Əsas səhifə Vergi İş adamları Vergilərin “Qara siyahı”sına düşə bilərlər

İş adamları Vergilərin “Qara siyahı”sına düşə bilərlər

19
Paylaş

Azərbaycanda vergilərlə bağlı problemi olan – yəni riskli vergi ödəyicisi ilə əməliyyat aparan iş adamları “Qara siyahı”ya düşəcək.

Bu barədə, Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib.

Qeyd edək ki, artıq ötən ildən vergi xidməti – vergidən yayınmaqla bağlı şübhəli hesab etdiyi ödəyicilərin  – riskli vergi ödəyicilərinin siyahısını hazırlayıb.

Belə şirkətlərə daha ciddi nəzarət edilir, onlar istənilən vaxt xəbədarlıqsız yoxlanıla bilərlər. Bu mənada riskli vergi ödəyicilərinin siyahısı – iş adamları üçün «qara siyahı» sayılır.

S.Ələkbərov bildirib ki, belə vergi ödəyiciləri ilə əməliyyatlar aparan və onlarla əməkdaşlıq edən digər sahibkarlar da həmin siyahıya düşəcəklər: «Buna görə də biz sahibkarları əvvəlcədən məlumatandırırıq və kömək eləmək istəyirik ki, onlar qeyri normal münasibətlərə getməsinlər».

Nazir müavinin sözlərinə görə, iş adamlarının xəbərdarlıq sistemi belə işləyir:  «Sahibkar hansısa digər şirkətlə əməliyyat aparanda, məsələn pul köçürmə və ya əqd bağlayanda, əgər əks tərəf problemlidirsə, dərhal ekrana yazı çıxır ki, «Sizin əməliyyat aparmaq istədiyiniz vergi ödəyicsi riskli vergi ödəyicisidir. Siz davam etmək istyirsinizmi?».

Bu yalnız xəbərdarlıqdır. İş adamına həmin əməliyyatı aparmağı qadağan edə bilmərik, buna qanun icazə vermir. Yəni qərar – bu əməliyyatı aparıb-aparmamaq vergi ödəyicsindən asılıdır».

Nazir müavini bildirir ki, xəbərdarlığa məhəl qoymayıb riskli vergi ödəyicisi ilə əməliyyatı davam etdirmək istəyən iş adamları da avtomatik həmin siyahıya düşəcək: «İş adamı bu xəbərdarlığa görə əməliyyatı dayandırırsa, özünü də xilas edir.

Amma xəbərdarlığa baxmayıb, onu bağlayıb işinə davam edirsə və əməliyyatı başa çatdırırsa, tutaq ki, pulu köçürürsə, özü də dərhal həmin siyahıya düşür. Bu da o deməkdir ki, orada yoxlama aparılır, nəzarət tədbirləri keçirilir və ortaya faktlar çıxanda ciddi tədbirlər görülür. Bilirsiniz ki, büdcədən 20 min manatdan artıq yayınma varsa, cinayət işi açılmalıdır»-deyə nazir müavini riskli vergi ödəyiciləri ilə işgüzar əlaqələrin nə dərəcədə təhlükəli ola biləcəyinə işarə edib.