“Uber” online taksi sifarişi xidmətinin səhmdarları 9,3 milyard dollar dəyərində səhm satışı həyata keçiriblər.
lent.az-ın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, səhm paketinin satışı nəticəsində Yaponiya telekommunikasiya korporasiyası “SoftBank” “Uber”in iri səhmdarına çevrilib. Səhm alanlar arasında “Dragoneer”, TPG və “Sequoia Capital” da var.
Səhmlərini satanlar arasında “Uber”in sabiq baş direktoru, ötən ilin yayında bu vəzifədən istefaya getmiş Trevis Kalanik də olub. Onun 1,4 milyard dollarlıq səhm paketi satdığı bildirilir. Nəticədə “Forbes” Kalanikin sərvətini 4,8 milyard dollar həcmində qiymətləndirib.
Alqı-satqı barədə danışıqlar çətin keçib. Hansısa məqamda “SoftBank” baş direktoru Masaesi Son bildirib ki, sövdələşmə baş tutmasa, “Uber”in rəqibi “Lyft”ə sərmayə qoyacaqlar.