Əsas səhifə Biznes Silikon vadisinin ən müvəffəqiyyətli biznesmeni

Silikon vadisinin ən müvəffəqiyyətli biznesmeni

1162
Paylaş

Nolan Buşnell  elektron oyunların ixtiraçısı, məşhur “Atari” şirkətinin banisi, Silikon vadisinin ən müvəffəqiyyətli biznesmenlərindən biridir. Onda eyni zamanda texniki dahilik və uğurlu sahibkarlıq istedadı vəhdət təşkil edir. Silikon vadisində onu əsil oyun filosofu adlandırırlar.

Buşnell 5 fevral 1943-cü il  Yuta ştatı (ABŞ) Klervill şəhərində doğulub. Kiçik yaşlarından elektronika sahəsinə maraq göstərib.

Loqan şəhərindəki kolleci bitirən Buşnell  bir neçə il sonra Yuta ştatının universitetinə daxil olur. Mühəndislik elmlərindən başqa, o, maraqla iqtisadiyyatı, fəlsəfəni, riyaziyyatı və biznesin təşkilini öyrənirdi. Nolan təhsil aldığı dövrdə universitetdə  Devid Evans və İvan Sazerlend elektron qrafikləri kursunu tədris edirdilər. Onlar Buşnellin gələcək uğurlu karyerasının   bünövrəsini qoydular. O, bu kurslarda həvəslə iştirak edir və elektronika sahəsinin incəliklərini öyrənməyə və tətbiq etməyə səy göstərirdi. Buşnel kompüterlərə, xüsusilə videooyunlara heyran qalmışdı. O zaman “Ulduzlu müharibələr” adlı oyun xüsusilə məşhur idi. Nolan artıq adi istifadəçilərin oynaya bilməsi üçün bu oyunların daha sadə kompüterlərə yüklənməsi  imkanını reallaşdırmağı düşünürdü.

Buşnell universitetin kompüter laboratoriyasında  öz təcrübəsindən və biliyindən istifadə etməyə qərar verir. Bütün oyunlar onu cəlb edirdi. O, universitetdə  “Qo” qədim Çin oyununu öyrənmişdi.  Oyun vaxtı “Atari” sözü tez-tez tələffüz edilirdi. Bu söz tərcümədə “diqqətli olun, mən hücum edirəm” mənasını ifadə edirdi. Daha sonra Buşnell bu söz üçün başqa tətbiq tapdı.

Uolt Disneyin studiyasında işə düzəlməyə çalışır, amma müsabiqədən  keçmir. 1966-cı ildə o evlənir və həyat yoldaşı ilə birlikdə Kaliforniya ştatının Santa-Klara şəhərinə köçürlər. O, burada maqnitofonların istehsalı üzrə lider –  “Ampex Corporation” şirkətinin texnologiya hazırlamaları bölməsinə işə düzəlir. İki il burada çalışdıqdan sonra ciddi şəkildə oyun biznesinə daxil olmağa qərar verir.

Nolan Buşnell və “Atari” şirkəti

Buşnell bütün boş vaxtını “Kompüter dünyası” oyununu təkmilləşdirməyə sərf edirdi. Elektron oyunlar istehsal edən “Nutting Associates” kiçik firması “Kompüter dünyası”nı buraxmağa başlayanda Buşnell orada istehsal üzrə mühəndis vəzifəsində çalışaraq öz oyununun satışına rəhbərlik etdi. 1971-ci ilin sonunda o anladı ki, özü firmanı idarə etdikdə daha çox uğur əldə edə bilər. “Nutting Associates”in prezidenti Bil Nattinq firmada qalmaq qarşılığında texniki hazırlamalar üzrə  rəhbər postunu və 20% səhmi ona təklif etdi. Lakin Buşnel razılaşmadı  və dərhal sonra o, öz şəxsi firmasının “Syzygy”nin əsasını qoydu. Sonra şirkətin adı  “Atari” ilə əvəz olundu.  Çünki bu ad artıq başqa firma tərəfindən patentlənmişdi.

“Atari” firmasının ilk addımları ondan başlandı ki, Buşnell öz  dostu Ell Elkornla mini-kompüteri pul  qəbuledicisi və köhnə televizorla  birləşdirdilər. Maraq üçün bu hazırlamanı onlar  Kaliforniya ştatının Saniveyl şəhərində Endi Keps barında qoydular. Qısa zaman ərzində barın müştərilərinin sayı artmağa başladı. Onlar oyunu “Ponq” adlandırdılar. Ponq tennis prinsipləri əsasında hazırlanmış bir oyun idi. Burada ora-bura uçan top vardı. Dördbucaq şəklində olan raketkanı dəstəyi tərpətməklə yuxarı və aşağı istiqamətlərdə hərəkətə gətirirdilər. Raketkanı ekranda topa toxundurmaqla onu müxtəlif tərəflərə istiqamətləndirmək olurdu. Qarşı tərəfdəki rəqiblə bu yolla tennis oynamaq mümkün idi.

“Ponq”  oyununun video versiyası 1962-ci ildən mövcud idi, amma hələ tam variant deyildi. 1972-ci ilin bir neçə ayı ərzində oyunun satış səviyyəsi kəskin artdı, birinci partiya həmin ilin noyabrında satılıb qurtardı.
Buşnell oyunun ev versiyası üzərində işləyirdi ki, onu ev televizoruna birləşdirmək mümkün olsun. Buşnell bildirir ki,  bu, kompüter oyunları inqilabının əvvəli idi. Beləliklə, onun şöhrəti Amerikadan kənarlara yayıldı.
“Sears Roebuck” şirkəti ev versiyasının hazırlandığı haqda məlumat əldə etdikdən sonra  dərhal onun istehsalına dair bütün hüquqları  aldı. 1974-cü ildən oyun artıq bu firmanın ticarət şəbəkəsinin bütün mağazalarında satılırdı. “Ponq” fenomenal müvəffəqiyyətə malik idi.

Buşnell tezliklə “Ponq” ideyasını başqa oyunlarda istifadə etməyə başladı. “Atari” bir sıra belə oxşar oyunlar buraxdı: “Yarışlar”, “Poker”, “Xenq-Men”, “Skrabl” və s.

1974-cü ildə videooyunların istehsalında “Atari”yə daha da uğur qazandıran “Gran Trak” yeni oyunu oldu. 1975-ci ildə “Ponq”un yeni versiyası hazırlandı və böyük şöhrət qazandı.

“Atari” uğur qazandıqca  biznesin idarə edilməsi üçün daha çox pul tələb olunurdu. “Warner Communications” şirkəti 1976-cı ilin avqustunda 28 milyon dollara “Atari”ni aldı. Buşnell məbləğin yarısını şəxsən əldə etdi və Səhmdarlar Şurasının  sədri oldu. Razılıq sazişinin əsas şərti idi ki, Buşnell 1 oktyabr 1983-cü ilə qədər – yeddi il ərzində şirkəti tərk etməyəcək.

Sözügedən şirkət  ilk kompüter videosistemi kartric və 400/800 ev oyun kompüterindən istifadə etməklə buraxdı. Bu layihə uğurlu alınmadı, şirkət ziyana düşdü. Bu uğursuzluğa görə hamı Buşnelli ittiham etdi və 1979-cu ilin yanvarında o, istefaya getməyə məcbur idi.

Buşnell yeni layihələrə imza atır

1981-ci ilin sonunda Buşnell  təhlükəli layihələrə pul qoymağa başladı. O, yeni ideyaların mərkəzi  adlandırılan “Catalyst Technologies” holdinqinin əsasını qoydu. Şirkət  ixtiraçılara və yeni başlayan sahibkarlara istehlakçıya  öz ideyalarını çatdırmağa kömək edirdi. Holdinq 12 korporasiyaya yardım edirdi. Onlardan biri sənaye variantında robotlar buraxan “Androbot” idi. Şirkətin istehsal etdiyi robotlardan biri 2,5 min dollar dəyərində idi. O, ev keşikçisi rolunu yerinə yetirirdi və hər hansı anlaşılmazlıq aşkar etdikdə polisə xəbər verirdi. Bundan başqa o, əsil sahibə kimi təmizlik işləri apara bilirdi. Bu robot digər bir sıra xüsusiyyətlərinə görə insanların heyrətinə səbəb olmuşdu. Buşnell inanırdı ki, belə robotlar insanların həyatında çevriliş edəcəklər.

1985-ci ildə Buşnell  öz sevimli layihələrindən birini həyata keçirdi. Uşaq oyuncaqlarını və oyunlarını istehsal edən “Ekslon” şirkəti proqramlaşdırılan robotların, danışan  oyuncaqların həmçinin elektron oyunların istehsalında ixtisaslaşdırıldı.

80-ci illərin sonlarında Buşnell Silikon vadisinin dahilərindən olan Stiv Voznyakla birgə çalışmağa başladı. 1986-cı ildə onlar yeni layihə haqqında düşünürdülər. Voznyak Buşnell ilə birlikdə “NEMO” adlı yeni kompüter oyuncağını buraxmağa qərar verdilər. Bu, kənardan idarə olunan iki robotdan  ibarət idi. Uşaq öz robotunu idarə edə bilirdi və  onun robot rəqibi videokasetdən gələn siqnallarla idarə olunurdu.
Məlumat üçün bildirək ki, Nolan Buşnel ümumilikdə iyirmidən artıq  şirkətin əsasını qoyub. Təsadüfi deyil ki, dahi ixtiraçı və biznesmen Nolan Buşnell “Newsweek” jurnalı tərəfindən tərtib olunan Amerikanı dəyişdirmiş əlli insan siyahısında yer alıb.

Maraqlı ola bilər: Silikon Vadisinin ilk milyarderi

ictnews