Taym menecment və ya zamanı necə idarə etməli?

Date:

Paylaş:

Həmsöhbətimiz Karnegi Klub Treninq Mərkəzinin rəhbəri Nəcəf Allahverdiyev zamanın düzgün idarə edilməsinə dair öz faydalı məsləhətlərini və düşüncələrini bizimlə bölüşüb.

 

Taym menecment (ing. time management) zamanın idarə edilməsi texnologiyası və onun səmərəli istifadəsinin artırılması deməkdir. Bu, eyni zamanda müəyyən məqsədlərə çatmaq üçün iş vaxtının effektiv planlaşdırılması, zaman resurslarının yaradılması, prioritetlərin yerbəyer edilməsi və nəzərdə tutulmuş işlərin yerinə yetirilməsinə nəzarətdir. Ələxüsus böyük şəhərlərdə müşahidə olunan yüksək həyat tempi, informasiyanın çoxluğu müasir insanın bir çox məqsədlərə nail olmasını çətinləşdirir.
Zamanın idarə edilməsinin əsas məqsədi öz resurslarınızın effektiv şəkildə xərclənməsinə nail olmaqdan ibarətdir. Qeyd edək ki, hər insana anadangəlmə mütəşəkkillik verilməyib. Ümumiyyətlə, iki tip insan mövcuddur. Birinci tip insanlar qarşılarına qlobal hədəflər qoyur, öz vaxtını bölüşdürür və səmərəli istifadə edir. İkinci tip insanlar böyük məqsədlərə çatmağa can atmırlar.
Birinci məsləhət
Bil ki, zamanı idarə etmək mümkün deyil. Biz yalnız özümüzü idarə edə bilərik! Zamanı idarə etmək – özünü idarə etməkdir. Başqalarını idarə etmək üçün bizə lazım olan planlaşdırma, bölüşdürmə, təşkiletmə və nəzarət bacarıqları əslində özümüzü idarə etmək üçün gərəklidir.

İkinci məsləhət

Bil ki, “zaman pula bərabərdir” deyimi səhvdir. Zaman puldan deyərlidir, çünki pulu itirdikdən sonra qazanılması mümkündür, amma zaman itkisinin bərpası mümkünsüzdür. Hər anın qədrini bil!

Üçüncü məsləhət

Ağlında olan bütün fikirləri yazıb, rahatlaş. Sonra isə soyuq başla işləri prioritetlik prinsipinə görə yerbəyer et. Prioritetlərin düzgün şəkildə düzülməsi əlavə stresdən xilas olmağa yardımçı olur. Vacib olmayan işlərdən azad olmaq üçün sadəcə “Bu məsələni indi həll edə bilmərəm, sonra yada salarsız” cümləsini deməyi öyrən.

Dördüncü məsləhət

Tənbəlliyə şans ver.
Çox vaxt böyük bir işə başladığımız zaman həcmi o qədər də böyük olmayan işləri yerinə yetirməyə bizə tənbəlliyimiz mane olur. Biz sanki işə başlamağı yubadır, öncə bir fincan çay içir, internetdə vaxt keçirir, ya da heç nə etmədən avaralanırıq. Həmin vaxt daxilimizdə vicdanımızın sızıltısını hiss edirik. Tənbəllikdən xilas olmaq üçün olduqca maraqlı psixoloji texnika mövcuddur. Özünə amnistiya ver. Hər hansı işə başlamazdan əvvəl işin müddətinə mütənasib olaraq, müəyyən zaman kəsiyində vicdanının səni narahat etməyəcəyi şərti ilə özünə heç nə etməmək və ya nə istəyirsən et haqqını ver.
Bu zaman işə ayrılan zamana uyğun olmalıdır. Misalçün, əgər sənə müəyyən tapşırıq üçün 6 saat ayrılıbsa, özünə 15 dəqiqəlik amnistiya, yəni azadlıq ver. 3 günlük işdirsə – 1 saat, 1 aylıq tapşırıq üçün isə – yarım gün və hətta bir gün ayır. Nəticədə boş vaxtın olacaq və sən dərhal sıxıntı, darıxma hiss edəcək və mütləq işə başlamaq istəyəcəksən.

Beşinci məsləhət

Qarşıdakı günü səhərdən və ya axşamdan planlaşdır. Gündəlik iş planını axşamdan qursan, vaxtını xeyli qənaət etmiş olursan. Bu, səni lazımsız həyəcan və qayğılardan qoruyur.

Altıncı məsləhət

Gündəlik iş kitabçanda və ya müasir dildə desək orqanayzerində boşluqlar saxla. Bu, iş partnyorunun görüşə gecikməsini və ya vaxt dəyişikliyini sığortalayacaq, habelə istirahət və yeni hədəflər üçün fikrinin cəmlənməsinə zaman yaradacaq.
Məsələn:
Düzgün deyil
10:00 planlama
10:30 – X ilə görüş
11:00 – U ilə görüş
Düzgündür
10:00 – planlama
10:45 – X ilə görüş
11:30 – U ilə görüş

Yeddinci məsləhət

Öz işlərini prioritetləşdir.
Pareto prinsipinə görə, əməyin 20%-i nəticənin 80%-ni təmin edir, yəni minimum zəruri resursları cəlb etməklə, planlaşdırılmış fəaliyyətin əhəmiyyətli qismini əldə etmək mümkündür, belə ki, sonrakı addımlar və cəhdlər öz effektivliyini itirir və ya ümid olunan nəticəni vermir.
Məhz bu səbəbdən daha çox fayda verən hədəfləri tapmalı və onların sayını artırmalısan.

Səkkizinci məsləhət

Hər görüş və ya zəngdən əvvəl bu kontaktdan hansı nəticəni əldə etmək istədiyini müəyyən et. Öz məqsəd və hədəflərini bilməklə yanaşı, biznes partnyorunu və ya başqa şəxsi inandırmağa çalışmalı, özündə əmin olmalısan.
P.S:
Vaxtın səmərəli idarə olunması zamanımızın aktual mövzularındandır. Unutma ki, iş hədəfləri və karyera ilə yanaşı, həyatda son dərəcədə gözəl və maraqlı şeylər var. Şəxsi həyatına ayıracağın zaman bahasına növbəti layihəni götürməyə ehtiyac varmı? Axı hər şey pul və sonsuz uğurlarla ölçülmür. Həyatını elə şəkildə planlaşdır ki, sonra özünə ayırmadığın vaxta görə peşmanlıq hissi keçirməyəsən.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...