Sumqayıtdakı obyektlərin dövriyyəsi 1 milyard manata çatır

0
835

Fevralın 5-də Sumqayıtda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, 2016-cı illə müqayisədə 2017-ci ildə ümumdaxili məhsulun həcmi 30,2 faiz artaraq 1 milyard 533 milyon manatdan çox olmuşdur. Onun bir nəfərə düşən həcmi 4489 manat təşkil etmişdir ki, bu da 2016-cı ilə nisbətən 32,4 faiz çoxdur.

Ötən illə müqayisədə sənaye müəssisələrində məhsul istehsalı 34,0 faiz artaraq 1 milyard 81 milyon manat təşkil etmişdir. Ümumdaxili məhsulun tərkibində qeyri-dövlət sektorunun payı 85,0 faizdən çox olmuşdur.

Vurğulanıb ki, əsas kapitala investisiya qoyuluşu tikinti-quruculuq işlərinin genişləndirilməsinə, şəhərin tarazlı inkişafına mühüm təsir göstərir. Bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 410 milyon manat vəsait yönəldilmiş, artım tempi 16,8 faiz təşkil etmişdir. Kapital qoyuluşunun 73,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə yönəldilmişdir. 2017-ci ildə tikinti-quraşdırma işlərinin həcmi 12,0 faiz artmışdır.

Bildirilib ki, ötən il Kimya Sənaye Parkında illik istehsal gücü 30 min ton olan süni sürtkü yağları, istehsal gücü 30 min ədəd olan yüksək təzyiqədavamlı birləşdiricilərin istehsalı, 145 çeşiddə quru formada 13 min ton, maye halında 57 min ton istehsal gücünə malik pestisidlər zavodu, müxtəlif tipli informasiyaların emalı, saxlanılması və ötürülməsi, informasiyanın təhlükəsizliyinin təmin olunması xidməti göstərən Data Mərkəz, 67 mVt gücündə yarımstansiya istifadəyə verilib. Həyata keçirilən tədbirlər nəticəsində 6901 yeni iş yeri açılıb. Bu da 2016-cı illə müqayisədə12 faiz çoxdur.

Şəhər ərazisində fəaliyyət göstərən ticarət və iaşə obyektləri üzrə pərakəndə əmtəə dövriyəsinin həcmi 933 milyon manat olmuş, əvvəlki ilə nisbətən 31,0 faiz artmışdır.

İqtisadiyyatın başqa sahələrində olduğu kimi əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətin həcmi xeyli çoxalmışdır. Əhali 274 milyon manatlıq pullu xidmətdən istifadə etmiş, ötən illə müqayisədə 34,7 faiz artım əldə olunmuşdur.

Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkünlər üçün 12-ci mikrorayonda 936 mənzildən ibarət yaşayış binalarının tikintisinə 2,8 hektar torpaq sahəsi ayrılıb. Hazırda həmin ərazidə evlərin tikintisi davam etdirilir. Bununla yanaşı, şəhərin müasir yol-nəqliyyat sisteminin qurulması diqqət mərkəzində saxlanılıb. İlin əvvəlindən Metallurq, Sülh küçəsindən başlayaraq sənaye zonasından keçməklə Bakı-Quba magistralına qədər 4 kilometr uzunluğunda yol yenidən əsaslı şəkildə təmir olunur, yolun hərəkət hissəsi genişləndirilir. Həmin küçədə “Acı dərə” kanalının məcrasının dəyişdirilməsi ilə əlaqədar yeni su ötürücü kanalizasiya xətti çəkilir. Bir neçə küçədə avtomobil yoluna yeni asfalt örtüyü salınıb.

Şəhərdə 450 yaşayış binasının üstü yüksək keyfiyyətli metal kirəmitlə örtülüb. Həmçinin ötən ilin noyabr ayından növbəti 100 binanın dam örtüyünün dəyişdirilməsinə başlanılıb. Bu işlərin cari ilin birinci rübün sonunadək başa çatdırması nəzərdə tutulub. “Lift Servis” Birliyi tərəfindən şəhərin mənzil fonduna aid hündür mərtəbəli binalarda istismar müddətini ötmüş liftləri dəyişmək üçün 105 lift alınaraq şəhərə gətirilib.

Daha sonra məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, çıxışlar dinlənilib. Çıxışlarda 2017-ci ildə görülən işlər təhlil edilib, uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli ilə bağlı təkliflər irəli sürülüb.

fed.az