ki, səfirlik həmin şəxsin ölkəyə bağlılığı ilə bağlı yetərli səbəb tapmır və sizin potensial olaraq ölkədən qaçdığınızı düşünür.
Şengen visası almaq ABŞ vizasına nisbətdə daha asandır. Şengen vizalarımı da özüm sənəd hazırlayaraq müraciət etmişəm və hər zaman müsbət cavab almışam. Sadəcə iki dəfə, işlərimin çoxluğundan Vizam.az-a müraciət etmişəm və sənədləşmə işlərini onlar həll edib. Şengen vizası almaq üçün də səfərinizin aydın məqsədi (bu turitsik səfər də ola bilər, mütləq hansısa beynəlxalq tədbirə getdiyinizə inandırmağa ehtiyac yoxdur, məs, Nou Camp stadionunu görməyə gedirəm 🙂 deyə bilərsiniz), balansınızda səfərə kifayət edəcək qədər vəsait olmalıdır.
Təbii ki, siz rəqəmsal dünyanın dostusunuzsa, internetdə axtarış etməyi, araşdırmağı sevirsinizsə o zaman yuxarıda qeyd etdiyimiz və bunlarabənzər platformalarda sərfəli səyahət planları hazırlaya bilərsiniz. Yox əgər vaxtınız azdırsa və ya bunu sevmirsinizsə o zaman turizm şirkətlərinə müraciət etsin, bu işləri sizin üçün görsünlər.
Orxan Rzayev