Startapda işləmək püşk atıb hansı tərəfinin düşəcəyini təxmin etmək kimi bie şeydir.
Startapların tarixində bir elə bir an olur ki, püşk havada yuvarlanır və siz sonra nə olacağını bilmirsiniz. Bu, şirkətin taleyinin həll olunduğu andır. Püşk yerə düşəndə isə məlum olur – startapı uğur gözləyir yoxsa ağır iflas.
Püşk havada yuvarlanan vaxt əməkdaşlar şirkət uğrunda çalışırlar, amma hər biri öz daxilində nəticənin necə olacağı barədə narahatlıq yaşayır. Belə bir vəziyyətdə nəticə gözləmək də lazım deyil. Amma şirkətin sonrakı taleyi barədə bəzi əlamətləri bilmək olar və burada söhbət hər hansısa aşkar maliyyə və ya bazar göstəricilərindən deyil işçilərin ötürdükləri siqnallardan gedir.
1 . Əməkdaşlar kütləvi surətdə işdən çıxırlar
Bu nədən xəbər verir: işçilər inamlarını itiriblər
Biz zamanlar əməkdaşları startapa cəlb edən amillər artıq yoxdur və onların yenidən olması da mümkünsüzdür. İşçilərə çətin zamanlarda irəli getməyə təkan verən işıq sönüb və onlar artıq həvəsdən düşüblər.
Təəssüf ki, şirkət də əməkdaşların köməyi olmadan uğur qazana bilməz. Startapdan ən yaxşı və ən sadiq işçilər ayrılanda bu uğursuzluq daha da aktual hal alır. Bəzən ən həvəskar işçilər belə vəziyyətdən elə narahat qalırlar ki, startapdan gedirlər və bazar da bunu hiss edir. Belə olan halda nəyin baş verdiyinə diqqətlə nəzər salmaq lazımdır, çünki, bu, sonun başlanğıcıdır.
2 . Artıq dərəcədə motivasiya marketinqi olub
Bu nədən xəbər verir: şirkət əməkdaşları işdən çıxmamağa sövq edir
Gəlin səmimi olaq: mükəmməl rəhbərliyi və perspektivli planları olan yaxşı və maraqlı bir şirkətin özünü tərifə ehtiyacı olmur. Belə şirkətə, bu startapda işləməyin necə əla bir şey olması barədə işçilərə car çəkən motivasiya marketinqi “maşın”ı lazım gəlmir. O olmadan da siz bunu hiss edəcəksiniz.
Təəssüf ki, xaoslu iş günlərində bu gözünüzdən yayına bilər. Amma şirkətdə həqiqətən də işlərin qaydasında getmədiyini görsəniz, o zaman motivasiya marketinqi “maşın”ı sizi yanıldığınıza israrla inandıracaq.
Bu “maşın” ən fərqli vəzifələri icra edən adamlardan ( menecerlər, HR-lar, rəhbərlər) ibarətdir və onlar şirkət daxilində mühitə nəzarət etmək öhdəliyinə sahibdirlər. Onlar adətən belə ifadələr deyirlər: “Əlbəttə bütün işlər tərs gedir, bu təbiidir, axı biz startapda işləyirik!” yaxud “Bilin ki, böyük potensialımız var!”.
Unutmayın: yaxşı bir şirkətin sizi buna (yaxşı olmasına) inandırmağa ehtiyacı olmur.
3 . Rəhbərlik susur
Bu nədən xəbər verir: işçilər nəyin baş verdiyini anlaya bilmirlər
Konsaltinqdə susqunluq adətən bunu bildirir ki, rəhbərlərdə sizin bilmədiyiniz məlumat var və onlar onu qəbul edə bilmirlər.
Startaplarda da susqunluq təxminən buna işarə edir.
Rəhbərlikdən xəbər yoxdursa demək, şirkət təhlükədədir və səlahiyyətlilər onu qorumağın yollarını axtarırlar. Əgər susan aşağı vəzifəli əməkdaşlardırlarsa, demək ki, onlar yeni iş yeri axtarırlar, çünki, inamlarını itiriblər.
4 . Hamı daim ortalıqda dolaşır
Bu nədən xəbər verir: şirkətdə qeyri-düzgün vəzifələri icra edən hədsiz çox adam var
İnsanların ortalıqda dolaşması narahatlıq yaradır – vacib tapşırıqların icrasından yayındıran artıq səs-küy əmələ gətirir. Startapda bəzən elə olur ki, hədəflərinə çatması üçün inkişaf etməli olur. Bəzənsə elə məqamlar olur ki, mövcud vəzifələri təkmilləşdirib artıq olanlarından yaxa qurtarmaq ehtiyacı yaranır.
Əgər ətrafınıza lazımsız işlər görən hədsiz çox adam toplamısınızsa onların işi faydasız olacaq, özləri isə dəyərlərini sübuta yetirməyə can atacaqlar. Həmin işçilər şirkətin inkişaf istiqamətlərini və baxışlarını anlaya bilməyəndə vəziyyət daha da pisləşir.
Təəssüf ki, ən bacarıqlı əməkdaşlar belə boşuna işlədiklərini görəndə artıq həvəsdən düşməyə başlayırlar. Belə olan halda isə məyus olub startapdan ayrılırlar.
5 . Heç kim şirkətin missiyasını bilmir
Bu nədən xəbər verir: şirkət çox şeyə nail olmaq istəyir və xaos-da (qarmaqarışıqlıq) əsas məqsəd yaddan çıxır
Startap üçün ən vacib amillərdən biri – məhsulun bazara uyğun olması. Buna nail ola bilməsəniz şirkəti iflas gözləyir, çünki gəlir gətirməyəcək. Belə olan halda startaplar hərdən bir neçə hədəfi nişan alırlar – eyni vaxtda bir neçə iş görürlər və hansısa məhsulun satılacağına ümid edirlər.
Amma belə biznes olmur. Əvvəlcə tək bir işlə məşğul olmaq lazımdır. Ardınca isə, əməkdaşlara dəstək üçün lazım olan gəlir mənbəyi yaranandan sonra genişmiqyaslı işlərə keçmək, inkişaf etmək olar. Bu, şirkətin missiyasıdır.
Hədəfləriniz (məqsədləriniz) dəqiq olmasa və onlara çatmasanız startapın yaşaması üçün lazım olan elementləri (əməkdaşlar, səhmdarlar və müştərilər) nə cəlb edə, nə də yanınızda saxlaya biləcəksiniz.
6 . Pullar barədə məlumatlar gizlədilir
Bu nədən xəbər verir: şirkət ciddi maliyyə problemləri yaşayır
Şirkətdə nəyin baş verdiyini bilmək istəyirsinizsə pullara nəzər yetirin. Əgər onlar barədə məlumatlar açıqlanmırsa demək ki, şirkətin gizlədəcəyi nəsə var.
Əgər vəsait cəlb olunması, səhm seçimləri, maaşlar və borclar barədə məlumatlar gizlədilirsə narahat olmaq lazımdır. Ən pis halda hətta şirkət rəhbərləri də bu barədə heçnə bilməyə bilərlər.
Startapın işinin öz qaydasına düşəcəyinə ümid etməyə dəyərmi?
Bu suala belə cavab verə bilərik: “Hər şey vəziyyətdən asılıdır”.
Hər şey ondan asılıdır ki, rəhbərliyin düzgün qərarlar verməyə cəsarəti çatacaqmı. Əgər səlahiyyətlilər ədalətli olsalar və bütün problemləri həll edə bilsələr, demək ki, hələ ümid var. Yox əgər onlar əməkdaşlarla problemləri tez bir zamanda həll edə bilməsələr, onda ümid etməyə dəyməz – ən yaxşısı, işdən ayrılanların sırasına qatılın.