Əmək haqlarının rəsmiləşməsindən çıxış yolu kimi, həkimlərə VÖEN almaq, klinikada kabineti icarəyə götürərək 2% sadələşdirilmiş vergi ödəyicisi kimi xidmət göstərmək təklif olunur.
“Bizplus.az” xəbər verir ki, vergi üzrə ekspert Vəli Əliyev bildirib ki, bu məsləhətə əməl edən həkimlər inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
“2019-cu ildən başlayaraq aparılan vergi siyasəti nəticəsində özəl səhiyyə müəssisələrinə nəzarət artırılıb. Nəticədə klinikalar həkimlərlə “ənənəvi” qaydada işləyə bilmirlər. Yəni əmək haqqı rəsmi qaydada verildikdə tibbi xidmətin haqqı da artmış olur ki, bu da pasient itkisi, pasient narazılığı (bahalı tibbi xidmət) ilə nəticələnir. Kimlərsə həkimlərə məsləhət görürlər ki, “ay həkim, get VÖEN al, kabineti isə klinikadan icarəyə götür və rahat 2% vergini ödə və müalicə işini davam etdir”. Tibb fəaliyyəti lisenziya tələb olunan fəaliyyətdir. Lisenziya tələb olunan fəaliyyət isə sadələşdirilmiş vergi ödəyicisi ola bilməz. Eyni zamanda həkim kabinet icarəyə götürürsə lisenziya da almalıdır. Lisenziyasız fəaliyyət qanunsuz sahibkarlıq fəaliyyəti hesab olunur və inzibati və cinayət məsuliyyətə səbəb olur”.