Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Ümumdünya Ticarət Təşkilatının “Ticarətin Asanlaşdırılması Sazişi”nin gömrüklə bağlı müddəalarının tətbiqinə dair” subregional seminar başlayıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (MARİƏ) çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan, Gürcüstan və Qazaxıstan gömrük xidmətlərinin, eləcə də İqtisadiyyat Nazirliyi, Ümumdünya Gömrük Təşkilatı, MARİƏ, BMT və Ümumdünya Ticarət Təşkilatının nümayəndələri iştirak edir.
Seminarın açılışında Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya, İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov iştirak ediblər.
Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev dünyada baş verən iqtisadi proseslərin, ticarət zəncirindəki dəyişiklikərin fonunda ticarətin asanlaşdırılması ilə bağlı sazişin gömrük müddəalarından irəli gələn məsələlərin müzakirəsinin böyük önəm daşıdığını diqqətə çatdırıb.
Komitə sədri ticarətin asanlaşdırılması məsələlərinin həlli zamanı gömrük nəzarətinin effektivliyinin artırılması, gömrük əməkdaşlarının potensialının gücləndirilməsi və təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Qeyd olunub ki, ticarətin asanlaşdırılması sərhədkeçmə proseslərinin sürətləndirilməsindən, prosedurların sadələşdirilməsindən, sərhəddə fəaliyyət göstərən qurumlar arasındakı əməkdaşlığın gücləndirilməsindən və Səlahyyətli İqtisadi Operator (SİO) institutlarının səmərəli fəaliyyətindən çox asılıdır.
Azərbaycan Gömrük Xidmətinin bu sahədə atdığı addımlar barədə də danışan Komitə sədri bildirib ki, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində formalaşan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən innovativ islahatlar nəticəsində dünya gömrük ailəsinin etibarlı tərəfdaşına çevrilən gömrük orqanları hər zaman müasir tətbiqlərin və layihələrin reallaşdırılmasına xüsusi önəm verir.
Sonra Komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tranzitin gücləndirilməsi, logistik imkanların inkişaf etdirilməsi, yeni nəqliyyat dəhlizlərinin formalaşdırılması, müasir qanunvericilik bazasının hazırlanması və gömrük sistemində ticarətin asanlaşdırılmasına xidmət edən layihələrin həyata keçirilməsindən bəhs edib və görülən işlərin ticarətin asanlaşdırılmasına mühüm töhfə verdiyini bildirib.
Qeyd olunub ki, görülən işlər bütün sahələrdə olduğu kimi, gömrük sistemində də vətəndaş-məmur təmasının minimuma endirilməsinə, şəffaflığın təmin olunmasına, biznes mühitinin dinamik inkişafına, könüllü riayət mədəniyyətinin formalaşmasına münbit zəmin yaradıb. Komitə sədri bu il fevralın 1-dən “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi, sistemin ticarətin asanlaşdırılması, gömrük işinin səmərəli təşkili sahəsindəki faydaları barədə də danışıb, seminarın asan və sürətli ticarətin təmin olunması işinnə töhfə verəcəyinə əminliyini ifadə edib.
ÜGT-nin Baş katibi Kunio Mikuriya Azərbaycan Respublikasının Prezidenti və Baş naziri ilə görüşlərinə toxunaraq ölkədə gömrüyün modernləşdirilməsi istiqamətində ortaya qoyulan siyasi iradənin təqdirəlayiq olduğunu vurğulayıb.
Azərbaycan gömrük sistemində həyata keçirilən islahatlar və yeniliklərdən bəhs edən Kunio Mikuriya şəffaflığın təmin olunması, korrupsiya ilə mübarizə, kağızsız ticarət, informasiya texnologiyalarının tətbiqi, vətəndaş-məmur təmasının minimuma endirilməsi, prosedurların sadələşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunduğunu deyib. Baş katib əvvəlcədən elektron şəkildə əldə edilən məlumatlar əsasında gömrük nəzarəti və rəsmiləşdirilməsinin təşkili prosesindəki yeni yanaşmaların da ticarətin asanlaşdırılmasına, gömrük işinin səmərəli təşkilinə fayda verəcəyini bildirib. Baş katib Azərbaycanda tranzitin inkişafı ilə bağlı görülən işlərdən də bəhs edib.
ÜGT rəhbəri seminarın ticarətin asanlaşdırılmasına dair məlumatlandırma ilə yanaşı, nümunəvi təcrübələrin mübadiləsi baxımından da səmərəli platforma olduğunu bildirib.
İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov qloballaşan dünyada ticarətin asanlaşdırılmasının vacib məsələlərdən biri olduğunu, həm müvafiq beynəlxalq təşkilatların, həm də ölkələrin bu istiqamətdə mühüm islahatlar apardığını, yeniliklər tətbiq etdiyini diqqətə çatdırıb. Nazir müavini Azərbaycanın bu sahədə kompleks yanaşma tətbiq etdiyini, ixracın təşviq edilməsi, ticarətin asanlaşdırılması, nəqliyyat və logistika sahəsində səmərəli layihələr həyata keçirdiyini bildirib.
Daha sonra çıxış edən Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı daimi nümayəndəsi Nəriman Manapbekov, AİB-nin Şərqi Asiya departamentinin nümayəndəsi Ying Qyan və MARİƏ institutunun direktor müavini Yergali Dosmagambet seminarın yüksək səviyyədə təşkilinə görə Azərbaycan Gömrük Xidmətinə təşəkkürlərini bildirib, tədbirin əhəmiyyətindən danışıblar.
Sonra seminar başlayıb. Seminarda Ümumdünya Ticarət Təşkilatının Ticarətin Asanlaşdırılması Sazişinin gömrük müddəalarından irəli gələn məsələlərin tətbiqi, Azərbaycan Respublikasının Ticarətin Asanlaşdırılması Sazişi üzrə Məsləhətçi Komitəsi üçün texniki tapşırığın və ilkin fəaliyyət planının hazırlanması, Gürcüstan və Qazaxıstan respublikalarına dair Ticarətin Asanlaşdırılması Sazişi üzrə faəliyyət planına yenidən baxılması, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının üzv ölkələri arasında əlaqələndirilmiş sərhəd idarəçiliyi və tranzit rejimlərinin səmərəli tətbiqi üçün seçim və imkanların daha yaxşı öyrənilməsi məsələləri müzakirə edilir.
Seminar yanvarın 16-dək davam edəcək. Növbəti gün seminarda Ümumdünya Ticarət Təşkilatı Ümumdünya Gömrük Təşkilatı, BMT və Çin Gömrük Administrasiyasının mütəxəssisləri və iştirakçı ölkələrin ekspertləri Ticarətin Asanlaşdırılması Sazişinin gömrüklə bağlı müddəaları, Azərbaycan Respublikasının qanunvericilik bazasının Ticarətin Asanlaşdırılması Sazişinin müddəaları ilə harmoniyası, Ticarətin Asanlaşdırılması Sazişi üzrə Milli Komitənin ilkin fəaliyyət planının formalaşdırılması, Ticarətin Asanlaşdırılması Prinsiplərinin tətbiqi üzrə Yol Xəritəsi, Səlahiyyətli İqtisadi Operatorlar, sərhədlərin əlaqələndirilmiş idarə olunması /birgə gömrük nəzarəti və digər mövzularda təqdimatlarla çıxış edəcək, müzakirə aparacaqlar.