Ayaqqabıda, çantada, paltarda və bir çox yerlərdə tez-tez rast gəlinən, hər birimizin “cırt cırt” adı ilə tanıdığı halqaları və qarmaqları olan lentlərdən ibarət məhsulu tanımamaq mümkün deyil. Velcro isə bu məhsulu ilk dəfə hazırlayan və satışını həyata keçirən şirkətdir. Velcro iki fransız sözünün(velours(məxmər) və crochet(qarmaq)) birləşməsindən yaranıb. Şirkətinin mərkəzi ABŞ-da yerləşir.
“Cırt cırt” lentlərinin yaranması maraqlı bir hadisə nəticəsində baş verib. İsveçrəli elektrik mühəndisi olan Corc de Mestral 1948-ci ildə iti ilə gəzintiyə çıxır və evinə qayıtdıqda gördüyü şey onu çox təəccübləndirir. Həm Corcun həm də itinin üzərinə çoxlu sayda at pıtrağı otu yapışıb qalmışdı. Corc bu hadisənin səbəbini öyrənmək üçün otu mikroskop altında araşdırır və çoxlu sayda qarmaqlarının olduğunu görür. Bu qarmaqlar otun toxunduğu parçaya yapışmasına səbəb olurdu.
Bu hadisədən sonra Corc heç gecikmədən yeni kəşfinin istehsalına başlamağa qərar verir. 1955-ci ildə o, ixtirasının patentini alır və öz fabrikini qurur. Parçaların təkminləşdirilməsi üçün fransız bir toxucunu işə götürür və 1950-ci illərin sonunadək məhsulun praktik istifadəsinin sadələşdirilməsi aparılır. Bir neçə il sonra isə ildə təqribən 60 milyon metr parça satan nəhəng şirkətə çevrilir.
İlk əvvəl “cırt cırt”lar pambıqdan hazırlanırdı, lakin bunun efektiv olmadığını görəndən sonra neylon və poliefirdən istifadə olunmağa başlandı.
Bu gün istər tibb, istər geyim, istərsə də oyuncaq sənayesində ən çox tələb olunan məhsullar içərisində “cırt cırt” aparıcı yerlərdən birini tutur.