Məşhur tozsoranlar istehsalçısı “Dyson”un təsisçisi, britaniyalı milyarder Ceyms Dayson süni nəfəs aparatlarının istehsalı ilə məşğul olacaq.
Adıçəkilən şirkət 10 gün ərzində süni tənəffüs aparatları işləyib hazırlayıb. 15 min cihazdan 5000-nin müxtəlif ölkələrə bağışlanması nəzərdə tutulub. 10 mini isə Böyük Britaniyanın Səhiyyə Nazirliyinə çatdırılacaq.
Qeyd edək ki, daha əvvəl Böyük Britaniya Səhiyyə Nazirliyi xəstəxanaların sərəncamında olan 8 755 süni nəfəs aparatının 60 milyonluq əhali üçün kifayət etmədiyini bildirmişdi. Bundan sonra HSBC bankı Britaniyanın süni nəfəs aparatına tələbatı ödəmək üçün həyata keçiriləcək startaplara sürətli kreditlər verəcəyinə vəd edib.
C.Daysonun nümayəndəsi “Forbes” nəşrinə açıqlamasında milyarderin Böyük Britaniya hökumətinin xahişinə müsbət cavab verdiyini və ağır koronavirus infeksiyası olan xəstələrin xilas olmasında mühüm rol oynayan aparatların layihələndirilib istehsalı ilə məşğul olacağını söyləyib.
Nümayəndə etiraf edib ki, söhbət son dərəcə qısa müddətdə həyata keçirilməli olan çox mürəkkəb layihədən gedir. O, “Dyson”un hava axını ilə əlaqəli cihazların yaradılması təcrübəsinin bu işin öhdəsindən gəlməyə kömək edəcəyini bildirib.
C.Daysonun özü süni nəfəs aparatlarının laboratoriyada və insanlar üzərində sınaqdan keçiriləcəyini və yalnız bundan sonra təcili ehtiyacları ödəmək üçün istehsalı artırmağın mümkün olacağını söyləyib.