TikTok sosial şəbəkəsinin sahibi olan ByteDance şirkəti Spotify ilə Apple Music-ə rəqib olacaq musiqi servisinin hazırlanmasını planlaşdırır. bu barədə Bloomberg saytına istinadən Vc.ru saytı xəbər verib. Məlumata əsasən şirkət öz musiqi servisini 2019-cu ilin payız fəslində istifadəyə verəcək. Musiqi servisi ödənişli digər servislərin o qədər də məşhur olmadıqları inkişafda olan ölkələrdə istifadəyə veriləcək.
Məlumata əsasən musiqi servisinin tətbiqi Spotify ilə Apple Music-i tam kopyalamayacaq. ByteDance artıq iki böyük Hindistan səsyazma studiyasının hüquqlarını əldə edib. Söhbət, T-Series və Times Music səsyazma studiyalarından gedir. Techcrunch-ın məlumatına əsasən musiqi servisinin tətbiqi iki versiyaya sahib olacaq: Pullu və pulsuz.
Pulsuz versiya bu ilin iyun ayının sonunda istifadəyə verilə bilər. Ən əsas bazar kimi ByteDance Hindistanı hədəfləyib. ByteDance 2012-ci ildə təsis edilib. 2018-ci ildə Bloomberg 78 milyard dollar bazar dəyərinə sahib bu startapı dünyanın ən bahalı özəl startapı adlandırmışdı. TikTok-dan əlavə olaraq şirkət həmçinin Toutiao adlı xəbər aqreqatoruna, Xigua Video adlı video servisə və s. digər servislərə sahibdir.