Əsas səhifə Biznes Müsahibə Türkiyədə təkbaşına biznes qurmuş azərbaycanlı xanım-Müsahibə

Türkiyədə təkbaşına biznes qurmuş azərbaycanlı xanım-Müsahibə

316

Doğulduğun ölkədə biznes qurmaq çətin işdirsə, ölkədən kənarda bunu etmək ikiqat çətindir. Bugünkü müsahibimiz bu çətin işin öhtəsindən layiqincə gələn və Türkiyədə “Çınar doğal kozmetik” markasını yaradan azərbaycanlı xanım Gülşən Qasımzadədir.

Bizplus.az Gülşən Qasımzadə ilə olan müsahibəni sizə təqdim edir:

  • Zəhmət olmasa, özünüz haqqında məlumat verərdiniz?

Mən Gülşən Həsənxanlı (qızlıq soyadım) 1 fevral 1974-cü ildə Yevlax rayonun Xaldan qəsəbəsində anadan olmuşam. 1992- ci ildə orta təhsilimi Xaldan qəsəbəsində bitirdikdən sonra Türkiyənin Ege Universtetinin Biologiya fakültəsinə qəbul olmuşam. Türkiyədə 1 il hazırlıq kursu keçdikdən sonra dərslərə başladım və 1997- ci ildə Universiteti bitirdim. 1999- cu ildə isə həmin universtetin Biokimya fakültəsində magistr dərəcəsi üzrə təhsilimi davam etdirdim, təhsilə başladığım ilin yayında isə eyni univeristetdən məzun olan həmyerlim Füzuli Qasımzadə ilə ailə həyatı qurdum. 2003- cü ildə Biokimya üzrə alimlik dərəcəsi alaraq universitetdən məzun oldum. Tələbə olduğum müddət ərzində çox fərqli yerlərdə çalışmışam. Məzun olduqdan sonra isə sağlamlıq və estetika mərkəzlərində, kosmetik firmalarda bioloq olaraq fəaliyyət göstərmişəm. Ana olandan sonra işlərimə ara verməli oldum. İki oğlum var.

Gülşən Qasımzadə
Gülşən Qasımzadə
  • Türkiyədə aldığınız təhsil sizin həyatınızı (həyata baxışınızı) dəyişməkdə və biznesə gəlməyinizdə hansı rolu oynadı?

Türkiyədə təhsil mənə çox şey qazandırdı, amma ən əsası başqa ölkədə yaşamaq mənim üçün böyük bir təcrübə idi. Azadlığı bütün müsbət və mənfi cəhətləri ilə yaşadım. Türkiyə mənə tək başına qərar verməyi, çətinliklərə qarşı dözümlü olmağı, şərtlər nə olur-olsun ayaqda qalmağı öyrətdi. Fərqli bir mühitdə böyüdüyüm üçün hər şeyi dövlət qarşılayacaq deyə bütün fikrimi oxumağa yönəltmişdim. Lakin başqa ölkədə yaşamaq mənə 0-dan bir yerə gəlməyi, axıntıya qarşı üzməyi öyrətdi. Mübarizəni dayandırmamalıydım, çünki yanımda nə ailəm var idi, nə də maddi dəstək verə biləcək başqa bir şəxs. Mənəvi dəstək əlbəttə, olurdu. Ancaq mənim istədiyimi məndən yaxşı heç kim bilə-bilməz.

Gülşən Qasımzadə
Gülşən Qasımzadə
  • “Ən sevdiyim hobbimi işə çevriməyin xoşbəxtliyini yaşayıram” demisiniz, bu hobbi necə oldu ki, biznesə çevrildi?

Yaradıcılığı da, araşdırmağı da çox sevirəm, buna görə də yeni bir şey düzəltmək məni hər zaman həyəcanlandırır. Uşaqlıq illərimdən bəri kosmetikaya və alternativ tibbə marağım olduğu üçün özümə losyon, maska, masaj yağı hazırlayırdım, bu zaman özümü kosmetika istehsal edən firmada çalışdığımı təsəvvür edirdim. Xoşbəxtlikdən, məzun olduqdan sonra belə təcrüblərim oldu və mən bu işi necə çox sevdiyimi başa düşdüm. Bu cür təcrübələrim artdıqca, məhsulları özüm hazırlamaq qərarına gəldim. Beləcə, məhsulları həm təbii, həm də zərərsiz olaraq istehsal edə bilərdim. Vaxt keçdikcə hobbim ən sevdiyim iş oldu.

Gülşən Qasımzadə
Gülşən Qasımzadə
  • Biznesə başlamaq üçün sizə nə qədər investisya lazım olub və biznesin hansı mərhələsində investisya cəlb etmisiniz?

Bu işə birdən-birə yüksək məbləğdə investisya qoymamışam. Əlimdə mövcud olan pul ilə bir az material (xammaddə) alıb, istehsal etməyə və ətrafıma satış etməyə başladım. Müştərilərimin sayı artdıqca, qazancım daha da artdı. Nəticədə, daha çox material alaraq, məhsullarımın sayını artırdım

Gülşən Qasımzadə
Gülşən Qasımzadə
  • İlkin alıcılarınızı necə tapmısınız, online yoxsa birbaşa mağaza və apteklər vasitəsilə?

İlk müştərilərim öz yaxın əhatəm (qonşularım, ailəm və qohumlarım) idi. Daha sonra isə internet səhifəsi açaraq, müştərilərimin sayını artırdım.

Gülşən Qasımzadə
Gülşən Qasımzadə
  • 1992-ci ildən vətəndən uzaqdasınız. Kənar ölkədə biznes qurmaq çətindirmi bir azərbaycanlı üçün?

Bir azərbaycanlı olaraq burada yaşamaq çox çətin idi. Maddi cəhətdən özünü təmin etmək üçün işləməliydim, lakin xarici vətəndaş olduğum üçün iş tapmaq olduqca çətinləşirdi. Tapdığımız zaman şərtləri ağır, maaşı az olsa da, qəbul etmək məcburiyyətində qalırdıq. Deportasiya və giriş qadağasına məhkum olunduğumuz, ağır maddi cəzalar ödədiyimiz vaxtlar da olub. Amma artıq Türkiyə vətəndaşıyam, eyni zamanda biznesdə Türkiyə Cümhuriyyəti vətəndaşlarına hansı qanunlar aiddirsə, o mənim üçün də keçərlidir. Çətinlik varsa, bu təkcə mənim çətinliyim deyil, biznesi olan bir çox insanın çətinliyidir.

Gülşən Qasımzadə
Gülşən Qasımzadə
  • Kosmetik biznes digər bizneslərdən nə ilə fərqlənir? Ümumi olaraq biznesinizin işləmə mexanizmi barədə məlumat verə bilərsinizmi?

İşim haqqında qısa məlumat verim, 100% təbii yağlardan cold prosses ( soyuq üsul) ilə sabunlar, kremlər, masaj yağları istehsal edirik. Məhsullarımız Türkiyənin hər yerinə internet vasitəsilə çatdırılır. Satacağımız qədər və ya aldığımız toplu sifarişlərə əsasən məhsul istehsal edirik. Çünki,  məhsulların təbii tərkibdən ibarət olduğu üçün müəyyən müddətli istifadə tarixi var. Buna görə də məhsullarımızın üzərinə istehsal tarixini yazırıq. Məhsullarımızı təbiətə zərər vurmayan təbii paketlərlə qablaşdırırıq.

Çınar doğal kozmetik
Çınar doğal kozmetik
  • Bu biznesin gələcəyini necə təsəvvür edirsiz?

İnsanlar artıq təbiətə önəm verir, yediyin və içdiyi də daxil olmaqla, kosmetika və dərmanlara qədər hər şeyin təbii olanını seçir. “Çınar Doğal Kozmetik”də tamamilə təbii tərkibli kosmetik məhsulları ilə bu tələblərə qarşılıq vermək üçün yaradılıb. Hazırki hədəflərimiz məhsul çeşidimizi genişlətmək və ixraca başlamaqdır.

Çınar doğal kozmetik
Çınar doğal kozmetik
  • Bu biznesi böyütməyi düşünürsünüz yoxsa başqa sahə ilə məşğul olmağı?

Bəzən kosmetik və sağlamlıq sahələrindən iş təklifi alıram. Amma, mən yalnız bu işə könül vermişəm və bu uğurda da mübarizə aparmışam. Sabah məni nə gözləyir, bilmirəm, ancaq əlimdən gəldikcə, bu iş üçün mübarizə aparmağa və işimi daha da böyütməyə davam edəcəyəm.

Gülşən Qasımzadə
Gülşən Qasımzadə
  • “Çınar doğal kozmetik” şirkətinin adı hardan götürülüb və niyə məhz “çinar”?

Çinarlar ölkəsi olaraq tanınan Azərbaycana olan həsrətim, oğluma Çinar adını qoymağıma səbəb olmuşdu. Təbii kosmetika istesalına başlayanda və biznesi qurmağa qərar verəndə markamın adı da hazır idi. Vətənimi, təbiəti və oğlumu təmsilən: “Çınar Doğal Kozmetik”

Gülşən Qasımzadə
Gülşən Qasımzadə
  • Ənənəvi sualımız, sizin uğur formulunuz nədir? Biznes qurmaq istəyən və ya qurmuş gənclərə nə tövsiyyə edərdiniz?

Çətin iş vaxtında yerinə yetirilməyən və ya təxirə salınan asan işlərin toplusudur. Mən bu fikirlə hərəkət edirəm. Mənim fikirimcə, uğurun formulu əvvəlcə nə edəcəyinə qərar verib, sonra həmin o işi icra etməkdir. İlham gəlməsini gözləməyin. Çünki insana ilham verən, elə işin özüdür. Etdiyiniz işi sevin, sevərək icra olunan iş ilham da verir, uğur da gətirir.

Bu planetdə ən yaxşı şeyə sahib olmamağınız üçün bir səbəb yoxdur. Sizə, sizdən başqası mane ola bilməz.

                                                                          Byron Katie

Gülşən Qasımzadə
Gülşən Qasımzadə

 

4 rəylər

Rəy bildir

Please enter your comment!
Please enter your name here