Bir neçə müddət bundan öncə məlum olmuşdu ki, Sony şirkəti artıq özünün Xperia 2 adlı flaqman smartfon modeli üzərində çalışmağa başlayıb. İndi isə internetdə sözügedən smartfonun ilk fotoları ortaya çıxıb. Həmin fotoları OnLeaks ləqəbi ilə tanınan məşhur insayder təqdim edb. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə Xperia 2 smartfonu şüşə materialdan hazırlanmış gövdəyə sahib olacaq. O həmçinin 21:9 nisbətli CinemaWideekranla da təchiz olunacaq.
Cihazın arxa panelində üçlü arxa kamera və LED işıqlandırma sistemi yerləşəcək. Arxa paneldə barmaq izi skanı hissəsi yoxdur. Fotolardan da görmək olar ki, həmin texnologiya smartfonun kənar hissəsində yerləşəcək. Qeyd etmək lazımdır ki, son məlumat sızıntılarına əsasən Xperia 2 modeli iki versiyada satışa çıxacaq. Birinci model OLED ekrana, ikinci model isə IPS ekrana sahib olacaq.
Texniki göstəricilərə gəldikdə isə Xperia 2 smartfonu 6 düym ekran, Snapdragon 855 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, üçlü arxa kamera, 12 MP-lik ön kamera və 3000-3200 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Çox güman ki, Xperia 2 naqilsiz şarj texnologiyasına sahib olmayacaq. Smartfon bu ilin sentyabr ayında keçiriləcək IFA 2019 sərgisində təqdim olunmalıdır. Onun güman edilən qiymət göstəricisi isə 800-900$-dır.