Grand Hotel Kempinski Geneva otelinin baş direktoru Thierry Lavalle – otel biznesində olduqca tanınmış biridir. Cenevrə Otelçilər Birliyinin prezidenti, məşhur Lozanna otel biznesi məktəbinin məzunu, 2016-cı ildə İsveçrədə ən yaxşı otelçi, restoran işində məşhur usta və yorulmaq bilməyən novator Thierry bütün qəlbi ilə həyatının işinə bağlıdır. Yaxın günlərdə cənab Lavalle Bakını ziyarət edib və Nargis’ə verdiyi müsahibədə işinə olan sevgisi, onu nəyin ilhamlandırdığı və bu gün şəhərimizi necə gördüyü barədə bəhs edib.
Cənab Lavalle, sizi Azərbaycana nə gətirib?
Azərbaycan mənim doğma İsveçrəm üçün böyük potensiala malik bir ölkədir. Sizin ölkəniz özünü mükəmməl şəkildə sübut edib. Mən hazırda xüsusilə Grand Hotel Kempinski Geneva otelim barədə danışmaq, onun təsirini və təmsilçiliyini artırmaq üçün buradayam.
Azərbaycanın paytaxtında otel biznesinin perspektivlərini hiss edirsiniz? Peşəkar nöqteyi-nəzərdən onları necə dəyərləndirərdiniz?
Bakı otel sənayesinə çox müsbət təsir göstərən turistik istiqamətdə populyarlıq qazanır, çünki hər gün yeni otellərə tələbat artır.
Otelçilərimizə verə biləcəyiniz əsas məsləhətiniz?
İşlərinə ehtirasla yanaşsınlar.
Ölkə üçün otel biznesinin uğurlu inkişafının rəhni nədən ibarətdir?
Ardıcıllıq və komanda işi hər keçən gün inkişaf etməyə və böyüməyə kömək edir.
Bakı necə şəhərdir? Şəhərimizdə ən çox nə yadda qalacaq?
Bakı mənim üçün – Paris və Dubay sevgisinin bir memarlıq uşağıdır. UNESCO-nun Dünya İrsi Siyahısına daxil olmuş, Qala divarının qövsü ilə əhatə olunmuş İçəri Şəhər unudulmaz təəssürat yaradır.
Azərbaycan mətbəxini özünüz üçün kəşf etmisiniz? Favoritlərinizi müəyyən edə bilmisiniz?
Mən həmişə yeni məkanları ziyarət edərək yeməyə böyük diqqət yetirirəm. Bakıda sizin zəngin və dadlı mətbəxinizlə çox maraqlı təcrübə qazanmışam. Sizin plovu və kababı xüsusi qeyd etmək istərdim.
Cenevrədə ən böyük beşulduzlu otel məkanını idarə edirsiniz. Eyni zamanda restoran açmağa, səyahət etməyə, master-klasslar verməyə müvəffəq olursunuz. Bütün bunlara necə vaxt tapırsınız?
Bir-birinə oxşar günlər yoxdur. Gününüz həmişə gözlədiyiniz şəkildə keçməyə bilər. Siz son dərəcə zirək, fəal və hər şeyə hazır olmalısınız.
İşinizdə Sizi ən çox nə cəlb edir? Hansı təcrübə ən pozitivdir?
Müştərilərimizin 100% məmnuniyyəti.
Yeni fikirlərinizi nədən alırsınız, nədən ilhamlanırsınız?
Mənim səyahətlərim – budur, əsl ilham mənbəyi. Bundan başqa mənim yaradıcılığım olduqca bağlı olduğum sadə insani dəyərlərdən ilhamlanır: insansevərlik, mehribanlıq, əlçatanlıq, səbr, dürüstlük və qarşılıqlı hörmət kimi.
Siz artıq çoxdandır ki, bu biznesdəsiniz. Otel qonağınızın portreti bu illər ərzində çoxmu dəyişib? Sizin ideal qonağınız nə cür olmalıdır?
Son 30 ildəki ən böyük dəyişiklik – bütün dünyada səyahətlərin çoxalmasıdır. Təyyarələr dolu, hava limanları məşğul və səma həddindən artıq yüklənmişdir. Buna görə də, qonağın oteldə özünü evdəki kimi hiss etməsi çox vacibdir.
Səyahət etdiyiniz zaman işdən kənara çıxa bilirsiniz, yoxsa həmişə hər şeyi tamamilə peşəkar bir baxışla qiymətləndirirsiniz?
Xeyr, mən həmişə işimə bağlıyam, axı o mənim ən əsas ehtirasımdır. Otelçi olmaq – mənim DNT-dədir.
Ən yaxşı İsveçrə otelçisinin istirahət arzusu nədir?
Yayda, Sankt-Moritsdə dincəlmək. Çünki dağların qarla örtüldüyü vaxta nisbətən bu mövsümdə onları daha təsirli və gözəl hala gətirən bir şey var.
Səfərdə olduğunuz ən yaddaqalan ölkə?
Fransız Polineziyası, xüsusilə Tetiaroa adası. Marlon Brandonun dediyi kimi: “Tetiaroa möhtəşəmdir, mənim təsvir edə biləcəyimdən daha möhtəşəm”.
Bir turist şəhərdən maksimal dərəcədə zövq almaq üçün Cenevrəyə nə zaman getməlidir?
Bir çox istiqamətlərdən fərqli olaraq, Cenevrə insanların bütün il boyu zövq ala biləcəyi şəhərlərdən biridir. Qışda sizin xidmətinizdə – xizək kurortları təqdim olunur, yayda əsas hadisə təbii olaraq möhtəşəm atəşfəşanlıqla tamamlanan «Fêtes de Genève» festivalıdır. Bölgədə bir çox musiqi festivalları da keçirilir. Bir çox kəşflər və möcüzələr təklif edə biləcək bahar və payız mövsümlərini də unutmayaq!
©nargismagazine