Marketinq və kommunikasiyalar sahəsi üzrə xidmət əhatəsini genişləndirən Marcom şirkəti 2020-ci il üçün nəzərdə tutduğu Tibbi Marketinq xidmətini istifadəyə verib.
Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyev bu xidmətin tibb sektorunda fəaliyyət göstərən şirkətlərin və klinikaların inkişafına ciddi təkan verə biləcəyini söyləyib:
“Biz bu xidmətin bazara təqdim olunması üçün 4 ay müxtəlif marketinq alətləri ilə sektoru analiz etməli olduq. Məlum oldu ki, digər sektorlardan fərqli olaraq tibb sahəsi üzrə ixtisaslaşan marketinq mütəxəssislərinin sayı olduqca azdır. Buna görə bir çox şirkət və klinikaların marketinq üzrə fəaliyyətlərində ciddi boşluqlar mövcuddur. Bu boşluqlar da öz növbəsində müştəri itkisinə, göstərilən xidmətin keyfiyyətinə və ümumilikdə klinikaların reputasiyasına mənfi təsir göstərir. Təqdim etdiyimiz xidmət tibbi sahə ilə bağlı olan istiqamətlərin ümumilikdə 80%-ni əhatə edir. Müxtəlif səbəblərdən marketinq departamenti formalaşdırmaqda çətinlik çəkən şirkətlər və klinikalar, bu xidməti outsours (outsource) etməklə həm onlayn, həm də oflayn marketinq üzrə xidmətlərdən faydalana bilər.”
Qeyd edək ki, Marcom Marketinq və Kommunikasiyalar şirkəti bu ilin sonuna kimi bazara daha bir neçə fərqli marketinq xidməti təqdim etməyi planlaşdırır. Şirkət Azərbaycan və Gürcüstan bazarında 27 marketinq xidməti ilə təmsil olunur.