SOCAR Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) planlı təmirə dayandırılması ilə əlaqədar Rusiyadan və Qara dəniz ölkələrindən 120 min ton AI-92 markalı avtomobil benzini idxal etməyi planlaşdırır.
“BNEZ-in planlı təmirə dayandırılması ilə əlaqədar olaraq biz Azərbaycana 120 min ton AI-92 markalı benzin idxal etməyi planlaşdırırdıq. 60 min ton yanacaq Rusiyadan, qalan 60 min ton isə Qara dəniz hövzəsi ölkələrindən idxal ediləcək. Ancaq ötən illərin təcrübəsi göstərir ki, idxalın faktiki həcmi planlaşdırıldığından xeyli az ola bilər”, – deyə SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov açıqlamasında bildirib.
Xəbər verildiyi kimi, qurğulara planlı texniki baxışın keçirilməsi üçün BNEZ-in fəaliyyəti bu gündən dayandırılıb. Lakin zavodda paralel olaraq daha keyfiyyətli yanacaq istehsalına yönəlmiş modernləşmə işləri aparıldığından təmir işlərinin müddəti də uzanır. Bu baxımdan hər il xaricdən müvəqqəti olaraq benzin idxalına zərurət yaranır. Bu il zavodun fəaliyyəti oktyabrın 24-dək dayandırılıb.