Əsas səhifə Biznes SSRİ-nin ilk rəsmi milyonçusu – Cənnət Əliyev

SSRİ-nin ilk rəsmi milyonçusu – Cənnət Əliyev

977

Əliyev Cənnət Salman oğlu 17 aprel 1954-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun kiçik Keçili kəndində dünyaya gəlib. 9 yaşında atasını itirən Cənnət “M. Fizulu” adına internata düşür və burada həyatı öyrənməyə başlayır. İnternat məktəbdə yetkinlik yaşına çatan Cənnət Əliyev Naxçıvan Dövlət Pedaqoji institutuna daxil olur. O bu təhsili ilə kifayətlənməyərək Xalq təsərrüfatı institutuna daxil olur. Lakin bu da hələ son deyildi və o üçüncü təhsil olaraq Sverdlovsk dövlət institutunun Hüquqşünaslıq fakultəsinə daxil olur.

O Moskvaya gəldikdə cibində cəmi 8 rubl var idi və o bu pulu elə ilk gün ərzində xərcləyir. Aclıq çəkən Cənnət telefon köşklərindən 2 qəpiklik sikkələri toplamağa və onunla yemək almağa başlayır. Belə uzun müddət davam edə bilməyəcəyini anlayan Cənnət dilənçilərlə yaxınlaşmaq qərarına gəlir. Bu zaman kim deyə bilərdi ki, 13 il sonra bütün Rusiya qəzetləri onun haqqında SSRİ-nin ilk rəsmi milyonçusu kimi məqalələr dərc edəcək.

Onun heç bir kompleksi və düşüncələri üçün çərçivələr mövcud deyildi. Onun həyatının ziddiyyəti ondan ibarət idi ki, milyonlara sahib olsa da, pullara qarşı biganə idi. Hətta bütün sərvətini itirdikdə və cibində metronun gediş haqqını ödəyəcək qədər pulu olmadıqda belə ruhdaş düşməmişdi və bunu təbii bir hadisə kimi qəbul etmişdi. O Rusiyada işlədiyi şirkətlərdə dəfələrlə ədalətsizliyə qarşı etiraz etdiyi üçün işdən azad edilmişdi.

O maliyyə vəziyyətini yenidən yaxşılaşdırdıqdan sonra xeyriyyə işləri ilə məşğul olurdu. Çoxlu sayda uşaq evlərinə və ehtiyacı olan insanlara, həmçinin erməni separatçıları ilə döyüşən hərbi qüvvələrimizə yardımlar etmişdi.

Bütün bu müsbət cəhətlərindən əlavə, Cənnət Əliyev incəsənət ilə də maraqlanırdı. Belə ki, o 12 mahnıdan ibarət albom çıxarmışdı. Onun ən məşhur mahnısının adı isə “Təbriz”-dir.

Cənnət Əliyev 30 oktyabr 2014-cü ildə dünyasını dəyişmişdir.

Banker.az