O, Fransanın ən varlı sakinidir. 60-a yaxın dünyaca məşhur brendin sahibidir. Bu sıraya “Louis Vuitton”, “Kenzo”, “Givenchy”, “Hennessy”, “Guerlain”, “Chaumet, Moet & Chandon”, “TAG Heuer” kimi ticarət nişanları daxildir. İxtisasca mühəndisdir. Lakin bir gün də mühəndis kimi işləməyib. Söhət Bernar Arnodan gedir.
Bernar Arno 1949-cu ilin martın 5-də kiçik sahibkar ailəsində anadan olub. Fransanın ən nüfuzlu məktəblərindən sayılan “Ecole Polytechnique”də təhsil alıb. 21 yaşında mühəndis diplomuna yiyələnib. Lakin ömründə bir gün belə ixtisası üzrə işləməyib. Əvvəlcə atasının ortağı olub, 25 yaşında isə ailəsinə məxsus tikinti şirkəti – “Ferret-Savinel”ə rəhbərlik edib. Amma kiçik şirkətə rəhbərlik etmək onun arzularının sərhədlərinə daxil olmadığından yeni biznes plan axtarışına çıxır. Ailə müəssisəsini satmaq qərarına gəlir və alıcı tapıb razılaşma imzaladıqdan sonra bu haqda atasına xəbər verir. Amerikaya gedərək bir neçə il orada yaşayır. Biznesin sirlərini öyrənir. Fransaya qayıtdıqdan sonra pul yatıracağı sahə axtarışına çıxır. 1984-cü ildə Arnonun diqqətini müflisləşmək ərəfəsində olan “Boussac” şirkəti çəkir. Bu şirkətə bir neçə moda evi, o cümlədən məşhur “Christian Dior” daxil idi. “Yağlı tikə” sayılan moda evini bir çox şirkət, eləcə də “Louis Vuitton” ələ keçirmək istəyirdi. Buna baxmayaraq Arno hər kəsi qabaqlayır. Əlindəki 15 milyon dolların üstünü düzəltmək məqsədilə özünə ortaq tapır və 80 milyon dollar toplayaraq hərəkətə keçir. Atası həmin günləri belə xatırlayır: “Oğlum tekstil biznesindən məlumatlı deyildi. Məndən bu sahəyə aid kitab almağımı xahiş etdi. Cəmi 3 kitab tapdım. Biz həmin vaxt müflis ola bilərdik. Amma Bernar məni yanılmadığına əmin etdi”.
Yeni biznes
Arno tezliklə biznesə alışır. 1988-ci ildən “Moet Hennessy Louis Vuitton” “(LVMH) səhmlərinin alışına başlayır. 1989-cu ildə bank kreditlərinin köməyi ilə “LVMH” səhmlərinin 24 faizini 1,8 milyard dollar satın alır. Növbəti ildə onun şirkətdəki payı 43 faizə qədər yüksəlir. Bu zaman o, holdinqin iş fəaliyyətini tamamilə dəyişir. Belə ki, bütün top-menecerləri işdən çıxarır, idarəetməni bütünlüklə ələ keçirir. Hər kəs, mətbuat belə bundan şoka düşür. Sadəcə Arno hər şeyi qanun çərçivəsində etdiyindən bunlar səs-küyə səbəb olmur. Beləliklə Arno öz imperiyasını qurmağa başlayır. 1990-cı ildə “LVMH”nın faktiki rəhbərinə çevrilir. Holdinqin səhmlərinin 47 faizindən çoxu ona aid olur, yeni mütəxəssislər dəvət edir. Bazardakı məşhur, luks ticarət markalarını satın almağa başlayır. Bundan sonra həmin ticarət markalarını bir dam altında birləşdirmək qərarını verir: “İqtisadiyyatın qloballaşdığı şəraitdə bir brendi ayrıca yönəltmək, bazarda saxlamaq çoxlu vəsait tələb edir. Bir neçə brendi eyni şirkətin damı altında birləşdirmək xərcləri azaldır”.
Onun bu taktikası bəhrəsini verir. 1987-ci ildə o, daha 20-yə yaxın uğurlu müqaviləyə imza atır. Nəticədə, “LVMH” “Christian Lacroix”, “Loewe”, “Kenzo”, “Guerlain”, “Berluti” kimi digər bahalı brendləri özündə birləşdirir. Arno adıçəkilən brendlərin satışı sahəsində də uğur qazanır. Hətta xərclərinə ciddi nəzarət edən insanlar belə Arnonun brendlərindən almağa başlayırlar. “LVMH”nın gəlirləri birə beş artır. Növbəti mərhələdə o, bazarda vəziyyəti elə də yaxşı olmayan brendləri almaq üçün “Boussac”dakı səmərəsiz səhmlərini satır. Bu satışdan sonra “Givenchy”, “Celine” kimi ticarət nişanlarını, zərgərlik şirkəti “Fred”i, o cümlədən İsveçrə saatları istehsalı şirkəti “Tag Heuer”i, parfumeriya şirkəti “Sephora” nı, çaxır təminatçısı “Chateau d’Yquem”u holdinqin tərkibinə qatır. Artıq 2000-ci ildə “LVMH” özündə 60-a yaxın ticarət nişanını birləşdirir. Nəzərə çatdıraq ki, 2003-cü ildə “LVMH” nın gəlirinin 25 faizini “Louis Vuitton” ticarət nişanı təmin edir. Mütəxəssislər o dövrdə hətta “Louis Vuitton”u “universal pul maşını” adlandırırdılar.
2011-ci ilin martında isə “LVMH” italiya istehsalçısı olan “Bulgari”ni tərkibinə qatır. Bulqari ailəsi “LVMH” səhmlərinin 3 faizi müqabilində səhmlərinin 50,4 faizini holdinqə satırlar. Bu müqavilənin dəyəri 3,75 milyard avro həcmində dəyərləndirilir.
Sahib olduqları
Bu gün iş adamının biznes dövriyyəsi 40 milyard dollar həcmində qiymətləndirilir. Bernar Arno “LVMH” holdinqin və “Christian Dior SA”nın rəhbəridir. Arno “Christian Dior SA” da 40,9%, “LVMH”da 47,4 faiz səhmə malikdir. Holdinqdə institusional investorların payı 44.2 faiz, fiziki şəxsləri payı 5 faizdir. “LVMH” yə konkret olaraq”Champagne Moët & Chandon”, “Dom Pérignon”,”Veuve Clicquot Ponsardin”, “Krug”, “Champagne Mercier”, ”Ruinart”, “S.A. du Château d’Yquem”, ”Jas Hennessy & Co”, ”Glenmorangie PLC”, ”Ardbeg”, “Belvedere Vodka”, “Benefit”, “Domaine Chandon California Inc”, “Bodegas Chandon S.A.”, “Domaine Chandon Australia Green Point Pty Ltd”, ”Cloudy Bay Vineyards LTD”, “Cape Mentelle Vineyards Ltd”, ”Newton Vineyard”, ”Numanthia”, ”Terrazas de los Andes Cheval des Andes”, ”10 cane”, ”Wenjun”, ”Louis Vuitton Malletier”, ”Loewe”, “Céline”, “Berluti”, “ KENZO S.A.”, “Givenchy S.A.”, “ Marc Jacobs International LLC”, “Fendi SRL”, “StefanoBi SRL”, ”Emilio Pucci SRL”, “ Thomas Pink LTD, “ Sephora”, “Nowness”, “Parfums Christian Dior”, “Guerlain SA”, “Parfums Givenchy”, “Kenzo Parfums”, “Laflachère”, “Benefit Cosmetics LLC”, “Fresh Inc.”, “Make Up For Ever S.A.”, “Acqua di Parma”, “Perfumes Loewe S.A.”, “ TAG Heuer SA”, “Zenith International SA”, “HUBLOT SA”, “Dior Watches”, “ Fred Joaillier”, “Chaumet International S.A.” daxildir. Bundan əlavə holdinq “Les Echos” (Les Echos, Connaissance des Arts, Classica, Radio Classique…) media qrupun sahibidir. Eləcə də yuxarıda adıçəkilən brendlərin satışını reallaşdıran 2000 mağaza şəbəkəsinə sahibidr. Bernar Arno hətta Çində ilk mağaza açanlardandır: “Biz Çində dükan açanda küçədə avtomobil belə yox idi. Hər kəs velisopeddə gəzirdi”.
Arnonun şirkətlərində 80 min nəfərə yaxın insan işləyir. “LVMH”-nın bazardakı maliyyə göstəricilərinə gəlincə, 2010-cu ildə satış 20,320 milyard avro , xalis gəlir 3,032 milyard avro,kapitalı 18,204 milyard avro təşkil edib. 2009-cu ildə şirkətin Paris birjasındakı kapitalizasiyası 42,43 milyard avro olub.
Yeri gəlmişkən, Bernar Arno kolleksiyasına İtaliya şirkəti olan “Gucci Group”u da qatmaq istəyib.Reallaşsaydı bu müqavilənin dəyir 6,15 milyard dollar olacaqdı. Lakin Arnonun niyyəti uğursuzluqla nəticələnir.Məşhur brendi onun bazardakı rəqibi satın alır.
Ailəsi
Bernar Arno iki dəfə evlənib. Bu evliliklərdən onun 5 övladı var. Milyarderin ikinci həyat yoldaşı – Elen Mersie pianoçudur. Məhz bu xanım ona 3 oğul övladı dünyaya gətrib. Arnonun birinci evlilikdən olan övladları onun biznesində yaxından iştirak edirlər.Hətta bir müddət onların arasında sərvət davası belə başlayır. Nəticədə milyarderin qızı Delfina “Louis Vuitton” moda evinin vitse-prezidenti olur. Oğlu Antuan “LVMH” ya daxil olan aksessuar şirkəti “Loro Piana”nun və ayaqqabı brendi “Berluti”nin sahibinə çevrilir. 70-ə yaxın yaşı olan Bernar Arnonun özü isə hələ təqaüdə çıxmaq niyyətində deyil.
Bu arada milyarder 2012-ci ildə Belçika vətəndaşlığı alıb.O bunu Belçikaya investisya yatırtmaq istəyi ilə əsaslandırsa da, mətbuat milyarderin addımını Fransadakı yüksək vergi siyasəti ilə əlaqələndirir. Belə ki, Fransa prezidenti Fransua Olland vergilərin 75 faizini illik gəliri milyon avrodan yüksək olan iş adamlarının hesabına təmin etməyi qərar verib.
Bizneslə pul üçün məşğul olmuram
İş adamı bizneslə pul üçün məşğul olmadığını deyir: “Fransızlarda bu tez-tez baş verir. Onları ehtiras hərəkət etdirir. Pul mənim üçün heç vaxt məqsəd olmayıb”. Bununla belə Bernar Arno 37,2 milyard dollar sahibdir. “Forbes” in qiymətləndirməsində dünya milyarderlərinin siyahısında onun adı 13-cü sırada yer alır.