Respublikada sahibkarlığın inkişafına dövlət qayğısından bəhrələnən “A+Co” MMC tərəfindən Tovuz rayonun Aşağı Quşçu kəndində üzüm emalı müəssisəsinin tikintisinə başlanıb.
Qısa müddətdə müəssisənin üzüm qəbulu xətti istifadəyə verilib.
Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, əvvəllər süfrə üzüm sortlarının əmtəə kimi bazara çıxarıla bilməyən hissəsi bağlarda qalıb xarab olurdu. Rayonun üzümçülüklə məşğul olan fermerləri, həmçinin Gəncə-Qazax iqtisadi regionuna daxil olan ətraf bölgələrin sakinləri indi həmin məhsulu və özlərinin yetişdirdikləri texniki üzüm sortlarını yeni zavodun qəbul məntəqəsinə təhvil verir, elə yerindəcə satdıqları üzümün dəyərini alırlar. Aqrar sahədə çalışan sahibkarlar işin bu şəkildə təşkil olunmasından razı qaldıqlarını bildirirlər.
Bu ildən fəaliyyətə başlayan və ildə 3 min ton üzüm qəbul etməyə imkan verən zavod üçün İtaliya, Fransa və digər xarici ölkələrdən müasir texnoloji avadanlıqlar gətirilib. Hazırda müəssisədə məhsul qəbulu ilə yanaşı, tikinti-quraşdırma işləri davam etdirilir.
Yeni istehsal müəssisəsində görülən işlərə 30 nəfər cəlb olunub.
Gələcəkdə həmin müəssisədə müasir texnologiyalar əsasında alkoqollu içkilərin istehsalı, süzülərək qablaşdırılması, hazır məhsul şəkilində bazara çıxarılması üçün istehsal prosesi qurulacaq.
Məlumat üçün bildirək ki, “A+CO” MMC-nin baş ofisi Xırdalan şəhərində yerləşir. Şirkətin Xırdalandakı şərab zavodunda şərab, konyak, alkoqollu içkilər istehsal edilir. Şirkətin direktoru Xanoğlan Qasımovdur.