Əsas səhifə Biznes Uolt Disneydən 6 biznes dərsi

Uolt Disneydən 6 biznes dərsi

298

Uolt Disney 1923-cü ildə Walt Disney Company şirkətinin əsasını qoyub. Hazırda bu şirkətin qiyməti 178 milyard dollardır. Entrepreneur jurnalı Amerikanın dahi multiplikatorunun həyatından altı vacib dərsi təqdim edib.

1. Heç vaxt təslim olmamaq
Uolt Disney bir gündə varlı və məşhur olmayıb. O, ilk biznesini 19 yaşında dostu ilə bərabər açmışdı. Bu, çox kiçik incəsənət studiyası qısa müddətdə iflas edir. Bir ildən sonra Disney yeni animasiya studiyasını açır və gəlir əldə edə bilmədiyindən, yenə də uğursuzluğa məruz qalır. Lakin Uolt Disney təslim olmurdu.

O deyirdi, – “Həyatımda baş verən bütün uğursuzluqlar, bütün problem və maneələr mənə daha da gücləndirirdi. Baş verdiyi zaman bunu anlamırsınız, lakin sizə dəyən zərbə həyatınızın ən yaxşı hadisəsinə çevrilə bilər”. 

2. İstənilən problemi həll etmək
Uotl Disney çətinliklərin öhdəsindən asanlıqla gəlirdi. Onun müşahidə etmək bacarığı hər bir problemi fürsətə çevirməyə kömək edirdi. Bir dəfə o qızı ilə yelləncəkdə yellənmək üçün parka gəlir. Və görür ki, yelləncəklər çirki və köhnə, parkın işçiləri isə kobud idilər. Disney bu problem haqda düşünür. Beləliklə, Disneylend meydana gəlir.

3. Hər şeyi yenidən başlamağa hazır olmaq
Hesab edilir ki, Disneyin ilk multiplikasiya qəhrəmanı Mikki Maus olub. Lakin bu belə deyil. İlk məşhur qəhrəman dovşan Osvald idi. Disney tanınmamış multiplikator olaraq onu Universal studiyası üçün çəkir. Dovşan Osvald məşhur cizgi filmi qəhrəmanına çevrilir. Disney Universal ilə müqaviləni yeniləmək üçün şirkətə gəldiyi zaman, ona deyirlər ki, heç bir müəlliflik hüququna malik deyil. Ən pisi isə odur ki, Disneyin bütün animator komandası Universal şirkətinə keçir. Uolt ən uğurlu qəhrəmanını itirərək evinə qayıdır. O hər şeyi yenidən başlamalı olur.

4. Özünü istedadlı adamlarla əhatə etmək
Disney hesab edirdi ki, onun xüsusi incəsənət bacarığı yoxdur. “Mən ilk cizgi filmimi 1920-ci ildə çəkmişəm. Təbii ki, o zaman mənim qəhrəmanlarım bəsit idilər”, – deyə o etiraf edir. Mikki Mausun ilk versiyası Disney studiyası təsis edildikdən bəri orada işləyən rəssam Ab Ayverks tərəfindən çəkilib. Disneyin istedadı qəhrəmanları təsvir etmək deyil, onları yaratmaq idi. İdeyalarını həyata keçirtmək üçün isə Uolt Disney dünyanın ən yaxşı rəssam və animatorlarını işə götürürdü.

5. Hər şeylə maraqlanmaq 
Uolt Disney hər şey ilə maraqlanan insan idi. Hər yeniliyə olan marağı multiplikasiyada inqilaba səbəb oldu.

Disney ilk səsli, ilk rəngli və ilk tammetrajlı animasiya cizgi filmlərini yaradıb. O deyirdi, – “Bizə maraqlı olduğu üçün irəliyə doğru can atırıq, yeni qapılar açırıq və naməlumları araşdırırıq. Bu maraq bizi yeni yollarla aparır. Yalnız irəli!”

6. Fərqliliyə can atmaq
Uğurlu animasiya studiyası yaratdıqdan sonra da Uolt yerində dayanmırdı. O, bədii və sənədli filmlər çəkməyə, televiziyanı inkişaf etdirməyə, əyləncə parkları tikdirməyə başlayır. Walt Disney Company belə inkişaf edir.

O deyirdi: “Vaxt və şərtlər çox sürətlə dəyişir. Biz yalnız gələcəyə baxmalıyıq”. Yüz il keçsə də, onun sözləri hələ də aktualdır.