Əyyub Hüseynzadə: Türkiyədən Azərbayacana gələn kitabların böyük qismini biz tədarük edirik
-Biznes sahəsinə gəlişiniz necə olub? Adi kitab satışınızdan başlayaraq bu günədək hansı yolları qət etmisiz?
-Erkən yaşda düşünmürdüm ki, kitab işinə girəcəm. Futbolçu olmaq istəyirdim. Ailəmin təsiri ilə universitetə daxil olmalı oldum, Qafqaz Universitetinə. Sentyabrın ya 12-si, ya da 13-ü idi, bizi universitetdə toplamışdılar. Müəllimlər bir-bir çıxıb universitet haqqında danışırdılar. Bir türk müəllimimiz var idi. O nitqində belə bir şey demişdi ki, mən universitetdə oxuduğum zaman evlə universitet arasında bir xeyli məsafə var idi, gedib-gələrkən zamanım boşa getməsin deyə başladım yolda kitab oxumağa və bir ilin sonunda 12000-13000 səhifədən çox kitab oxuyub bitirdim. Həmin gün 4 saatlıq proqram olmuşdu və məhz bu cümlələr mənə təsir etməyə başlamışdı. Düşündüm ki, mən hər gün Qafqaz Universitetiylə Mehdiabad arasında gedib-gəlirəm, saat yarım vaxt itirirəm. Mən də həmin müddətdə kitab oxusam, daha faydalı olar. Kitablara marağım bununla başladı. 2009-cu ildən bu günə qədər sadəcə ictimai nəqliyyatlarda oxuyub bitirdiyim yüzlərlə kitab var. Evdə kitab oxumuram. Sosial bir insanam və planlı yaşamağı sevirəm. Universitetdə oxuduğum zaman düşündüm ki, görəsən, mən qocalanda nə iş görəcəm? Beynimdə planlaşdırdım ki, bir kitab mağazası açaram və həyatımın geri qalan qismini həmin məşğuliyyətlə keçirərəm.
-İlk kitablarınızı əldə satırdınız, yoxsa kiçik dükanınız var idi?
-İlk kitabları sosial şəbəkə üzərindən onlayn olaraq satırdıq. Sifarişlər alırdıq, hər işi özümüz görürdük. Yəni, belə desək, müdir də, işçi də özümüz idik. Universitetdə Texnopark var idi, onlar öz işini qurmuş şəxslərə dəstək olurlar, ofis, kompüter, müəyyən məbləğdə pul və sairlə təmin edirlər ki, işi böyütsünlər. O zaman bizə 800 manat pul verdilər və biz işi daha da böyütməyə başladıq. Hər gün sifarişlərimiz daha da artırdı. 2013 ya 2014-cü ildə mən Türkiyədə kitab sərgisində oldum. Orada 33 ölkədən milyonlarla kitab var idi. Türkiyədə 1 həftə qaldım, həmin sərgi salonunu 4 günə gəzib bitirə bildim. Həmin zaman oradakı nəşriyyatlarla müqavilə bağlamağa başladım. Biz 40-dan çox Türkiyə nəşriyyatının Azərbaycan nümayəndəliyini aldıq. İşlərimiz bu şəkildə böyüməyə davam edirdi. Dünən 1 kitab almağa pulu çatmayan tələbə bu gün Azərbaycanın bir çox yerlərində yəni, bazara girən türkcə kitabların satışı ilə məşğuldur. Adlarını çəkmək istəmədiyim bir çox mağazaların kitablarını biz veririk.
-Sizi ən çox motivasiya edən və irəli getməyinizə dəstək olan nə oldu?
-Mən universitetə bir qəsəbədən qəbul olmuşdum və mənim üçün dünya həmin o qəsəbədən ibarət idi. Mənim dünyam sadəcə o qəsəbə ilə sərhədlənirdi. Universitetə qəbul olduğum zaman dünyam böyüməyə başladı. Düşdüyüm mühit tamam fərqli idi. Kompüterlə əlaqəli dərslər keçirilirdi və mən kompüterlə bağlı heç nə bilmirdim. Kompüter anlayışım sadəcə kompüter oyunları ilə məhdudlaşırdı. Amma universitetdəki dostlarımın hamısı savadlı uşaqlar idi və onların həyata baxış tərzləri ilə mənim düşüncələrim arasında bir xeyli fərq vardı. Mən təhsilin gücünü məhz həmin vaxt fərq etdim. Ümumiyyətlə, həyatda 3 cür dolana bilərsiz. Bu, təkcə Azərbaycanda deyil, dünyanın hər yerində keçərlidir. Ya ailəniz imkanlı olmalıdır, ailə şirkətində çalışmalısız. Ya yaxşı qohumlarınız olmalıdır ki, qabağa gedə biləsiz. Ya da ki, özünüz öz gücünüzlə çalışıb müəyyən yerlərə gəlib çıxmalısız. Mən də baxdım ki, məndə varlı ailə, imkan yoxdur, atam sürücü, anam da kitabxanada işləyir. Mən nəyisə bacarmalıydımsa, öz gücümlə bacarmalıydım. Daha çox çalışmalı idim. Məni motivasiya edən sırf bu düşüncələrim oldu. Özüm-özümü motivasiya edirdim. Daxili motivasiyanın olması önəmlidir.
-Sizcə, yaxşı biznes qurmaq üçün iş adamında hansı keyfiyyətlərin olması mütləqdir?
-Kommunikasiya qabiliyyəti olmalıdır. İstənilən şəxslə düzgün ünsiyyət yarada bilməlidir. Nələrəsə təşəbbüs etməkdən çəkinməməlidir. Araşdırma qabiliyyətini də misal çəkmək olar. Davamlı olaraq yeni bilgilər əldə etməyə çalışıb inkişaf etməlidir. Dürüstlük və səmimiyyət də önəmli rol daşıyır. Etibarlılıq, ədalətlilik və bunlar kimi bir çox müsbət xüsusiyyət daha.
-Uğura yiyələnmək üçün tabeçiliyinizdəki insanlarla necə münasibət saxlayırsız?
-İlk başlarda olduğum kimi idim, necə idimsə, elə o cür də davranırdım. Sonra müəyyən kitablar oxudum. Bu kitablarda iş yerində oturuşdan tutmuş, işçilərlə davranış qaydalarına qədər müəyyən mövzulardan bəhs edilirdi. Həmin kitabları oxuduqdan sonra istər-istəməz düşündüm ki, dəyişiklik etsəm, yəni, “artistlik” filan eləsəm, daha uğurlu olaram. Bir çox fərdi inkişaf kitabları bunları öyrədir. Lakin müəyyən zaman keçdikdən sonra gördüm ki, yox, elə necə varamsa, o cür də davam etməliyəm. İşdə iş görürük, yeri gələndə zarafatlaşırıq, yeri gələndə birlikdə gəzintilərə çıxırıq. Hər kəs öz öhdəsinə düşəni bilir.
-Azərbaycanda kitab oxuyan, mütaliə edən kütlə azlıq təşkil edir. Bu cür riskə getməyinizə səbəb nə oldu? Halbuki bundan da gəlirli sahələr mövcuddur.
-Bir növ, istəmədən o axara girdim. Dediyim kimi, sadəcə kitab ehtiyacımı qarşılamaq üçün bu işə başlamışdım. Bununla da getdikcə böyüdü. Bu iş gəlirli iş deyil. Gəlirli olması üçün ilk növbədə, həmin kütlənin artmasına ehtiyac var. Azərbaycanda mütaliə edən kütlə universitet tələbələri və rus dilli təbəqədir. Davamlı şəkildə mütaliə emək lazımdır. Sadəcə özümüzçün yox, uşaqlara nələrsə aşılamaq üçün, onların gələcəyi üçün də. Yəni, bu niyyətlə, bu düşüncəylə həmin işi davam etdirmək istədim.
-Belə bir cümlə var: “Filmlər kitablarının qatilidir”. Heç olubmu ki, hansısa kitabı oxuduqdan sonra filmini izləyəsiz və sizcə, bu cümlə ilə razılaşmaq olar?
-Filmini izlədiyim kitablar olub. Doğrudur, müəyyən qədər dəyişikliklər, qısaltmalar var. Amma belə bir şey də var ki, hər şeyi efirə vermək olmur. İkisinin də effekti ayrı-ayrılıqda fərqli olur. Kitabı oxuduğun zaman fərqli hisslər keçirirsən, filminə baxdıqda isə tamam fərqli. Məsələn, elə mövzular olur ki, kitabını oxuduğu zaman insana təsir etmir. Amma filmini izləyəndə, hətta ağlada da bilir. Filmlərin daha təsirli olmasında musiqilərin də rolu var. Cümləyə qaldıqda isə, məncə, ikisi də fərqli-fərqli şeylərdir.
-“Biznesin qızıl qaydaları” başlığı altında rəqəmlər sıralasaq, bu cərgələrə nələri daxil edərdiz?
-“Aldatmamaq” ifadəsi ilk sıralarda olmalıdır, məncə. Mən keyfiyyətli məhsul satdığım zaman əlbəttə ki, həmin alıcı yenidən gəlib məndən məhsul alacaq. Çünki mən onu aldatmadım, dürüst oldum. Biznesin kökü insani keyfiyyətlər üzərində qurulub. Yəni, insanların duyğuları üzərindən onlara nələrsə satırıq. İnsan psixologiyasına tam hakim olmaq lazımdır.
-Uğurun qazanılmasında yaxşı hadisələrlə yanaşı mənfi nəticələr də önəmli rol oynayır. Sizdə beləsi olubmu?
-Məsələn, müqaviləsiz iş gördüyün zaman güvənirsən ki, bizdə kişi sözü var, adamlar söz veriblər, o boyda o adam sözündən qaçmaz, filan. 50-100 ədəd kitab verirsən və o sənə pul ödəməlidir.
Adam gəlir deyir ki, ödəməni edə bilmirəm və ya yadımdan çıxdı və ya satılmadı. Məhz bu zaman həmin hadisə adamın üzünə sillə kimi dəyir. Dostun da olsa, tanışın da olsa, qardaşın da olsa müqaviləsiz iş görməyəcəksən.
-Çox zaman Azərbaycan xaricdən nələrsə almağa ehtiyac duyur. Bəs xaricilərin bizim bazardakı hansısa kitaba marağı varmı?
-Əslində, sahələrə görə dəyişir. Məsələn, bizneslə bağlı o qədər də tələbat yoxdur. Amma tarix, kulinariya, müxtəlif romanlar, ədəbiyyatlar və sair ola bilər.
-Kitab biznesi ilə yanaşı başqa bizneslə də məşğulsunuz. Bununla bağlı nə deyə bilərsiz?
-Biz kitabdan sonra “Business Talk”u qurduq. Belə bir şüarımız var: “Hər şey yaxşı biznes əlaqələrindən doğulur”. Bizim buradakı əsas məqsədimiz gənclərlə iş dünyasını bir araya gətirməkdir. Özü öz gücü ilə bir yerlərə gəlib çıxmış insanları gənclərlə görüşdürmək, onları ümumi iş dünyası ilə tanış etmək hədəfimiz var. Bizim cəmiyyət olaraq iş adamları və ya tanınmış insanlarla aramızda böyük uçurumlar var. Bizim əsas məqsədimiz o uçurumları körpüyə çevirməkdir. Cəmiyyətimiz görsün ki, onlar da bizim kimi sadə insanlardır. Mən həmin iş adamlarını dəvət etmək istədiyimi deyəndə insanlar mənə deyirdilər ki, görəsən gələcəklərmi? Onlardan biri “Mado”nun direktoru, biri Azərbaycan Universitetinin rektoru, biri “Koç Holding”in Azərbaycan direktoru, biri də “McDonald’s”ın İngiltərə və Türkiyə üzrə direktoru idi və həmin insanlar bizim tədbirlərə gəldilər.
Gənclər onlara tam səmimi suallar ünvanladılar, onlarla birlikdə çay, kofe içdilər. Bu, bizim insanlar üçün əlçatmaz bir şey kimi görünürdü. Amma Türkiyədə sadə bir şeydi. Mənim özümün Türkiyədə Acunla yarım saat söhbət etmişliyim olub, “Pegasus Airlines”ın prezidenti Ali Sabancı ilə iki dəfə görüşüm baş tutub və bu, bizim insanlarımız üçün həqiqətən əlçatmaz görünür. Azərbaycandakı “Simit Sarayı”nın sahibi, məsələn, çox sadə insandır. Teymur Məmmədov, məsələn. “Jalə” meyvə şirələrinin adını verən, “Eurovision” mahnı müsabiqəsində Səbinə Babayevanın ifa etdiyi mahnının Azərbaycan versiyasının sözlərini yazan, “Turkcell”in “Hayat paylaşınca güzel” reklamının ideya və ssenari müəllifi məhz həmin şəxsdir və bu şəxs azərbaycanlıdır. Dünyada ilk dəfə nəm salfeti kəşf edən insan var, məsələn, türkdür. Amma biz onları tanımırıq. Uzun sözün qısası, bizim bu biznesi qurmaqda məqsədimiz bu kompleksləri aşmaqdır. 2013-cü ildə də “Young Career Academy”ni qurmuşduq. O, çox aktiv olmasa da, 2 seminarımız baş tutmuşdu.
interview.az