Əsas səhifə Vergi Vergilər “e-kassa.gov.az” saytını yaradır – MÜSAHİBƏ

Vergilər “e-kassa.gov.az” saytını yaradır – MÜSAHİBƏ

56

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdə Vergilər Nazirliyinin elektron informasiya sisteminə məlumat ötürməyə imkan verən yeni nəsil onlayn kassa aparatlarının quraşdırılması nəzərdə tutulub. Dəyişikliyə əsasən, pərakəndə ticarət və ictimai iaşə obyektlərində, yanacaqdoldurma məntəqələrində hesablaşmalar yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə həyata keçiriləcək və pul hesablaşmaları barədə məlumatlar internet üzərindən Vergilər Nazirliyinin bazasına ötürüləcək.  

Vergilər Nazirliyinin Rəqəmsal vergi inzibatçılığı departamentinin Onlayn kassa aparatlarının monitorinqi şöbəsinin rəhbəri Zaman Məmmədov bununla bağlı suallarımızı cavablandırır.

– Zaman müəllim, Vergilər Nazirliyi 2019-cu ildə elektron nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində yeni hədəflər müəyyən edib. Bunlardan biri yeni nəsil kassa aparatlarının tətbiqidir…

– Vergilər Nazirliyi elektron xidmətlərin, informasiya texnologiyalarının tətbiqi və rəqəmsal inzibatçılığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Müasir texnologiyalar vergi sistemində qurulan işin daha keyfiyyətli müstəvidə aparılmasına, o cümlədən sahibkarlıq subyektlərində şəffaf nəzarət sisteminin qurulmasına xidmət edir. Rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsinin daha bir mühüm istiqaməti yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi ilə bağlıdır. Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə Vergilər Nazirliyinin elektron informasiya sisteminə məlumat ötürməyə imkan verən yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi nəzərdə tutulub. Əməliyyat sisteminə malik olan bu müasir avadanlıq hesablaşmalar haqqında məlumatı Vergilər Nazirliyinə real vaxt rejimində çatdırmaq imkanına malikdir.

– Onlayn kassanın üstünlükləri nədən ibarətdir?

Yeni nəsil nəzarət-kassa aparatlarından istifadənin bir çox üstünlükləri var. Bu sistem vergitutma sahəsində şəffaf sistemin qurulmasına, kassa əməliyyatlarının uçotunun düzgün aparılmasına, bununla bağlı məlumatların asan əldə olunmasına və bu sahədə nəzarətin təkmilləşdirilməsi məqsədinə xidmət edir. Onlayn kassaların tətbiqi ilə məlumatların Vergilər Nazirliyinin informasiya bazasında avtomatlaşdırılmış rejimdə ötürülməsi təmin ediləcək ki, bu da vergi ödəyicilərinin yoxlanılmasına sərf olunan vaxt və inzibati xərclərin azaldılmasına gətirəcək. Kassa əməliyyatları haqqında məlumatlar real vaxt rejimində ötürüldüyündən, bu, vergi yoxlamalarının da sayının əsaslı dərəcədə azaldılmasına səbəb olacaq. Məlumatların toplanmasında və ötürülməsində elektron sistem insan faktorunu əvəz edərək əməliyyatların sürətli, şəffaf və sistemləşdirilmiş olmasına yol açacaq.

Yeni kassa aparatlarından istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına, dövriyyəyə nəzarətin tam təkmilləşdirilməsinə və bunun sayəsində dövlət büdcəsinə daxil olan vəsaitlərin həcminin artmasına imkan yaradacaq. Sistem sahibkarlar üçün də rahat və əlverişli nəzarət mexanizminin qurulmasına şərait yaradır. İş adamları uçot və əməliyyat sisteminə nəzarətin təkmilləşdirilməsinə nail olacaq, daxili audit sisteminin sadələşdirilməsinə zəmin yaranacaq. Yeni kassaların istehlakçılar üçün də üstünlükləri var. Belə ki, istehlakçılar xüsusi mobil əlavədən (QR-kod reader) istifadə etməklə kassa çekində yerləşdirilmiş QR-kodun surətini çıxararaq və ya e-kassa.gov.azsaytındakı “Çekin yoxlanılması” bölməsinə çek məlumatlarını daxil etməklə çekin elektron nüsxəsini əldə edə biləcəklər. Məlum olduğu kimi, pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti üzrə nağd və nağdsız ödənişlər edən vətəndaşlar ödənilən vergi məbləğinin bir hissəsi ilə bağlı vergi güzəştləri əldə etmək imkanına malik olacaq. Bu baxımdan, alış-veriş zamanı alıcılara çeklərin düzgün təqdim edilməsi çox vacibdir. Təbii olaraq, bu, vətəndaşlardan da fəal vətəndaş mövqeyini tələb edir. Bütövlükdə onu vurğulamaq istərdim ki, Azərbaycanda da belə bir innovativ metodun tətbiq edilməsi hər kəs üçün faydalı olacaq.

– Bu kassalar necə işləyir və onların tətbiqi hansı obyektlər üçün nəzərdə tutulub?

– Onlayn kassaların fəaliyyəti üçün əsas şərtlər onların internet bağlantısının olması və Vergilər Nazirliyinin nəzarət mexanizmi qurğusu (şərti olaraq “token”) adlanan cihazın quraşdırılmasıdır. Nəzarət mexanizmi qurğusu vergi orqanlarının elektron informasiya bazasına məlumatların ötürülməsini təmin edən qurğudur. Xarici görünüşü adi yaddaş kartlarına bənzəyir. Bu qurğu onlayn kassanın və onun istifadəçisinin müəyyənləşdirilməsi, kassa sənədlərinin yığılması və saxlanılması, o cümlədən satış əməliyyatları haqqında məlumatın Vergilər Nazirliyinin elektron informasiya bazasına ötürülməsini təmin edir.

Yeni nəsil kassa aparatlarının tətbiqi ilə kassa qəbzinin də formatına tələblər dəyişir. Belə ki, satılmış mal/xidmət haqqında informasiyadan başqa, kassa çeki QR-kodu özündə əks etdirməlidir. QR-kod çekin həqiqiliyini yoxlamağa imkan verir. Birinci mərhələdə Windows, Linux, Android əməliyyat sistemlərinə malik kassa aparatlarının tətbiqi planlaşdırılır. Əgər hansısa obyektdə satışların qeydiyyatını aparmağa imkan verən, onlayn kassalara qoyulan tələblərə cavab verən, Vergilər Nazirliyinin məlumat bazası ilə inteqrasiya imkanlarına malik kassa funksiyasını yerinə yetirən avadanlıq varsa, bu halda yeni kassa avadanlığının alınması tələb olunmur. Aparılan təhlillər göstərir ki, bir sıra obyektlərdə tələblərə uyğun kassa funksiyasını yerinə yetirən avadanlıq mövcuddur. Belə obyektlərin sahibləri operatorun texniki dəstəyi ilə istifadə olunan avadanlığı və proqram kassalarını yeni qaydalara uyğunlaşdırıb, həmçinin xidmət göstərən operatordan nəzarət mexanizmi qurğusunu əldə etməklə fəaliyyətinə davam edəcəklər.

Yeni nəsil kassa aparatlarına keçid mərhələli şəkildə həyata keçiriləcək. Bununla bağlı xüsusi keçid qrafiki qəbul ediləcək. Bütövlükdə proses yerləşmə zonasından və təsərrüfat subyektlərinin fəaliyyət növlərindən asılı olaraq həyata keçiriləcək. Mərhələli şəkildə nəzarət-kassa aparatı tətbiq etməli olan bütün təsərrüfat subyektləri prosesə cəlb olunacaq. Hazırda Vergilər Nazirliyi yeni nəsil kassa aparatları ilə bağlı ətraflı məlumatın çatdırılması üçün “e-kassa.gov.az” saytının yaradılması üzrə iş aparır. Bu sayt istifadəçilərə onlayn kassalar barədə yaranan suallara cavab tapmaqda kömək edəcək. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər həmin saytda yerləşdiriləcək qrafik üzrə yeni kassalardan istifadəyə keçidlə ətraflı tanış olacaqlar.

– Yeni nəsil kassa aparatlarını əldə etmək üçün hara müraciət olunmalıdır?

– 2019-cu ilin ikinci rübündən etibarən kassa aparatlarının qeydiyyatını yalnız yeni qaydalar üzrə aparmaq mümkün olacaq. Bunun üçün proqram kassa sisteminin operatoruna (NKA operatoru) müraciət etmək lazım gələcək. NKA operatoru Vergilər Nazirliyinin müəyyən etdiyi tələblərə cavab verən və nazirlik tərəfindən qeydə alınmış hüquqi şəxslərdir. Belə tələblərə hüquqi şəxsin proqram təminatlı kassalara servis-texniki xidmət göstərmək bacarığına malik əməkdaşlarının, bu cür xidmət üçün texniki filial və məntəqəsinin olması və s. aiddir. Onlar dövlət reyestrində sadalanan kassa sistemlərinin paylanılması və texniki xidmətin göstərilməsi hüququna malikdirlər.

Müəyyən edilmiş tələblərə cavab verən istənilən hüquqi şəxs bu fəaliyyətlə məşğul ola biləcək: bunun üçün ayrıca tender keçirilməyəcək. Bundan başqa, həmin şəxslərin təklif etdiyi nəzarət-kassa aparatlarının da tələb olunan meyarlara cavab verməsi vacibdir. NKA operatorlarının siyahısı Vergilər Nazirliyinin e-kassa.gov.az saytında yerləşdiriləcək. Kassa aparatlarının əldə olunması üçün həmin operatorlara müraciət etmək kifayətdir. Operator vergi orqanında kassanın qeydiyyatını keçirərək nəzarət mexanizmi qurğusu ilə təchiz olunmuş kassa aparatını sahibkarlara təqdim edəcək.

Rəy bildir

Please enter your comment!
Please enter your name here