Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Türkiyə bankının Azərbaycanda qazancı azalıb

Türkiyə bankının Azərbaycanda qazancı azalıb

267
Paylaş

“Ziraat Bank Azərbaycan” ASC 2018-ci ili 1 milyon 75 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank 2017-ci ili 4 milyon 63 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, Türkiyə bankının Azərbaycanda xalis mənfəəti 3,8 dəfə azalıb. Azalmanın səbəbi Bankın əməliyyat mənfəətini artan kredit və depozit risklərinə görə ehtiyata yönəltməsidir.

GƏLİRLƏRİ ARTIB

“Bizplus.az” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2018-ci ildə “Ziraat Bank Azərbaycan”ın cəmi gəlirləri 19 milyon 137 min manat, o cümlədən faiz gəlirləri 14 milyon 63 min manat, qeyri-faiz gəlirləri 5 milyon 75 min manat təşkil edib. 2017-ci ildə Bankın cəmi gəlirləri 15 milyon 968 min manat, o cümlədən faiz gəlirləri 11 milyon 776 min manat, qeyri-faiz gəlirləri 4 milyon 192 min manat təşkil etmişdi.

2017-ci ildə “Ziraat Bank Azərbaycan” ASC -nin əməliyyat mənfəəti  6 milyon 256 min manat  ikən, 2018-ci ildə 7 milyon 93 min manata yüksəlib. Bank əməliyyat mənfəətinin 5 milyon 405 min manatını ehtimal olunan depozit və kredit itkiləri üçün ehtiyata ayırdığından yekun mənfəət 1 milyon 75 min manata düşüb. Ehtiyata ayırma 2016-cı ildə 434 min manat, 2017-ci ildə 1 milyon 231 min manat olmuşdu. Ayırmanın ildən ilə artması kredit riskinin və gecikmədə olan kreditlərin artdığına işarədir.