Son 10 ildə Azərbaycan Qazaxıstana 168 milyon dollar məbləğində investisiya yatırıb

0
1157
astana

Son 10 ildə Azərbaycan Qazaxıstana 168 milyon ABŞ dolları məbləğində investisiya yatırıb.

AZƏRTAC “KAZİNFORM”a istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın maliyyə naziri Baxıt Sultanov deyib.

Qazaxıstan Parlamenti “Qazaxıstan və Azərbaycan arasında vergi sahəsində əməkdaşlığın genişlənməsi haqqında” qanun layihəsini təsdiqləyib. Qazaxıstanın maliyyə naziri Baxıt Sultanov bildirib ki, ikiqat vergitutmanın ləğvini nəzərdə tutan sənəd, ilk növbədə, iki ölkə arasında vergi xidmətlərinin informasiya mübadiləsini genişləndirmək yolu ilə əməkdaşlığı daha da inkişaf etdirməyə imkan verəcək. Həmçinin vergi öhdəliyindən yayınma və konvensiyanın müddəalarının sui-istifadəsi halları aşkar edildikdə qanunvericilik çərçivəsində tədbirlər görüləcək. Nazir deyib ki, bu sənəd iki dövlət arasında vergitutma məsələlərində qanunverici baza olacaq.

“Azərbaycan ilə qarşılıqlı ticarət haqqında statistik məlumatların üzərində dayanmaq məqsədəuyğundur. Belə ki, son 10 ildə Qazaxıstan və Azərbaycan arasında ticarət dövriyyəsi 2,8 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə Azərbaycan Qazaxıstana 168 milyon ABŞ dolları, Qazaxıstan Azərbaycana 20 milyon dollar məbləğində investisiya yatırıb. Qazaxıstanın əsas ixracı taxıl, xam neft məhsulları, dəmir borulardır. İdxalın strukturunda isə şəkər və fındıq üstünlük təşkil edir”, – deyə qazaxıstanlı nazir qeyd edib.