İstanbulda qeyri-qanuni taksilər çoxalmağa başlayıb. Şəhər hökumət dairələri isə qanuni taksilərə kömək etmək əvəzinə bazarın “pirat” taksilər seqmentinin daha da inkişaf etməsinə təkan veriblər.”Hürriyət” qəzeti xəbər verir ki, onların bazarının çiçəklənməsinə şəhərdə “Uber” taksi sifarişi həyata keçirən mobil tətbiqə qadağa qoyulması səbəb olub.
Yerli qanuni taksilər assosiasiyasına görə, təkcə İstanbulda 5000-dən çox “pirat” maşın fəaliyyət göstərir. Uber “ban” olunduqdan sonra onlar WhatsApp-da müştərilərlə əlaqə yaradıblar.
Lisenziyası olan qanuni taksilərin sayı təxminən 17 500 olduğundan 15 milyon əhalisi olan bir meqapolisdə “pirat” taksilərə tələb artmaqda davam edəcək, “Hürriyət”qəzeti qeyd edir.
İstanbul məhkəməsi 2019-cu ilin oktyabrında şəhər ərazisində “Uber”in fəaliyyətinə qadağa qoyub. Qərara görə, bu tətbiq azad rəqabət qaydasını pozur. Məhkəmə, tərtibatçı-şirkətin xidmətini dayandırıb saytını bağlaması barədə də qərar çıxarıb.
“Uber”ə qadağa qoyulması nəticəsində sərnişin daşımalarına icazənin qiymətində də artım müşahidə olunub. Bugün lisenziya medalyonunu təxminən 2,1 mln. lirəyə və ya 351 000 dollara əldə etmək olur. 2019-cu ilin əvvəlindən məbləğ 55% artıb.