Distant iş rejimində yüksək məhsuldarlığı qoruyub saxlamaq üçün şirkətlər bəzi onlayn alətlərə əl atırlar. Bunlardan biri də Sneek xidmətidir – o, videozənglə yanaşı, hər 5 dəqiqədən bir avtomatik olaraq işçilərin şəklini çəkir.
Xidmət bütün iş günü ərzində aktiv olur.Onun interfeysi əməkdaşların “üzlərindən ibarət divar”ı xatırladır.
Əgər bir şəxs digər birinin şəklinə toxunarsa, Sneek dərhal onu həmin şəxslə birbaşa videozəngə bağlayır, hətta qarşı tərəf “qəbul etmək” seçimini etməsə belə.
Xidmətin təsisçisi məqsədinin insanları güdmək olmadığını bildirib: “Bəzi insanlar bunu şəxsi həyatlarını izləmək niyyətimiz kimi başa düşsələr də, birlikdə işləyərkən bir-biri ilə bağlantıda olmağı istəyən və dostluq yaradan komandalar da var. Bu xidmət də məhz onlar üçündür”.
Təsisçi Kerrinin sözlərinə görə, komanda işində təcriddə işləmək işçilərin psixi sağlamlığına təsir edir və buna görə də ekranda öz iş yoldaşlarını görərək işləyə bilmək imkanı baxımından bu xidmət böyük əhəmiyyət daşıyır.