Azərbaycanda turizm sənayesi nümayəndələrinə yerli əhalini turizm fəaliyyətinə cəlb etmək tövsiyə edilib.
Bizplus.az bildirir ki, bu, “Turizm sənayesi nümayəndələrinin etik kodeksi”ndə öz əksini tapıb. Tövsiyə xarakterli kodeksi Azərbaycan Turizm Agentlikləri Assosiasiyası hazırlayıb.
Sənədə əsasən, yerli əhali turizm fəaliyyətinə cəlb edilməlidir və onlar formalaşan iqtisadi, sosial və mədəni faydaların alınmasında bərabərhüquqlu əsaslarla iştirak etməlidirlər:
“Azərbaycanda turizm siyasəti elə şəkildə aparılmalıdır ki, bu səfər edilən rayonların əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə yardım etsin və onun ehtiyaclarına cavab versin.
Bununla yanaşı, turizm mərkəzləri və yerləşdirmə vasitələrinin şəhərsalma və memarlıq planlaşdırması və istismarı zamanı onların yerli sosial-iqtisadi mühitə maksimal inteqrasiyasının nəzərdə tutulması lazımdır. Eyni şəraitdə ilk növbədə yerli işçi qüvvəsinin muzdlu işə götürülməsinin mümkünlüyünü araşdırmaq lazımdır”.
Kodeksdə qeyd edilir ki, Azərbaycanın sərhədyanı zonalarının spesifik problemlərinə, eləcə də inkişaf baxımdan zəif olan kənd və dağlıq rayonlara xüsusi diqqət yetirmək lazımdır:
“Turizm sahəsinin peşəkarları, xüsusilə investorlar hakimiyyət orqanları tərəfindən müəyyən edilmiş qaydalar çərçivəsində öz inkişaf layihələrinin ətraf mühit və təbiətə təsirini tədqiq etməlidirlər. Onlar həmçinin maksimal açıqlıq və obyektivliklə öz gələcək proqramları və onların mümkün nəticələri haqqında informasiya təqdim etməlidirlər”.