“Vergi sistemində islahatların yeni mərhələsi başlayıb” – MÜSAHİBƏ

Date:

Paylaş:

 “Bizplus.az” “Vergilər” qəzetinin baş redaktoru Anar Əliyevin müsahibəsini “Fed.az”-a istinadən  təqdim edir:

– Anar müəllim, istərdim ki, öncə son ayların ən çox müzakirə olunan mövzulardan biri – Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər barədə danışaq. Bu mövzuda Sizin fikrinizi bilmək maraqlı olardı. Bu dəyişikliklər Azərbaycanın iqtisadi və sosial həyatına necə təsir edəcək?

– Vergi Məcəlləsində həm say, həm də mahiyyət baxımından çoxsaylı dəyişikliklər edilib. Təbii ki, 250-yə yaxın, həm də bir çoxu sistemli və əsaslı hesab olunacaq bu dəyişikliklər birdən-birə meydana çıxmayıb. Bunun üçün, ilk növbədə, vergi sistemində aparılan ümumi islahatlar, yeni yanaşmalar dəyərləndirilməlidir.

Artıq vergi sistemində islahatların növbəti, yeni iş prinsiplərinə əsaslanan mərhələsi başlayıb. Şəffaflığın təmin olunması, vergi ödəyiciləri ilə münasibətlərin yeni, aydın bir səhifədən başlanması bu islahatların başlıca mahiyyətidir. 2018-ci il yeni sistemli dəyişikliklər üçün bir keçid dövrü idi. Həmin dövr vergi sahəsində oturuşmuş biznes vərdişləri və qismən qanunvericiliyə əsaslanan praktikaların tədricən dəyişməsi, qanunvericiliyin real əsaslarda tətbiqi, vergi uçotunun aparılması mədəniyyətinin formalaşması və bir çox başqa dəyişikliklər üçün bu proseslərin iştirakçısı olan hər iki tərəfə – həm vergi xidmətinə, həm də biznesə verilmiş bir vaxt idi. İndi isə biz istər vergi sistemində, istərsə də bizneslə münasibətlərdə əsaslı dəyişikliklərin şahidiyik.

Bu yanaşmalar, əlbəttə ki, vergi qanunvericiliyində dəyişikliklərdə də öz əksini tapmalı idi. Bir çox ekspertlər Vergi Məcəlləsinə edilmiş dəyişiklikləri “inqilabi yeniliklər” adlandırırlar. Fikrimcə, bu, təsadüfi deyil – səbəb həmin dəyişikliklərin istər biznes, istərsə də vətəndaş nöqteyi-nəzərindən faydalılıq, ədalət və sosial prinsiplərə söykənməsidir.

Vergi qanunvericiliyinə edilmiş dəyişiklikləri bütövlükdə qruplaşdırsaq, onları əsas 5 istiqamətdə cəmləmək olar. Bunlar – sahibkarlığın dəstəklənməsi; vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması; vergitutma bazasının genişləndirilməsi; vergi inzibatçılığının təkmilləşdirilməsi; vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsidir. Bu istiqamətlərin hər biri, geniş mənada, onlarca dəyişiklikləri əhatə edir. Lakin hesab edirəm ki, həm iqtisadi, həm də sosial baxımdan əhəmiyyətli olan bir neçə məqam var ki, xüsusilə qeyd edilməlidir. Bunların sırasında “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasına yönəlik dəyişikliyi xüsusilə vurğulamaq istərdim. İnkişaf etməkdə olan bütün ölkələr üçün xarakterik olan bu problem uzun illər həm hökuməti, həm də biznes cəmiyyətini narahat edirdi. Çünki hökumət əsaslı gəlirlərdən məhrum olduğu kimi, leqal fəaliyyət göstərən bir çox şirkətlər bazar payından, gəlirlərdən kənarda qalır, haqsız rəqabətlə üzləşirdilər. İlk dəfədir ki, Azərbaycan hökuməti geniş miqyasda bu məsələnin üzərinə getdi və həm də bunu vergi mexanizmləri vasitəsilə həyata keçirdi. Düşünürəm ki, bu inqilabi addımların uzunmüddətli perspektivdə əhəmiyyətli nəticələrini görəcəyik.

İkinci mühüm məsələ kiçik və orta sahibkarlığın dəstəklənməsi siyasətidir. Vergi qanunvericiliyinə edilmiş son dəyişikliklər mikro, kiçik və orta sahibkarlıq üçün əhəmiyyətli güzəştlər paketi təqdim edir. Bu onu göstərir ki, dövlət kiçik sahibkarlığın inkişafına dəstək verməklə həm onların ümumi daxili məhsulun formalaşmasında payının artımına nail olmaq istəyir, həm də məşğulluğun təmin edilməsində roluna xüsusi önəm verir. İnkişaf etmiş ölkələrin təcrübəsi də göstərir ki, bu siyasət nəticəsində kiçik biznes gələcəkdə iri biznesin, bütün mənalarda, əsl rəqabətçisinə çevriləcəkdir.

Gəlir vergisinə edilmiş dəyişiklik həm sosial, həm də iqtisadi baxımdan ən əhəmiyyətli dəyişikliklərdən biri hesab olunabilər. Müəyyən büdcə itkilərinə baxmayaraq, bu addım uzunmüddətli perspektivdə iş yerlərinin və əmək haqlarının leqallaşmasına hesablanıb. Bu dəyişikliklərdə daha bir məqama – pərakəndə ticarət və ictimai iaşə sahələrində ƏDV-nin müəyyən hissəsinin istehlakçılara geri qaytarılması ilə bağlı məsələyə diqqətinizi çəkmək istəyirəm. Dövlət hər bir vətəndaşı, hər bir istehlakçını bu prosesdə maraqlı tərəf etməklə, bir tərəfdən, onu dövriyyənin uçota alınmasında ictimai nəzarət prosesinə cəlb etmiş olur, vətəndaş məmnunluğu yaradır, digər tərəfdən, leqallaşan dövriyyələr hesabına müəyyən itkiləri geri qaytarır və nəticə etibarilə uçot sahəsində ciddi irəliləyiş əldə edilir.
– Bu gün Azərbaycanda vergi mədəniyyətini hansı səviyyədə qiymətləndirirsiz və bu mədəniyyətin formalaşmasında medianın rolu nədən ibarətdir?

– Azərbaycanda bazar münasibətlərinin tarixi onun müstəqillik yaşından da kiçikdir. Əlbəttə ki, vergi mədəniyyətinin belə qısa dövr ərzində yüksək səviyyəyə çatacağını gözləmək düzgün olmazdı. Amma bu proses gedir. Biz vergi mədəniyyətinin bugünkü səviyyəsini qiymətləndirməyə çətinlik çəkə bilərik, lakin gəlin 5 il, 10 il əvvəllə müəyyən müqayisələr aparaq. O zaman biz insanların bu sahədə nə qədər maarifləndiyinin fəriqini görə bilərik. Əgər əvvəllər sahibkarların böyük əksəriyyəti sadə bir bəyannaməni təqdim etmək üçün köməyə ehtiyac duyurdusa, bu gün onlar mühasibatlığın, qanunvericiliyin müxtəlif müddəalarının şərhi ilə bağlı vergi əməkdaşları ilə müzakirə, fikir mübadiləsi apara bilirlər. Məhz bu istiqamətdə atılan addımların nəticəsidir ki, artıq vergi bəyannamələrinin 90 faizindən çoxu elektron formada təqdim edilir. Vergi orqanlarının nöqteyi nəzərindən, vergi mədəniyyətinin səviyyəsi həm də könüllü şəkildə gəlirlərini bəyan edən və vergilərini vaxtında və leqal ödəyən sahibkarların çox olması ilə ölçülür. Əgər ölkədə könüllü əməletmə səviyyəsi yüksəkdirsə, deməli, vətəndaş, sahibkar öz məsuliyyətini anlayır və inzibati müdaxilə olmadan bunu həyata keçirir. Bu da bir vergi mədəniyyətidir.

Vergi mədəniyyətinin yüksəldilməsi ilə bağlı əsas istiqamət vergi ödəyicilərinə təqdim edilən xidmətlərdir. Xidmətlərin elektron şəkildə aprılmasının məqsədlərindən biri vergi ödəyicilərinin işini asanlaşdırmaq, onların öz mobil cihazından, evindən və ya ofisindən bu xidməti əldə edə bilməsinə imkan yaratmaqdır. Əgər vergi ödəyicisi vergini ödəmək üçün əlavə əziyyət çəkəcəksə, ofisindən banka getmək məcburiyyətində qalacaqsa və orada hansısa süründürməçiliklə rastlaşacaqsa, bu, onun vergi ödəmək niyyətinə və istəyinə mənfi təsir göstərəcək. Bu mənada, vergi ödəyicilərinə xidmət Vergilər Nazirliyi üçün mühüm məsələlərdən biridir. Bu xidmətlərin təqdim olunmasının yolu və üsulları hər zaman təkmilləşdirilməlidir. Çünki yaşadığımız dövrün inkişaf sürəti daim dəyişir və biz də bu dəyişikliklərə hazır olmalıyıq.

Medianın roluna gəlincə, istər ənənəvi KİV-lərin, istərsə də yeni nəsil sosial medianın bu sahədə rolu çox vacibdir. İlk növbədə, media yeni dəyişikliklərin cəmiyyətə çatdırılmasında, aparılan islahatların mahiyyətinin açılması və cəmiyyət tərəfindən qəbul olunmasında əvəzsiz rol oynayır. Maarifləndirmə olduqca vacibdir. Məlumatlı sahibkar daha loyal, öhdəliklərini tez və vaxtında yerinə yetirməyə meyilli olur. Bu baxımdan da vergi orqanları maarifləndirməyə, media ilə işə xüsusi önəm verirlər. Yeri gəlmişkən, bu günlərdə biz “vergiler.az” saytını yeni dizaynda və yeni keyfiyyətdə təqdim etdik. Bu, qəzetimizin onlayn versiyasıdır və ümid edirik ki, vergi maarifçiliyi sahəsində, cəmiyyətdə vergi mədəniyyətinin yüksəldilməsində öz töhfəsini verəcək.
– Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da “kölgə iqtisadiyyatı” ilə ciddi mübarizə aparılır. Bu mübarizənin effektivliyinin artırılması üçün media hansı dəstəyi verə bilər?

– “Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, iqtisadiyyatın şəffaflaşdırılması bütün dünya ölkələri üçün böyük problemdir. Ölkə Prezidenti cənab İlhamƏliyev Nazirlər Kabinetinin son iclasında bu məsələyə xüsusi toxundu və bildirdi ki, Azərbaycanda “kölgə iqtisadiyyatı” ilə mübarizə davam etdirilməlidir. Bu, təkcə adi problem deyil, iqtisadiyyata zərər vuran böyük bir bəladır. “Kölgə iqtisadiyyatı” təkcə vergidən yayınmaya gətirmir, eyni zamanda leqal istehsalçı ilə haqsız rəqabətə girərək, onu çətin duruma salır. Bu gün sahibkarların ən böyük problemlərindən biri haqsız rəqabətdir. Təsəvvür edin ki, qanunlarla işləyən bir sahibkar bazarda məhsulunu gizli sexlərdə istehsal edən sex sahibinə rəqabətdə uduzur. Bu, yolverilməzdir. Yeri gəlmişkən, Vergi Məcəlləsinə son dəyişikliklərdə bu məsələ də diqqətə alınıb.

Medianın bu prosesdə rolu böyükdür. Hesab edirəm, media sahibkarların mövqeyini işıqlandırmaqla, ayrı-ayrı məsələləri qabardaraq vergi orqanlarının diqqətini bu sahəyə yönəltməklə öz töhfəsini verə bilər. Digər tərəfdən, qanunları izah etməklə, qanunun tələblərinə uyğun işləməyin üstünlüklərini cəmiyyətə çatdırmaqla onların düzgün məlumatlandırılmasında faydalı rol oynaya bilər.

Bəzən insanlar özləri də bilmədən “kölgə iqtisadiyyatı”nın iştirakçısı kimi çıxış edirlər. Məsələn, vətəndaş aksizsiz malları əldə edərkən, işçi kimi əmək müqaviləsi bağlamadan çalışarkən, alıcı kimi istənilən dükanda və yaxud iaşə obyektində kassa çekini tələb etməməklə “kölgə iqtisadiyyatı”nın iştirakçısına çevrilir. Məlumdur ki, “kölgə iqtisadiyyatı”ndan ən çox əziyyət çəkən sadə vətəndaş olur. Vətəndaş bilməlidir ki, onun iş yeri “kölgə”də olduqda sosial müdafiəsi təmin edilmir, fərdi pensiya hesabına vəsait toplanmır, mülki hüquqları, o cümlədən əmək hüquqları qorunmur və sair.

Bu, ümumi bəladır və onunla istər media, istərsə də hər bir vətəndaş öz gündəlik həyatında fəal mübarizə aparmalıdır. Bunun üçün hər birimiz mağazadan aldığımız məhsula görə kassa çekini və ya əmək hüquqlarımızı tələb etməkdən başlamalıyıq. Gəlin, ümumi işimizə zərər vuran, iqtisadiyyatımızı geriyə çəkən, dövlətimizin, xalqımızın maraqlarına zidd olan məsələlərə münasibətdə passiv olmayaq. Hüquqi dövlətdə yaşamaq istəyiriksə, biz birinci özümüzdən başlamalıyıq…

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...