Əsas səhifə Biznes İş həyatına kiçik dükanda başlayan milyarder Vehbi Koç

İş həyatına kiçik dükanda başlayan milyarder Vehbi Koç

1767

Vehbi Koç kimdir?

Vehbi Koç 1901-ci il 20 iyul tarixində Ankarada ailənin ilk uşağı olaraq dünyaya gəlib.

1987-ci ildə Beynəlxalq Ticarət Palatası tərəfindən “İlin İş Adamı” mükafatına layiq görülən Vehbi Koç, 25 Fevral 1996-cı il tarixində Antaliyada ürək çatmazlığı səbəbiylə dünyasını dəyişib.

Vehbi Koç ilk qazancını bir dükan sayəsində əldə edib. 1917-ci ildə atası Karaoğlan prospektində yaşadıqları evin altında bir dükan açaraq idarəçiliyini Vehbi Koça tapşırır. Vehbi Koç isə burada şəkər tozu, qənd, ayaqqabı rezini, pendir və makaron kimi istehlak məhsulları sataraq iş həyatına ilk addımını atıb.

Atası və babası Ankaranın tanınmış insanlarından olub. O zamanlar Ankarada ticarət qeyri-müsəlmanların əlində idi. Vehbi Koçun ailəsinin iqtisadi vəziyyəti pis deyildi. Orta səviyyədə, rahat bir həyat sürürdü ancaq yenə də əskik olan bir şeylər var idi. Hələ uşaq yaşda ən gözəl binaların və mağazaların müsəlman olmayanların olduğunu, müsəlmanların isə olduqca sadə bir həyat yaşadıqlarını bilirdi. Bu fərq bəlkə də onun içində daha çox iş və zəngin olmaq arzusunun qığılcımlarını yandırmışdı.

Vehbi Koç 1920-ci ildə Qurtuluş Savaşı başlayan zaman, Böyük Millət Məclisi Mətbəəsində işə düzəldi. Ancaq qısa bir müddət sonra orada vəzifəli olan bütün işçilər hərbi xidmətə yollandı. Vehbi Koç bir il yarım əsgərlik etdi.

İlk şirkət

Hərbidən qayıtdıqdan sonra daha əvvəl işlətdiyi dükanını “Koçzade Ahmet Vehbi” adıyla qeydiyyatdan keçirdi. 1928-ci ildə Vehbi Koç həm dövlət işində çalışır həm də işlərini böyüdürdü. Şəkər tozu və makaron satmaqla başladığı dükan işlərinə, ayaqqabı rezini sataraq davam etdi. Hər bir cüt ayaqqabı rezinində 25 qəpik qazanırdı. Daha sonra yəhudi bir tacirlə razılaşaraq dükanı birlikdə işlətməyə başladı. Bir müddət sonra ayaqqabı rezini satmaq onu məmnun etmədi və daha çox qazanmaq üçün xırdavat, iplik, ədviyyat, stəkan, qab, muncuq kimi bir çox şeyin satıldığı daha böyük bir dükan açdı.

1927-ci ildə Vehbi Koç ailəsinin tövsiyyə etdiyi bir qızla evləndi. Evliliyin də gətirdiyi məsuliyyətlə daha çox işə başlayan Koç addım-addım yüksəlməyə başladı.

Oğluna ticarət mövzusunda etibar edəcəyindən əmin olan atası 1917-ci ildə qurduqları Koçzade Hacı Mustafa Rahmi şirkətini Vehbi Koça təhvil verdi. Bir il sonra ona sərmayə və hamısından əhəmiyyətlisi özünə inamı miras buraxan atası dünyasını dəyişdi. Yavaş addımlarla girdiyi ticarət dünyasında artıq daha da böyümək vaxtı gəldiyinə qərar verdi və xarici dünyanı kəşf etmək üçün Avropa səfərinə başladı.

Qatarla çıxdığı bu səfərdə Paris, Vyana, Budapeşt və Berlini görmə fürsəti tapdı. 1934-ci ildə bir boru fabrikinə ortaq olan Vehbi Koç, buna bənzər bir neçə təcrübədən sonra istədiyi nəticəni ala bilmədiyi üçün bir daha başqalarının qurduğu heç bir işə ortaq olmamağa, yalnız öz qurduğu işlərdə ortaq qəbul etməyə qərar verdi. 1937-ci ildə Vehbi Koç və Partnyorlar Kollektiv Şirkətini qurdu.

Koç Birliyi 1940-cı illərin sonlarında emalata yönəldi. 1948-ci ildə General Electric ilə etdiyi ortaqlıq sayəsində ilk sənaye inkişafları olan lampa fabriki quruldu. Sonrakı illərdə Türkiyə tarixinin ilkləri olan traktor, avtomobil, soyuducu, paltaryuyan maşın kimi bir çox məhsul Koç Birliyi tərəfindən istehsal edildi. 1960-ci illərdə Fiat və Tofaş ilə ortaqlıq quran Koç Birliyi, avtomobildən turizmə, qida sənayesindən ağ əşya istehsalına qədər demək olar ki, hər sektorda özünü göstərməyə başladı.

1984-cü ildə Holdinqin bütün işlərini oğlu Rahmi Koça tapşırdı. 1985-ci ildə yardım fondu yaradaraq ömrünün sonuna qədər həmin fondun başçısı oldu. Koç Holdinq bu gün dünynaın ən böyük 341-ci şirkəti hesab edilir.