«Şirkətdə sistem düz qurulubsa, fərqi yoxdur, rəhbəri Condur, yoxsa Əhməd» – MÜSAHİBƏ

Date:

Paylaş:

Azərbaycanda beynəlxalq standartlara ehtiyac, bu sahədəki vəziyyət və standartların tətbiqi ilə bağlı gözlənilən yeniliklər haqqında sualları Beynəlxalq idarəetmə standartları üzrə ekspert-məsləhətçi, auditor, Bureau De Qualite şirkətinin direktoru Asif İbrahimov cavablandırır:

– Asif müəllim, şirkətiniz hansı işləri həyata keçirir?

– “Bureau De Qualite” şirkəti yerli və beynəlxalq təcrübəyə malik peşəkar məsləhətçilərin vəhdətindən yaradılmış məsləhət xidmətləri,təlimləndirmə sahəsində fəaliyyət göstərən ixtisaslaşmış şirkətidir.Şirkətimizin əsas məqsədi dövlət və özəl sahələrdə, neft və qeyri-neft sektorunda fəaliyyət göstərən təşkilatlara öz fəaliyyətlərinin təkmilləşdirilməsində, beynəlxalq standartların tətbiq edilməsində, lisenziya və icazələrinin alınmasında, əməkdaşlarının təlimləndirilməsində dəstək vermək və bu sahədə koorpoartiv xidmətlərin həyata keçirilməsidir.Standartlar isə öz növbəsində növünə görə  Texniki və İdarəetmə standartlarına bölünürlər.

– Bura nələr daxildir? İşinizdən misal gətirə bilərsiniz? Tutaq ki məhsulların standartı…

– İstənilən sahibkarlıq subyekti – hər bir müəssisə canlı orqanizmdir, bu müəssisəni idarə etmək lazımdır. Necə ki insan orqanizmində qan dövranı normal olmadıqda və beyinə qan normal işləmədikdə müəyyən fəsadlar yaranır, müəssisədə də həmin problemlər var. Müəssisənin proseslərində problemlər olduğu təqdirdə ümumilikdə İdarəetmə Sisteminə təsir edir.Müəssisənin özünün strukturu, bölmələri, daxili personalı, xarici əhəmiyyətli maraqlı tərəfləri var. Bunlarla işlərin nizama salınması üçün beynəlxalq standartlar tətbiq edilir. Standartların tətbiqi nəticəsində müəssisənin hədəf və prinsipləri müəyyən edilir, proseslər və onların idaretmə mexanizmləri, qiymətləndirmə meyarları müəyyən edilir. Bundan başqa, standartların tətbiqi ilə xidmət və ya istehsalla bağlı proseslər, müəssisənin sənəd dövriyyəsi və satınalma prosesi tam nəzarətə götürülür, uyğunsuzluqlar azalır, proseslər və vəzifələr üzrə məsuliyyət və öhdəliklər müəyyən edilir. Ən əsası, müəssisənin fəaliyyətinə təsir edə biləcək təhlükəli faktorlar və risklər qabaqcadan müəyyən edilir və nəzarət altına alınır, istehlakçıların tələb və ehtiyacları vaxtırnda öyrənilir, bütün bunların nəticəsində müştəridə inam yaranır və müəssisə etibarlı tərəfdaş kimi tanınır.

Asif İbrahimov
Asif İbrahimov

– Təkcə Azərbaycanda işləyirsiniz?

– Fəaliyyət coğrafiyamız Azərbaycan, Gürcüstandır  və hazırda imzalamağa hazırlaşdığımız bir müqaviləmiz də var, imzaladıqdan sonra Qazaxıstanda da bu xidmətləri göstərəcəyik.

– Gürcüstan və Azərbaycanda özəl şirkətlərdir?

– Bəli. Gürcüstanda qida təhlükəsizliyi standartı ilə bağlı fəaliyyət göstəririk, oradakı təşkilata qabaqcıl kənd təsərrüfatı praktikası standartları və koorporativ idarəetmə standartları ilə bağlı məsləhətlərimizi veririk. O cümlədən Azərbaycanda İSO 9001 keyfiyyətinin idarə edilməsi sistemi, İSO 22000 qida təhlükəsizliyi sisteminin idarə edilməsi, İSO 14001 Ekoloji Menecment Sistemi, İSO 45001 Əməyin Təhlükəsizliyi və Sağlamlığın Qorunmasi üzrə İdarəetmə Sistemi,G.M.P. (Qabaqçıl İstehsal Praktikası) standartdır ki, bu standarların tətbiq edilməsində Azərbaycanda sahibkarlıq subyektlərinə yardımçı olururq. Bundan başqa İnformasiya Təhükəsizliyi, Müştəri məmnuniyyəti  və bir sıra dünya brendlərinin , məsələn McDonaldsın, Burger Kingin və s. öz koorparativ standarları mövcuddur ki,bu kimi standartların da tətbiqini həyata keçiririk.

– Deyirsiniz, McDonaldsın öz standartları var. Bəs siz orda nə edirsiniz?

Asif İbrahimov
Asif İbrahimov

– McDonaldsun məhsul tədarükünü həyata keçirən təşkilat var. Bu təşkilatlar Mcdonalds-ın məhsul tədarükünü həyata keçirmək üçün Etibarlı Təchizatçılar siyahısına daxil edilməldir.Bu siyahıya düşmək üçün müəssisə McDonalds-ın Təchizatçılar üçün Qida Təhlükəsizliyi sahəsində mövcud SQMS-Safety Quality Management Systems (Təhlükəsiz Keyfiyyət İdarəetmə Sistemi) standartının tələblərinə cavab verməldir.Yalnız SQMS standartının tələbləri əsasında yoxlamaların nəticəsinə əsasən müəssisələr sinifləndirilir,məsələn A,B,C,D. Və müvafiq siyahıya daxil edilir. Bu restoranlar zəncirinə məhsul tədarükü etmək yalnız A və B sinfindən olan təchizatçılara icazə verilir. Bu yoxlamalar hər il davam edir. Onlar ildə bir neçə dəfə onlayn ,ildə iki dəfə isə müəssisəyə elan edilmiş və elan edilməmiş qaydada səfərlər edir, müəssisədə qida təhlükəsizliyi standartının uyğunluq səviyyəsini yoxlayaraq öz hesabatlarını hazırlayırlar.Yoxlamalardan yalnız üzü ağ çıxan təşkilatlar məhsul tədarükünü həyata keçirə bilir.Bu qaydalar Burger King, KFC , Papa Cons kimi dünya brendləri üçün də keçərlidir Onların da hər birinin koorporativ standartları mövcuddur.

– Yaxşı idarə olunan şirkət nə deməkdir? Saat kimi işləməlidir?

– Saat kimi işləmək ifadəsi ümumi sözdür. Biz yaxşı idarə olunan şirkət qarşısına qoyduğu hədəflərə nail olmağı bacaran və hədəflərə nail olmaq üçün bütün vasitələrini,resurslarını koordinasiya edə bilən,risk və imkanlarını,güclü və zəif tərəflərini nəzarətdə saxlaya bilən, proseslər arasında qarşılığlı uyumluluğu təmin edən, müəyyən edilmiş ölçü meyarlarının müsbət yöndə  üstələyən maddi səmərə verən təşkilata deyirik. Biz idarəçilərin belə bir sözü var, əgər ölçə bilmirsənsə deməli idarə edə bilmirsən.Yəni ölçməlisən ki,nə dərəcədə idarə etdiyini biləsən. Bütün müəyyən edilmiş proseslər ölçülə biləcək olmalıdır. Bütün İdarəetmə standartlarının  fəlsəfəsi amerikalı alim Edvard Demiqin P-D-C-A sikli üzərində qurulmuşdur. Bu nə deməkdir – P-planlaşdır, DO-icra et,CHECK- yoxla,ACT-Fəaliyyətə keç (təkmilləşdir). Bizim baxışımız odur ki müəssisə varsa, iş varsa orada problemsiz ola bilməz.  Bunun üçün də bütün fəaliyyətlərimizi planlaşdırmamış icra etməməli, daimi yoxlamalı, ölçməli və təkmilləşdirmə üçün zəmin yaratmalıyıq.

– Şirkət öz standartlarını neçə ildən bir təkmilləşdirməlidir?

– Təkmilləşdirmə daimi olmalıdır.İqtisadi reallıqlar hər gün dəyişdiyini,bazarın daimi inkişaf etdiyini, tələblərin yeni tələblərlə əvəz olunmasını nəzərə alsaq daimi təkmilləşmə hədəfi olmayan təşkilatlar məhvə məhkumdur.Daimi təkmilləşmə üçün də daimi monitorinq,ölçmə lazımdır.Ölçmə,qiymətləndirmə,monitorinqi müxtəlif üsullarla, müəyyən etdiyimiz kriteriyalar üzərindən, daxili auditlərlər və monitorinqlər keçirərək həyata keçiririk.Yeri gəlmişkən beynəlxlaq idarəetmə standartının tələblərinə əsasən müəssisə ildə bir dəfədən az olmayaraq özü öz proseslərinin uyğunluq dərəcəsini yoxlamaq məqsədi ilə daxili auditlər keçirməlidir. Bu daxili auditi müəssisə daxilindən, səriştəli, öyrədilmiş, bu standartların tələblərini tam bilən mütəxəssislər həyata keçirir.Tələb olunduğu halda biz də müvafiq standartların tələblərinə uyğun olaraq müqavilə əsasında bu yoxlamaları müəssisə adına həyata keçirə bilirik.

Asif İbrahimov
Asif İbrahimov

– Siz də bu mütəxəssisləri hazırlayırsınız?

– Bəli, bizim təşkilat sahibkarlıq subyeklərinə tam ixtisaslı səriştləli auditorların hazırlanmasında da dəstək olur.O cümlədən daxili auditlər bu işin həyata keçirilməsində səriştəli kənar təşkilatlara da həvalə oluna bilər.

– İşçilərinin sayı nə qədərdən çox olmalıdır ki, müəssisə bu istehsalat standartlarına hökmən uyğunlaşmağa məcbur olsun? Çünki çox kiçik müəssisələr var ki işçilərinin sayı çox azdır, onlara da tətbiq olunmalıdır yoxsa necə?

– Miqyasından asılı olmayaraq qeyd etdiyim kimi hər bir müəssisə canlı orqanizmdir. Bu canlı orqanizmi – sahibkarlıq subyektini idarə etməlisən. İdarə etmək üçün adını nə istəyirsən qoy. Amma əlində idarəetmə vasitəsi, üsullar, metodlar olmalıdır ki bu idarəetməni həyata keçirə biləsən. Ən optimal variant dünyanın 190 ölkəsinin üzv olduğu Beynəlxalq Standartlaşdırma Təşkilatının dərc etdiyi standartlardır.

Asif İbrahimov
Asif İbrahimov

– Bayaq qeyd etdiyiniz sahələr var, tutaq ki xaricə mal göndərənlər  də məhsulların standartına nələr tələb oluna bilir. Onların hansı standarta uyğunluğunu siz yoxlaya bilirsiniz? Yəni bir var idarəetmə, bir də var sırf hansısa məhsulun standarta cavab verib -verməməsi.

– Bəli, əlbəttə. Bayaq qeyd etdiyim kimi standartlar növünə görə İdarəetmə və texniki standartlara bölünür. Məsələn Avropa İttifaqının,ABŞ-ın,Yaponiyanın direktivləri və standartları  var ki, bu bazarlara məhsul ixrac etmək istəyirsənsə həmin ölkənin daxili qanunvericiliyinə və qaydalarına əsasən uyğunluq yoxlamasından keçməlisən. O cümlədən Avropaya. Avropaya sənaye məhsullarının ixracını düşünürsənsə Avropa İttifaqının uyğunluq bəyannaməsi var, onu əldə etməli,CE markalanma həyata keçirçəlisən. Bunun da iki modulu var. Bu sietm 4 sertifikatlaşdırma sxemi üzərindən aparılır. Müəssisə bu sertifikatlaşdırma sxemlərindən özünə uyğun olanını seçir və məhsul üzrə müvafiq direktivlərə görə  uyğunluq bəyannaməsi verilir. Bundan sonra müəssisə Avropa İttifaqına məhsullarını ixrac edə bilər. Sonra bizim kənd təsərrüfatı sahəsində müəyyən təşkilatlar var ki, Azərbaycandan Avropa İttifaqına orqanik məhsullar istehsal edirlər. Hal-hazrda 3 layihə üzərində işləyirik. Bunlardan biri çaydır, biri biyan kökü məhsuludur, digəri isə fındıqdır. Layihələri uğurla başa vurduq. Müvəffəqiyyətlə yoxlamadan keçdilər, artıq sentyabr ayında sertifikatları dərc olunacaq. Avropa İttifaqı ölkələrinə və Yaponiyaya məhsul ixrac edə biləcəklər.

Asif İbrahimov
Asif İbrahimov

– Avropadan müştəri tapmaq çətindir? Onların standartlarına cavab vermək yəni…

– Məsələyə elə yanaşmayaq. Hər bir məhsulun özünün alıcısı var. Lakin Avropa İttifaqının istehlakçısı bu məsələdə xüsusi ilə tələbkardır.Avropada istehlakçılar analiz etmədən heç bir məhsulu satın almaz. Hər zaman keyfiyyətli və ekoloji cəhətdən sağlam məhsul axtarışındadır.Bununla da, istehsal edilən məhsullar Avropa İttifaqında satış üçün hədəflənibsə,deməli istehsal prosesi Aİ müvafiq direktivlərinə və Aİ qanunvericiliyinə uyğun olaraq istehsal edilməldir.Bundan sonra isə məhsulun lazımı qaydada tanıtımı həyata keçirilərsə  satışı təmin etmək mümkündür

– Deməli adı Azərbaycan olsa da məhsul Avropa standartlarına tam cavab verməlidir.

– Bəli, tam cavab verməlidir.Lakin bu sahədə ilk öncə öz standartlarımızı hazırlamalıyıq .Bu sahədə dünya praktikasını nəzrərə alaraq öz standartlarımızı hazırlasaq,Azərbaycan  istehsalçısı daha məlumatlı olacaq və Avropa və ya digər ölkələrin  standartlarına daha tez və rahatlıqla adaptasiya olacaqlar.

– Standartlaşma baxımından Avropa bazarına daxil olmaq çətindir yoxsa Amerika bazarına?

– Nisbətən Amerika bazarının tələbləri ağırdır, ümumilikdə götürdükdə isə heç birinə çətin deməzdim.

– Misal olaraq nə göstərə bilərsiniz?

Avropa İttifaqında və ABŞ-da tətbiq olunan icazələr,eyni zamanda qadağan olunmuş preparatlar fəqlidir.Məsələn Avropa İttifaqında istifadə olunan bəzi gübrələr var ki, Amerikada qadağan edilib və ya tam əksi.Bunlara xüsusi ilə diqqət yetirilmədir.İcazə verilən hədlər var, pestisit miqdarı məsələn, onlar bir-bir yoxlanılır.   Avropa İttifaqının özünün TRACES (TRADE CONTOL AND EXPERT SYSTEM) adlı ticarət sistemi var, Aİ ərazisinə daxil olan bütün məhsulların istehlakçı və dövlət nəzarəti bu sistem üzərindən həyata keçirlir.Bu sistemdə məhsullar haqqında məlumatlar,sertifikat və icazələr,gömrük rəsmiləşdirilmələri ilə bağlı məlumatlar və s. Öz əksini tapır. Amerika bazarında da bürokratik məsələlər çoxdur, lakin bu əngəlləri aşmaq çətin deyil. Azərbaycanda istənilən istehsalçı, fermer öz məhsulunu həm Avropa, həm də Amerika bazarına ixrac edə bilər.

– Məhsulun keyfiyyəti yetişdirildyi torpaqdan çox asılıdır?

– Tək torpaq faktoru deyil.Məshulun yetişdirilməsində istifadə edilən su,mühit,gübrələr və hətta toxum faktoru önəmlidir. Aİ ixrac edilən məhsullarda istifadə edilə biləcək gübrələrın siyahısı və hədləri   Avropa İttifaqının müvafiq direktivində göstərilmişdir.Gübərədən istifadə ediləcəksə yalnız  icazə verilən hədlər çərçivəsində olmalıdır. İstər torpaq, istər məhsul, istər su icazə verilən hədlər çərçivəsində olmalıdır.

 

– Deyək ki hansısa bir fermer torpaq alır ki burada məhsul istehsal etsin. O torpağı əvvəldən yoxlatdırmalıdır?

– Əlbəttə, yoxlanmalıdır. Bəlkə orada neft olub, qalıntıları var,münbit torpaq deyil

– Bizdə ən çox hansı məhsulların Avropa bazarına getməsi üçün standartlara uyğunluğu yoxlanır?

– Bu günə kimi bizim fermerlər Rusiya satış bazarını hədəfləyirdilər, hələ də,elədir.Burda MDB-nin vahid standartlarıdır ki, aşağı-yuxarı hamısı eynidir, əksəriyyəti SSRİ-dən qalma standartlardır. Düzdür Rusiya , hətta Özbəkistan belə standartlaşma sahəsində bizdən öndədir. Onlarda bir çox standartın tətbiqi adi məsələdir və bir çox müəssisələr tətbiq edir. Amma baxırsan ki müəssisənin infrastrukturu, istehsal mədəniyyəti bizdən qat-qat aşağıdır. Gəl ki, sertifikatlaşdırma və standartlaşma sahəsində bizdən üstündürlər.Aəzrbaycan ərazisindən ixrac olunan bütün məhsulların uyğunluğu müvafiq yoxlayıcı qurumlar tərəfindən «QOST» lara  əsasən yoxlanılır.Xüsusi ilə də qida və sənaye məhsullarının yoxlanılması laborator sınaqlardan keçirələrək həyata keçirilir.Lakin bəzi ölkələr Azərbaycanda keçirilən sınaqların protokollarını qəbul etmək istəmirlər.Bunun bir çox səbəbləri var.Nümunə olaraq qeyd edim ki, bəzən aparılan sınaqların keçirilmə metodları və standartları qəbul etmədiklərinəgörə, bəzən həmin ölkənin qəbul etdiyi müvafiq akkreditasiya şəhadətnaməsinin olmaması,bəzən də Azərbaycanda verilən sertifikata şübhə etdiklərinə görə….

– Olub ki xaricə gedən məhsullar standarta cavab verməyib deyə geri qayıtsın?

– Bu sahədə yetərli statistikaya sahib deyilik. Lakin, 2013-cü ildə rast gəlmişəm ki, Azərbaycandan gedən sənaye məhsulunun QOST R uyğunluq sertifikatına uyğun olmmamsı əsas gətirilərək Rusiyada istifadəsinə icazə verilmədi. Daha sonra müəssisə məcburi qaydada oradan ekspertlər dəvət edərək,nümunələr verib, həmin məhsulun üzərində müvafiq sınaqlar keçirdərək müvafiq sertifikatları əldə etdi və bu sertifikat  alındıqdan sonra Rusiyada istifadəsinə icazə verildi.

Asif İbrahimov
Asif İbrahimov

– Siz yalnız özəl şirkətlərlə işləmirsiz, həmçinin dövlət qurumları ilə də işləyirsiz?

– Dövlət qurumları ilə də işləyirik, müəyyən təşkilatlar var ki müqavilə imzalamışıq, planlaşdırdıqlarımız da var, məsələn İSO 27001:2018 informasiya təhlükəsizliyinin idarə olunması standartıdır ki, bu da Müəssisəyə olunan kiber hücumlardan qorunmaqla bağlı, müəssisə daxili icazələr, sənədlərin elektron dövriyyəsi, sənədlərin kənara çıxması hallarının qarşısının alınmağı və bu kimi digər risklərin qarşısının alınması istiqamətində çox önəmli standartdır.Bu standartın tətbiqinə müəyyən dövlət qurumları artıq başlayıblar.Bu önəmli istiqamət üzrə ilk öncə dövlət qurumları ilə əməkdaşlığa başlamışıq. Düşünürəm ki uğurlu alınacaq. Onu da qeyd edim ki,əməkdaşlıq etdiyimiz dövlət qurumla yetərli, resursa və potensiala malik və çox önəmli qurumlardır.

– Bizim özəl şirkətlərdə idarəçilik daha çevik qurulub, yoxsa dövlət qurumlarında?

– Özəl şirkətlərin özünəməxsus çatışmazlıqlarının mövcud olmasına baxmayaraq düşünürəm ki, ümumilikdə götürəndə düşünürəm ki,özəl şirkətlərdə.Sahibkar qurduğu,yatırım etdiyi sahibkarlıq subyektindən daim az yatırım edib daha çox fayda əldə etmək istəyir və anlayır ki , daim inkişaf etməli və böyüməldir. Bu baxımdan da özəl şirkətlər dinamik işləməyə məcburdur.Düzdür bəzən özəl şirkətlərdə də bunun tam əksini müşahidə edirik Bəzən özəl şirkətlərdə 3 işi bir adama tapşırır ki daha az maliyyəti olsun.Dövlət qurumlarında isə nisbətən fərqli yanaşmadır.Dövlət qurumlarının çoxunda Sovet İttifaqının idarəçilik üsulu hələ də qaldığı üçün ölçülə bilən idarəçilik tam təmin edilməmişdir.Mən tövsiyyə edərdim ki dövlət qurumlarında da sırf bu sahədə işlər aparılsın, proseslər və onların qiymətləndirmə meyarları müəyyən edilsin, faydalı iş əmsalları müəyyəşdirilsin,yeni texnologilardan sözdə yox əməldə istifadə etməklə çevik idarəetmə təmin edilsin.

 – Hətta olur ki bir nəfərin işini 3 nəfərə tapşırırlar…

– Bəli, olur.

 – Özəl şirkətlərdə idarəetmədə əsas problemlər nədən ibarət olur? Hansı ki şirkətin nəticələrində özünü göstərir.

– Müxtəlif vəziyyət lər olur. Məsələn təşkilatlar var ki elementar vəzifə bölgüsünü paylaşdıra bilmir və bu da özlüyündə nəticə etibarı ilə böyük problemlər yaradır. Bizim yanaşmamıza görə şaquli və üfüqi məsuliyyət bölgüsünü və öhdəlikləri tam müəyyənləşdirmək lazımdır. Proseslərin sayını,sahiblərini,ölçü meyarlarını, idarəetmə vasitələrini və gələcəkdə bu prosesləri necə ölçəcəksən müəyyənləşdirmək lazımdır.Məsələn hazır məhsul əldə etmək üçün sənə xammal lazımdır, xammalı necə qəbul edəcəksən? Xammal gəldi, boşaltdıq, qəbul etdik, belə etmək tamamilə yanlışdır. Bu xammal nə dərəcədə sənə uyğundur ki sonda həmin hazır məhsulun keyfiyyətli çıxsın? Bunun üçün də ölçü meyarların olmalıdır. Sənin giriş nəzarətin,əməliyyat  nəzarətin və hazır məhsula yekun nəzarətin tamamilə düzgün təşkil olunmalıdır ki, yekun məhsul və ya xidmət keyfiyyətli çıxsın

– Əgər biz sahələrə bölsək, tutaq ki banklar var, turizm şirkətləri, sığorta şirkətləri və digər xidmmət təşkilatları var. Banklarda deyəsən bu sahə daha yaxşıdır, çünki orada koorporativ standartları qoyulur.

– Banklarda idarəçilik səviyyəsi nisbətən yaxşıdır. Buna səbəb bankların  Mərkəzi Bankın beynəlxlaq standartlar əsasında hazırlanmış təlimatlarına və qaydalarına əməl etmək məcburiyyətində olmalarıdır.Mərkəzi Bank öz fəaliyyətini İSO 31 001 standartının  – yəni risklərin idarə olunması standartının tələbləri əsasında qurumuş və bütün banklar da Mərkəzi bankın təlimat və qaydalarına uymaq məcburiyyətindədirlər.Bu işlər sərt çərçivələrlə nizamlanıb.Buna baxmayaraq bank sektorunda da ciddi çatışmazlıqlar müşahidə olunur. Bankların hamısı yaxşı xidmət göstərmir, yaxşı xidmət göstərəni də var, pis xidmət göstərəni də.Ümumilikdə götürəndə isə bizim bank sistemimiz bir çox olkələrin bank sistemindən geridə qalır. Məsələn, Qazaxıstanda tək şəxsiyyət vəsiqəsi ilə istədiyin əməliyyatı apara bilir, telefonla kredit sifariş edə bilərsən. İstər xidmət sahəsində,istərsə Müştəri məmnunluğuna xidmət edəcək istiqamətlərdə hələ görülməli işlərimiz çoxdur

– Onlar üçün də standart var?

– Əlbəttə var.Müştəri məmnuniyyətinin ölçülməsi (İSO 10002) ,Keyifyyətin idarəedilməsi (İSO 9001) , Risklərin idarəolunması sistemi (İSO 31010) və Maliyə müəssisələri arasında elektron sənəd dövriyyəsinin təmini  (İSO 20022 ) və digər beynəlxlaq idarəetmə standartları mövcuddur..

– Bəz Sizə müraciət edən banklar var?

– Bəli olur. Biz digər sahələrdə olduğu kimi bank sektorunun təmsilçilərinə təlimlər vermişik, məsləhət xidmətləri göstərərək yardımçı olmuşuq.Ümumiyyətlə cəmiyyətimizdə nə qədər idarəetmə subyekti varsa hər birinə idarəetmə standartı vasitəsi lazımdır. Bunun da üsulları, medotları düzgün seçilməldir. Ən optimal variant da 190 ölkənin  iştirakçılığı ilə hazırlanmış beynəlxlaq standartlardır.Bu standartlar hər bir sahəni əhatə edir.

Gəlin bu prizmadan baxaq:Əgər iyul ayının 1-də Bakıxanov qəsəbəsində yol ilə gedərkən saat 12.29-da səkidə projektorların hələ də yanılı olduğunu müşahidə ediriksə, Mingəçevir SES-də partlayış verirsə deməli, bura İSO 50 001 Enerji Resurslarının İdarəolunması Sistemi lazımdır. Daşınmaz Əmlakın Dövlət Reyestri üçün Ulduz metrostansiyasının yanında  yeni bina inşa edilib , gözəl şərait yaradılıb, lakin, çox sadə bir prosedur olan “Dövlət reysterindən çıxarış” sənədinin vətəndaşa təqdim edilməsi prosesi əgər 27 dəqiqə davam edirsə,deməli bura İSO 9001 və 10 002 standartı lazımdır. Təhsil sistemimizdən danışım, 6 il ərzində 2 nazir dəyişir, lakin təhsil sistemimizdə heçnə dəyişmir, deməli burada İSO 21 001 standartına ehtiyac duyulur…

– O nəyi ölçür?

– Baxın, biz kredit sistemi tətbiq edirik, kurrikulum sistemi tətbiq edirik, amma bu sistemlərin heç birinin arasında koordinasiya yoxdur. Amma Avropa hamısını toparlayır, vahid bir çərçivə salaraq inkişaf hədəfləri qoyur,idarəetmə üçün mexanizm, üsul və metodlar müəyyənləşdirir, bunun üzərində iş başlayır. Bu işlərin aparılmasında da ən yaxşı bələdçi İSO 21001 standartıdır.

– Təhsillə bağlı standart nələrə əsaslanır? Onun effektivliyi necə ölçülür?

-Bu standart da Beynəlxalq Standartlaşma Təşkilatının dərc elədiyi bütün standartlar kimi PDCA üzərində hazırlanmışdır. Planlaşdır, icra et, yoxla, təkmilləşdir.Digər idarəetmə standartlarında olduğu kimi bu  sistemin də monitorinq ölçməsi aparılmalıdır. Bunu müxtəlif üsullarla etmək olur, necə müəyyənləşdirirsənsə elə olur. Bunu müxtəlif üsullarla etmək olar.Məsələn mən bir nümunə verim, bu standart çərçivəsində müəyyən edilmiş meyarlar əsaında online qiymətləndirmə sistemi qurursan ,bu sistem üzərindən  valideynlər, müəllimlər də,hətta lazım gələrsə direktor qiymətləndirmə apara bilsin.Burda qiymətləndirmə modulu olaraq ümümi təhsil şəraiti,müəllimin peşəkarlıq səviyyəsi,şagirdin qiymətləndirilməsi kimi məsələləri əsas görütmək olar.Bu sadəcə yanaşmalardın biridir,müxtəlif qitymətləndirmə metdoları seçə bilərik

Asif İbrahimov
Asif İbrahimov

– Səhiyyə ilə bağlı standartlardan danışaq…

– Klinikalarla bağlı Bakıda nümunələr var, düzdür biz etməmişik, amma bir neçə klinika var ki onlara GMP standartını tətbiq ediblər. Beynəlxalq Standartlaşma Təşkilatının İSO 9001 standartını tətbiq etmək olar. Bundan başqa 15189:2012 Tibbi laboratoriyaların idarəetmə sistemi mövcuddur ki,Tibb müəssisələrinin laboratoriyalarına bu standartların tətbiq edilməsi tövsiyyə edilir.

– Sığorta şirkətlərinə bu sistemin tətbiqi daha vacibdir. Sİz sığorta agentlikləri ilə işləmisiz?

– Bu günə kimi sığorta təşkilatlarından sadəcə bir neçəsi bu sahə üzrə sertifikatlaşdırılıb.Açığını deyim bugünə kimi əməkdaşlıq etdiyimiz sığorta təşkilatı olmayıb.Lakin məmnunqla bəyan etmək istərdim ki, beynəlxalq standartlar üzrə məsləhət və təlim xidmətlərinin verilməsində reqionda ən yaxşılarından hesab olunuruq.Bütün sığorta təşkilatlarına beynəlxlaq praktikaya əsaslanan standartlarının müəssisələrində tətbiq edilməsini tövsiyyə edirəm.Ümumiyyətlə bütün müəssisələrə tövsiyyə edirəm ki, ən yaxşı idarəetmə vasitələrini müəssisələrində tətbiq etsinlər. Biz investisiya yatırır, sahibkarlıq subyektini qururuqsa, biz eyni zamanda bu sahibkarlıq subyektinin canlı orqanizm olduğunu,daim sağlam olması üçün işləkliyini təmin  etməliyik.Bu idarəçilik də optimal olmalıdır.

– Optimal idarəçilik deyəndə nəyi nəzərdə tutursunuz?

– Bir nümunə gətirim, baxırsan hansısa bir özəl şirkətə, banka və ya dövlət qurumuna xaricdə oxumuş bir insanı dəvət edirlər, bu çox vaxt effekt vermir. Dərinə getsək, bəlkə də, TQDK-nın imtahan nəticələrinə görə bu adam 150 balı toplaya bilməyib, attestatla xaricdə universitetə qəbul olunub. Amma mövzumuz bu deyil. Xaricdə təhsil alıb birbaşa yüksək vəzifə tapşırılmış yoldaşın fəaliyyəti bir çox hallarda effekt vermir və ya verirsə də,böyük itkilər,çətinliklər bahasında. Sistem olduqda isə  fərq etmir ki, bu vəzifəyə  Koorperasiya Universitetini bitirmiş hər hansı Əhməddir və yaxud xaricdə təhsil almış başqa birisi və ya xaricdən mütəxəssis kimi gətirilmiş Con…

– Deməli, sistem qurulandan sonra fərqi yoxdur, şəxslərdən asılılıq olmur…

– Bəli, şəxslərdən asılılıq olmur onda. Xarici bir universitetinin tələbəsi buranı qurdu yaratdı, çıxıb gedəndən sonra hamı ondan asılı vəziyyətdə qalır. Effektiv İdarəetmə Sistemin özünü qurduqda isə müsbət nəticələr əldə etmək  mümkün olur.

– Bizim Azərbaycan şirkətlərində belə bir sistemi olan şirkətlər azdır?

– Yetərincə var. Artıq başlanılıb Azərbaycanda da, böyük şirkətlər və təşkilatlar bu sistemə gedirlər, amma çox təəssüflər olsun ki bir çoxunda formal olaraq qalır. Bunun başlıca səbəbi bir çox hallarda müəssisələrə xidmət göstərən məsləhətçilərin özlərinin həvəskar olmalarıdır.Beynəlxlaq standartlaşma Təşkilatının məsləhətçilərin seçilməsi ilə bağlı da beynəlxalaq standartı (İSO 10019) var ki,müəssisələr idarəetmə sistemlərinin qurulmasında xidmət göstərəcək məsləhətçiləri bu standartın tələbləri əsasında seçməsini tövsiyə edirəm.

– Standart tətbiq etmək bahalı işdir?

– Biz bunu adətən müəssisənin proseslərinin və işçilərinin sayına görə edirik. Eyni zamanda biz diaqnostika apardıqdan sonra müəyyənləşdirə bilirik ki bu bahalı işdir yoxsa ucuz. Çünki işin həcmini yoxlama apardıqdan sonra bilirsən. Biri var 3-6 şöbə ilə işləyəsən, bir də var 16 şöbə ilə. Bunun hamısı vaxtdır, əlavə işdir. Biz qiymətlərimizi belə müəyyənləşdiririk.

– Yəni bizim şirkətlərin gücü çatan prosesdir?

– Dərindən düşünəndə hesab edirəm ki bəli, gücləri çatan prosesdir. Əgər bir işi görəndə 5 dəfə dəyişiklik edirsə o itkini onsuz da vaxt resur itirir.Müəssisə bu öz fəaliyyətini sistemli həyata keçirsə daha  rentabelli müəssisə olacaqdır.

– Standartın tətbiqi nə qədər vaxt tələb edir?

– Normal sistemin qurulması 6 aydan 1 ilə qədər çəkir. Bu da təbii ki müəssisənin özünün səviyyəsindən,standartın ağırlıq dərəcəsindən asılıdır. Oturaqlaşmış müəssisələrdə 6 ay, bəzilərində isə 8 -12 ay çəkə bilir. Sistem oturmalı,işləkliyi təmin ediləməli və hərkəs tərəfindən anlaşılan olmalıdır.

– Ölkəmizdən xaricə məhsul ixrac edənlər nə qədər həvəslidirlər bu məsələdə? Mal  gedib geri qayıdandan sonra maraqlanırlar ki sertifikatı haradan almaq olar yoxsa elə əvvəldən?

– Xaricdən olan müştərilər həmişə sertifikat istəyirlər. Avropada yaşayan müştərinin həvəsi yoxdur ki gəlib bunların məhsulunu götürüb aparsın, laborotoriyadan keçirsin, baxsın ki bu məhsul uyğundur  yoxsa yox. O, çox vaxt sertifikata baxaraq öz qərarını verir. Çox təəssüf ki,sahibkar bizə yalnız müştəri sertifikat  istədikdən sonra müraciət edir. Hətta bir çox hallarda onları  idarəetmə sistemi yox,sertifikatı nə vaxt alacaqları maraqlandırır.Əlbəttə ki,müvafiq standartın tələblərinə tam cavab verməyən təşkilata heç bir mötəbər sertifikatlaşdırma qurumu sertifikat verməz.  Amma doğrudan da Azərbaycanda elə şirkətlər var ki sırf optimal sistemli idarəçiliyi qurmağa can atırlar. Öz üzərlərində çalışırlar, peşəkarları cəlb edirlər, ətraflarına topladıqları kadrları, məsləhətçiləri düzgün seçirlər. Biz bu praktikadan qaçmamalıyıq. Bunu Azərbaycanda yetərincə tətbiq eləmək lazımdır. Elementar olaraq bir misal deyim, insanlar var ki gedirlər təşkilatlara, aldadırlar ki mən peşəkar idarəçiyəm, təcrübəli mütəxəssisəm.Bu halda  məsləhətçilərin seçilməsi ilə bağlı beynəlxalq standartın – İSO 10 019. Bu standart çərçivəsində yoxlama meyarları qurursan və yoxlayırsan, bilirsən ki A konsultantın göstəriciləri budur, B konsultantın göstəriciləri isə də bu.Bu üsul düzgün seçim etmək imkanı verir və beləliklə, bir çox dəllalların sahibkarları aldatmasının qarşısı alınır.

– Belə hallar çoxdur?

– Əlbəttə, Belə hallar Azərbaycanda yetərincə çoxdur. Araşdırıb baxırsan ki, 3 il hansısa kiçik və orta müəssisəədə marketinq meneceri, İnsan resursları üzrə menecer,rentabelliyi aşağı olan bir müəssisənin marketinq direktoru hətta bəziləri var hansısa avtosalonda müdir müavini işləyib. Gəl ki, İdarəetmədən məsləhət verir. Qalırsan düşünə-düşünə ki, axı idarəetmə- çoxpilləli proseslər arasında qarşılıqlı əlaqənin koordinasiyadır ki, bu 3 il HR işləmiş qardaş müəssisəyə ümumi idarəetmədən nə məsləhət verir? Bundan başqa, təşkilatlar var ki,  15 ildir bu sahədə fəaliyyət göstərir, gördükləri işə baxırsan ki, hələ də həvəskardırlar.Buna görə də,müəssəsələr seçim edərkən ciddi araşdırma aparıb düşünməlidir.

– Azərbaycanda nə qədər standart var?

– Beynəlxlaq Standartlaşma Təşkilatı tərəfindən 22 min çox  standart dərc edilib, hamısı idarəetmə standartı deyil,onlardan texniki standartlar da var.Bunların hamısı deyil,bəziləri Azərbaycanda çox populyardır.

– Azərbaycanda ən çox istifadə olunan standart hansıdır?

– Azərbaycanda daha çox Qida Təhlükəsizliyi,Keyfiyyətin İdarəedilməsi,Ekoloji Menecment Sistemi,Əməyin Təhlükəsizliyi üzrə idarəetmə Sistemi sahəsində standartlar çox pupolyardır və ən çox bu standartlar tətbiq edilir.Son iki ildə isə Global G.A.P (Qabaqcıl Kənd Təsərrüfatı Praktikası) G.M.P (Qabaqcıl istehsal Praktikası) və Orqanik Kənd təsərrüfatı standartları da çox tələb olunan standartlar arasındadır.

– Artıq bu standarta təlabat artıb?

– Xarici ölkələrə qida məhsulu ixrac edən təşkilatlar müştərilərin tələbləri əsasında əvvəllər də İSO 22000 və ya FSSC 22000 standartını tətbiq edirdilər.2019-cu ildə  “Qida təhlükəsizliyi haqqında” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU nun layihəsnin təqdimatı qaida müəssisələrini daha diqqətli olmağa vadar etdi və müvafiq standartların tətbiq edilməsinə az da olsa,təkan verdi.Bu Qanun layihəsinə HACCP-ın bəzi tələbləri daxil edilmişdir.Düşünürəm ki,qida zəncirində iştirak edən müəssisələrin fəaliyyətinə aid edilməli məsələlər yalnız HACCP la bitmir.Bu qanuna  İSO 22 000 bütövlükdə daxil edilməli idi. İSO 22 000 standartı HACCP,İSO 9001 standartı və Alimentarius komissiyanın kodeksindən ibarət yığılmış bir standartdır. Mənim tövsiyyəm olardı ki İSO 22 000 standartının tələbləri tamamilə daxil edilməli idi.

– Otellərdə necə, hansısa beynəlxalq standartlar tətbiq olunur?

Asif İbrahimov
Asif İbrahimov

– Bəli. Azərbaycanda yoxdur, Lakin Türkiyədə otellərdə ən çox tətbiq edilən  standart İSO 10 002 standartıdır ki, bir çox otellərdə tətbiq edilmişdir. Bizim otellərimizdə də bu standartın tətbiqi tövisyyə olunur.

– Standartı tətbiq etmək şirkətə nə verir, şirkətin aydındır ki əhatə dairəsini artırır, müştəriləri artır, bəs gəlirlərinə nə qədər təsir edir?

– Təbii ki bu standartlar müəssisədə optimal idarəetmə sistemi qurmağa yardımçı olur. Koordinasiyalı idarəetməni tətbiq etdikdən sonra müştəridə inam yaradır ki onun istehsalçısında beynəlxalq standartların tətbiqi həyata keçirilir,davamlı inkişafı təmin etməyə çalışır.Bir çox hallarda bu yeni müştərilərin marağına səbəb olur.Bu da gəlirlərin artan dinamikada inkişafına təsir edir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...