Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri “Süfrə” MMC dönərxanaları yeni layihəyə cəlb edəcək

“Süfrə” MMC dönərxanaları yeni layihəyə cəlb edəcək

33
Paylaş

“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində “Süfrə” MMC yaradılacaq”.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin qurumun əsas rolu qida təhlükəsizliyi standartlarını özündə əks etdirən pilot layihələri tədbiq etmək olacaq.

O qeyd edib ki, belə pilot layihələrdən biri də minimum keyfiyyət təhlükəsizliyi tələblərini özündə əks etdirən dönərxanaların yaradılmasıdır:

“Təxminən 7 kvadrat metrlik sahəni əhatə edən, amma bütün sanitar gigiyenik göstəricilərini beynəlxalq standartlara uyğun şəkildə özündə əks etdirən dönərxanalar yaradılacaq. Dönər fəaliyyəti ilə məşğul olan minlərlə kiçik və orta sahibkarlıq subyektlərini bu layihədə iştiraka dəvət edəcəyik. Bunun da əsas məğzi ondan ibarətdir ki, Azərbaycanın müxtəlif regionlarındakı dönərxanalar arasından seçimlər edəcəyik. Dönərxanalar püşkatma yolu ilə seçiləcək. Qida Təhlükəsizliyi İnstitutu tərəfindən bütün bu işlər pulsuz həyata keçiriləcək”.

Q. Təhməzli deyib ki, layihə çərçivəsində ilkin olaraq kiçik ölçülü, modul tipli heyvan kəsimi ilə bağlı məntəqələr yaradılacaq: “Ümumdünya Heyvan Sağlamlığı Komitəsinin verdiyi tövsiyələrə əsasən, həmin məntəqələr üçün qoyulan minimal tələblər AQTA-nın ekspertləri tərəfindən müəyyənləşdirilir. Agentlik 39 rayonda 40 kəsim məntəqəsi yaradacaq. Hazırda həmin məntəqələrin quraşdırıla biləcəyi yerlər müəyyənləşdirilir.

Heyvan kəsimi məntəqələrində də AQTİ tərəfindən bütün fəaliyyətlər pulsuz həyata keçiriləcək. Biz bunu ona görə xüsusi qeyd edirik ki, sonradan bu məsələyə narazılıq edə bilən insanlar layihənin hər hansı məqsədlərə söykəndiyini iddia etməsinlər. Bu, sırf qıda təhlükəsizliyinin təmin edilməsi məqsədini daşıyır”.