“Varlılar 2018-ci ildə Toyota, Lexus, Mercedes, BMW sürməkdə davam edəcək”

0
1167

Son bir neçə ildə baş verən iqtisadi proseslər, o cümlədən xaricdən gətirilən avtomobillərin bahalaşması, avtokreditlərin dayanması, ölkədə avtomobilə tələbatı kəskin azaltmaqla yanaşı, insanların avtomobil zövqünə də təsirsiz ötüşməyib.

2016-2017-ci illərdə sürücülər xərcləri azaltmağın yolunu daha çox az yanacaq işlədən avtomobillərdə görürdü. Ekspertlər hesab edir ki, ötən il yanacağın bahalaşması 2018-ci ildə bu sahədə istehlakçıların avtomobil zövqünü yenidən formalaşdıracaq.

“Bahalaşmaya qədər dizel mühərrikli “Mercedes”lər dəbdə olacaq”

Əmlak üzrə ekspert Vaqif Hüseynov Fins.az-a bildirib ki, nisbətən əhalinin aşağı təbəqəsinin avtomobillə bağlı əsas diqqət yetirdiyi məsələ yanacaqdır. Bu 2018-ci ildə də aktual olacaq. O bildirib ki, benzinin qiymətinin artmasından sonra dizelin bahalaşacağı ilə bağlı gözləntilər var. Belə olan halda dizellə işləyən avtomobillər ilin əvvəlində daha çox alınacaq. Söhbət 2000-ci illərə aid köhnə E və C klass “Mercedes” modellərindən gedir.

“Dizel bahalaşarsa, sürücülər avtomobilləri qazla təhciz edəcək”

Ekspert hesab edir ki, dizelin bahalaşmasından sonra isə artıq bu avtomobillər öz aktuallığını itirəcək. Artıq yeni bir tendensiya yaranıb. Sürücülər avtomobillərini qazla təhciz etməyə başlayıblar. O bildirib ki, vaxtı ilə Gürcüstanda da benzinin bahalaşdığı dönəmdə avtomobil sahibləri bu addımı atmışdılar. Yanacaq baha olduğu üçün avtomobillərinə qaz balonları yerləşdirirdilər. Hazırda qonşu ölkədə 10 avtomobildən 7-si, taksilərin isə hamısı qazla təhciz edilib. Azərbaycanda da qazla işləyən nəqliyyat vasitələrinin təcrübəsi var: “Məsələn, “Bakubus”ın avtobusları CH4 yanacağı ilə işləyir və bu çox rentabellidir, hətta qiymətlər 4-5 dəfə ucuz başa gəlir”. V.Hüseynov bildirib ki, Bakı-Sumqayıt yolunun üzərində artıq yeni yanacaqdoldurma məntəqəsi yaradılıb və burada CH4 yanacağı vurulur. Ona görə də artıq bəzi avtomobil sahibləri bu sistemə keçirlər. Onun sözlərinə görə, ehtiyat təkər hissəsi olan istənilən avtomobildə qazla işləmə sistemini qurmaq mümkündür. Amma Azərbaycan kimi yerdə ustaların qeyri-peşəkarlığını nəzərə alsaq, kustar üsulla bunu etmək təhlükəlidir. V.Hüseynov müşahidələrinə əsasən bu yanacaqdoldurma məntəqəsində növbələrin olduğunu deyir. O hesab edir ki, bu il qazla işləyən avtomobillərə tələbat artıracaq.

“Varlılar 2018-ci ildə “Toyota”, “Lexus”, “Mercedes”, “BMW” sürməkdə davam edəcək”

V.Hüseynov bildirib ki, ötən ilin sonunda təqdim edilən yeni “Mercedes S Class” böyük əks-səda doğura bilib. İş adamları, biznesmenlər və TOP menecerlər arasında bu avtomobil 2018-ci ildə dəbdə ola bilər. Bundan əlavə, “Maserati” SUV modelini buraxıb. Artıq Bakı küçələrində də bu avtomobilləri görmək olur. Qiymətinə görə, ideal göstəriciləri var. Ona görə də bu avtomobil də Azərbaycanda populyarlıq tapacaq: “Ümumilikdə, isə azərbaycanlılara xas bir xüsusiyyət var. İnsanlar bir şeyə alışanda yenilik ardınca o qədər də getmirlər. Bu isə o deməkdir ki, “Toyota”, “Lexus”, “Mercedes”, “BMW”nin bahalı SUV-ları bu il də dəbdə olacaq.

“Niva”nı bu il daha çox polislər sürəcək”

2017-ci ildə olduğu kimi, bu il də “Niva”lar dəbdə olacaq. Amma artıq gənclər deyil, polislər daha çox bu avtomobili sürəcək. V.Hüseynov deyib ki, əvvəllər “avtoş” maşını kimi dəbdə olan “VAZ 2017”nin yerini 2017-ci ildə “Niva” tutdu. Bu avtomobili sürən gənclər isə avtomobilə texniki müdaxilələr edirdilər. Bunu bilən yol polisləri isə “Niva” gördükdə, istər-istəməz onu saxlayırdılar. Bu tendensiya isə gənclərin artıq “Niva”dan da imtina etməsi ilə nəticələnir. Amma maraqlıdır ki, son dövrlər “Niva” sürən polislər artıb: “Şəxsi müşahidələrimə əsasən deyə bilərəm ki, son dövrlər “Niva” sürənlərin böyük hissəsi polislərdir. Çünki sükan arxasında polis olduğunu görəndə yol polisi onu saxlamır”.

“Azərbaycan avtomobil bazarında yeni “cip”lər peyda olacaq”

Avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov Fins.az-a bildirib ki, 2018-ci ildən başlayaraq növbəti iki ildə Azərbaycanın avtomobil bazarında yeni modellər və hətta yeni marka maşınlar peyda olacaq. Seqmentə görə bunlar əsasən krossoverlər (CUV) və yolsuzluq avtomobilləri (SUV) olacaq. Azərbaycan istehlakçıları krossoverlərə daha çox üstünlük verməyə başlayıblar. Krossoverlər yanacaq sərfiyyatında yolsuzluq maşınlarından daha az, hündürlüyünə görə isə idarəetmə sedandan daha əlverişlidir. E.Cəfərov bildirib ki, 2017-ci ildə keçirilən beynəlxalq avtomobil sərgilərində təqdim olunan yeni konsept modelləri əsasən krossoverlər təşkil edib. Ona görə də demək olar ki, bu il ölkəmizdə krossoverlər populyar maşınlar olacaq.

“Qadınlar kiçik və rəngli avtomobillərə deyil, daha komfort olanlara üstünlük verəcək”

Qadınların avtomobil zövqünə gəldikdə isə E.Cəfərov bildirir ki, artıq bu istiqamətdə də bəzi dəyişikliklər olacaq. Belə ki, əvvəllər kişilərin və qadınların idarə etdiyi maşınlar seqmentinə və hətta rənginə görə fərqlənirdisə, bu fərq aradan götürülüb: “Bu tendensiya artıq keçmişdə qalıb. İndi vacib olan avtomobilin təhlükəsizlik və idarəetmə baxımından rahat, əlverişli olmasıdır”.

“Dövlət hibrid və elektromobillərin ölkəyə gətirilməsi stimullaşdırmalıdır”

Ənənəvi yanacaqla işləyən maşınların erası 2025-ci ildə bitəcək. Lakin onlar hələ uzun müddət avtomobil bazarında dövriyyə edəcək. Ekspert hesab edir ki, 2018-ci ildə yaxşı olardı ki, qeyri-ənənəvi yanacaqla işləyən və hibrid modellərin ölkəyə gətirilməsi dövlət tərəfindən stimullaşdırılsın: “Biz bu sahədə də qonşularımızdan geri qalmamalıyıq. Digər tərəfdən bu sahədə addım atılarsa, ölkəyə nasaz, istismar müddəti bitmiş, ekoloji cəhətdən yararsız avtomobillərin gətirilməsi azalar.Bizim vətəndaşlar hər şeyin ən yaxşısına layiqdirlər”.

Müəllif: Rahim Tarıverdiyev