Məşhur bençmark saytı olan Geekbench-in məlumatlar bazasında Samsung şirkətinin yeni smartfon modeli Galaxy A80 barəsində məlumatlar aşkar edilib. Bu barədə Gagadget saytı xəbər verib, Geekbench-in məlumatlar bazasında sözügedən smartfon SM-A805F model nömrəsi ilə qeyd edilib. Bundan əlavə olaraq smartfonun bəzi özəllikləri barəsində məlumatlar da öz əksini tapıblar.
Beləliklə Geekbench testlərindən keçmiş Galaxy A80 modeli Snapdragon 6150 prosessoru (bu, Snapdragon 675 prosessorunun kod adıdır), 8 GB RAM ilə təchiz olunub və Android Pie əməliyyat sisteminə sahibdir. Bu prosessor sayəsində Galaxy A80 smartfonu birnüvəli testdə 2488 xal, çoxnüvəli testdə isə 6732 xal toplayıb. Bir sıra mənbələrin verdikləri məlumatlara əsasən Galaxy A80 smartfonu əslində Samsung şirkətinin heç də yeni modeli deyil. O sadəcə olaraq adı dəyişdirilmiş həminki Galaxy A90-dır.
Əgər bu məlumat həqiqətən də belə olsa deməli smartfon heç bir çıxıntı hissəyə sahib olmayan 6.7 düym OLED ekran, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası, 3700 mAh enerji tutumlu batareya və fırlanma özəlliyinə sahib ikili ön kamera ilə təchiz olunmalıdır. Güman olunur ki, smartfon Samsung şirkətinin sabahkı tədbirində Galaxy A60 və Galaxy A70 ilə birlikdə təqdim olunacaq.